Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardı

gomrukdeki-tanislarina-guvenirdi
Oxunma sayı: 6839

Gömrük əməkdaşının iştirakı ilə törədilmiş daha bir qaçaqmalçılıq cinayəti üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dəfə üç nəfər-baş gömrük inspektoru Tural Nəsibov, Cavid Babayev və Tehran Ramazanov mühakimə edilib. Onlardan yalnız sonuncu azadlıqda olub.

İstintaqla müəyyən olub ki, Cavid Babayev Tural Nəsibovun doğma dayısıdır. Cinayət planı da əvvəlcə dayı ilə bacıoğlu arasında qurulub.

Tural dayısını inandırıb ki, Rusiyadan ölkəyə dərman vasitələri, aksizsiz siqaretlər və digər mallar gətirməklə yaxşı qazanc əldə etmək mümkündür. O, Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda böyük inspektor işlədiyini əsas gətirərək dayısını malların ölkəyə keçirilməsində heç bir problem yaranmayacağına inandırıb.

Bu işdə qohumlara yük maşını sürücüsü Tehran Ramazanov da kömək edib. Onlar arasında razılaşma Bakıda restoranların birində əldə olunub. Razılaşmaya əsasən, xaricdə dərman və digər malların alınmasını Cavid, onların yük avtomobili ilə sərhəddən keçirilməsini Tehran, gömrükdən maneəsiz buraxılmasını isə Tural Nəsibov təşkil etməli imiş.

Planlaşdırıldığı kimi 2024-cü ilin yayında şimal istiqamətindən yük avtomobili ilə gətirilən mallar gömrük orqanlarına bəyan edilmədən ölkəyə keçirilib. Lakin maşın rentgen yoxlamasına yönləndirilərkən cinayət planı ifşa olunub. Həmin vaxt Tural Nəsibov maşının rentgen yoxlamasının gecikdirilməsi və ya ümumiyyətlə, keçirilməməsi üçün gömrükdə çalışan tanışlarından xahiş etsə də, müsbət cavab ala bilməyib. Yoxlama zamanı gizlədilmiş bütün mallar aşkar edilərək müsadirə olunub.

Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilib. 

Əsas təşkilatçı olan Tural Nəsibov ittihamla razılaşmasa da, bir çox epizodlar Tehranın etirafedici ifadələri əsasında təsdiqlənib.

Tehran ifadəsində deyib ki, o, yük avtomobili sürücüsü kimi Dağıstandan aldığı yükləri Azərbaycana daşıyırmış. Turalla isə bu hadisədən təxminən bir ay əvvəl tanış olub. Sonuncu dəfə gətirdikləri yükün qanunsuz olduğunu ona nə malı maşına yükləyərkən Cavid, nə də Tural deyib. Bundan yalnız gömrükdə saxlanılarkən xəbər tutub.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamlar şahidlərin ifadələri ilə də təsdiqini tapıb. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nəsibov 6, Cavid Babayev və Tehran Ramazanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu vaxta qədər azadlıqda olan Tehran Ramazanov məhkəmə zalında həbs edilib.

Sail Ağasəlim