“Gülər Əhmədova YAP-ın sevimlisi idi”

guler-ehmedova-yap-in-sevimlisi-idi-
Oxunma sayı: 685

Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin videomaterialları əsasında, haqqında cinayət işi başladılmış sabiq millət vəkili Gülər Əhmədovaəhəbs olunub. Bir vaxtlar G.Əhmədova ilə münasibətləri gərgin olan keçmiş millət vəkili, YAP üzvü, professor Əli Əlirzayevlə söhbətə bu mövzudan başladıq.

- Cinayət hadisəsi baş verib, prokurorluq araşdırma aparıb və nətəcədə həbs-qətimkan tədbiri seçilib. Yəqin ki, Gülər Əhmədovanın cinayət tərkibli bir əməli var ki, onu həbs ediblər. Hazırda o, dələduzluqda ittiham olunur. Ola bilsin ki, istintaq zamanı başqa məsələlər də ortaya çıxsın. Bilirsiniz, bu, elə də kiçik məsələ deyil. Bütün dünyaya da bəlli oldu ki, Azərbaycanda belə bir deputat var və filan işlə məşğul olub. Ancaq nə qədər ki, məhkəmənin qərarı yoxdur, heç kimə cinayətkar demək olmaz.

- Bir vaxtlar partiyadaşınız olan Gülər Əhmədova ilə aranızda qarşıdurma var idi...

- Bəli, onunla mənim aramda rəqabət olub. Sonuncu dəfə o da, mən də deputatlığa namizədliyimizi irəli sürmüşdük. Amma zirək, işdüzəldən, fəal adam idi. YAP-da da, yuxarılarda da qəbul olunurdu, dəstəklənirdi. Lakin YAP-ın yaranmasında onun heç bir rolu olmayıb. Siyasi rəhbər kimi sinəsini irəli verənlərdən də deyildi. Hazıra nazir olub, əsl əziyyəti olanlardan da çox xeyir görüb. Ancaq mən də hesab edirəm ki, onun həbsi siyasi məsələ deyil.

- Axı, Gülər Əhmədova siyasi partiyanın nümayəndəsi, deputat idi və cinayət hadisəsinin də motivi mandat alveridir. Ќiyə bu, siyasi məsələ olmasın?

- Bu, sadəcə olaraq, bir nəfərin pul qazanmaq yoludur. İşin arxasında da maliyyə dayanır. İstənilən deputat hər hansı bir iş görürsə, bu, o demək deyil ki, siyasətlə məşğuldur. Düzdür, Milli Məclisin işində iştirak edir, siyasətlə məşğul olur, amma cinayət törədirsə, rüşvət alırsa, dələduzluq edirsə, bu, artıq başqa məsələdir.
Əgər hakimiyyət təmsilçisi kimi başqa ölkədə Azərbaycanın mənafeyini satsaydı, milli maraqlarımıza zidd bəyanatlar versəydi, yaxud daxildə hansısa qanunsuz qruplaşmalara qoşulsaydı, onda bu məsələni siyasi hadisə kimi qiymətləndirmək olardı.
Amma demək istəyirəm ki, Gülər Əhmədova YAP-ın sevimlisi idi. Onun elədiyi hərəkət partiyanı ləkələdi. Bu hərəkət siyasi xarakterli olmasa da, tamahla, pul qazanmaq istəyi ilə bağlıdır. Bəli, Gülər Əhmədovanın hakim komandada nüfuzu var idi. Əgər onun nüfuzu olmasaydı, o qədər böyük işlərə baş qoşmazdı, nüfuzu olmayan deputat mandat bazarlığında getməzdi. Hara gedirdi, onu hörmətlə qarşılayırdılar, qapılar üzünə açıq idi. O vaxt mən də deputatlığa namizəd idim, onu gətirib mənə alternativ elədilər, arxasında dayandılar və bu yolla deputat oldu.

- Gülər Əhmədovanı dəstəkləyib deputat seçdirənlər kimlər idi?

- Onların kim olduğu bəllidir. O vaxt mən, YAP-ın siyahısından kənar namizədliyi vermişdim. Bəzi YAP-çılara namizədliklərini verdiklərinə görə təzyiq elədilər, partiyadan çıxardılar, amma mənə hörmət naminə partiyadan çıxarılmadım.
Partiya rəhbərliyindəkilər hesab elədilər ki, Gülər Əhmədovanın deputat olması mənim deputat olmağımdan daha yaxşıdır. İndi isə Gülər Əhmədova partiyanın əleyhinə açıqlamalar verir. Unudur ki, YAP olmasaydı, ona dəstək verlməsəydi, heç vaxt deputat ola bilməzdi.

- Uzun illərdir ki, hakim partiyanın üzvüsünüz, deputat olduğunuz dönəmlərdə YAP daxilində baş verənlərə daha yaxşı bələd oldunuz. İndi də analoji proseslər gedirmi, yəni, hansısa şəxslər, kimlərinsə dəstəyi ilə önə çıxırmı?

- Hər bir partiyada belə adamlar var və eyni proseslər gedir. Dələdzuluq elə bir əməldir ki, istənilən məkanda ortaya çıxa bilər. Hər bir adamın pul qazanmaq istəyi var və məqamı çatanda çoxları tamahını saxlaya bilmir. Gülər Əhmədova da öz tamahını saxlaya bilməyib, belə bir addım atmışdı.

- Amma mandat bazarlığına getmək adi dələduzluq hadisəsi deyil...

- Sizinlə tam razıyam. Əgər kimsə mandat bazarlığına gedirsə, deməli, onun kimisə deputat seçdirmək imkanları var, yaxud da belə bir imkanı olan şəxslərlə əlaqəsi mövcuddur.
Mən professoram, illərimi elmə, təhsilə vermişəm, amma adi laborantı işə götürə bilmirəm. Hətta cəhd edib, kiməsə desəm ki, bu işi görmək istəyirəm, mənə inanmazlar. Deputat olanda da, təxminən, imkanlarım bu səviyyədə idi.
Milli Məclisin üzvü olanda məmurlar məni qəbul eləmirdi, amma Gülər Əhmədova bəzi nazirlərin qapısını ayağı ilə açırdı. Bütün bunların hamısı onun şəxsi keyfiyyətlərinə, bacarığına görə olmurdu. Ona dəstək verənlər var idi deyə, bir çox məsələlərdə iş aşırmağı bacarırdı. O vaxtlar Gülər Əhmədovaya "bərkgedən" deyirdilər. Heç kim onun qarşısına çıxıb bir söz deyə bilmirdi, amma mən heç vaxt onun qarşısından çəkilməmişəm. Deyirdim ki, Gülər Əhmədova kimdir ki, YAP-ın qurucuları, Heydər Əliyevin əsas silahdaşları ondan aşağıda tutulur? Mən o zaman bu barədə çox demişəm, rəhbərliyin yanlış mövqedə olduğunu bəyan eləmişəm, amma artıq bu barədə danışmaq istəmirəm.

- Necə düşünürsünüz, Gülər Əhmədovanın həbsindən sonra proses hansı istiqamətə gedə bilər?

- Bu, istintaqın gedişindən asılı olacaq. Əgər əlavə faktlar, sübutlar ortaya çıxacaqsa, məsələ daha da genişlənə bilər. Hələlik fakt odan ibarətdir ki, həmin cinayət hadisəsi Gülər Əhmədova tərəfindən törədilib.
Onu da deyə bilərəm ki, Gülər Əhmədova hakimiyyətin nüfuzlu adamlarının yanında təcrübə toplamış şəxsdir. Yəni, o, sadə adam deyil. Kimisə deputat seçdirmək məsələsi də sadə dələduzluq sayılmır. Bu, Gülər Əhmədovaya bu işdə etimad göstərildiyini sübuta yetirir.
Elşad Abdullayevin özü də xırda adam deyildi. O, Gülər Əhmədova ilə mandat söhbəti edirsə, deməli, tərəflər bir-birlərinin nəyə qadir olduqlarını biliblər.

- Əli müəllim, neçə müddətdir ki, siyasi fəaliyyətdən kənardasız. Kənardan baxıb, YAP-ın vəziyyətini necə qiymətləndirirsiniz?

- Təəssüf ki, indi YAP-ın əvvəlki nüfuzu yoxdur. Gülər Əhmədova məsələsi hakim partiyanın nüfuzuna xələl gətirdi. Mənim kimi bir adamı Gülər Əhmədovanın ayağına verəndə, nəticəsi belə də olmalı idi. Mən, bəlkə də canımdan keçərdim, amma partiyamın təəssübünü çəkərdim, ona xələl gətirəcək hərəkət eləməzdim. Amma bunlar qiymətli adamları onun-bunun ayağına verdilər, axırda da belə vəziyyət yarandı.
Gülər bu cinayəti edib, başqaları da digər cinayəti törədib. İcra baçşılarının, başqa məmurların da qanunsuz əməlləri, özbaşınalığı hamıya məlumdur. Ona görə də, kadr seçəndə diqqətli olmaq lazımdır. Kim kimə yaxındırsa, kimin yuxarıda dəstəyi varsa, irəli çəkilir, vəzifəyə qoyulur...
Hamı pul qazanmaq istəyir. Mən də yaxşı yaşamaq üçün daha çox işləyirəm, əziyyət çəkirəm, amma bunlar qısa müddətdə, asan yolla varlanmağa çalışırlar. Ona görə də, mən hamının mal varlığının yoxlanılmasının tərəfdarıyam ki, görək, kim, hansı yolla böyük imkanlar əldə edib. Ќecə olur bir deputatın milyonu var, o biri deputatın, elmlər doktoru, professorun çantasından başqa bir şeyi yoxdur?

- Prezidentin sədrliyi ilə keçirilən son iclasda məmurlara sərt xəbərdarlıq edildi. Bundan sonra hansısa dəyişikliklər gözləyirsiniz?

- Görünür, prezidentə də xəbər çatıb ki, cəmiyyətdə vəziyyət gərginləşib, narazılıq artıb. Ona görə də, ölkə başçısı haqlı olaraq məmurlara sərt xəbərdarlıq elədi. Hesab edirəm, bu, artıq bir konseptual yanaşmadır ki, biz bu yolla getməməliyik. Ona görə də, yeni mexanizm müəyyənləşməlidir. Yəni, kimisə həbs etməklə nəyəsə nail olmaq mümkün deyil. Rüşvət və korrupsiyaya qarşı da bu yolla mübarizə effekt verməyəcək. Bunlar iqtisadi yolla tənzimlənməlidir.
Kadr islahatı da olduqca vacibdir. Bir adam ki, 13-14 il nazir ola, bir məmur ki, 10 ildən artıq bir vəzifədə qala, o, artıq laborantı ilə də korrupsiyaya qoşulacaq. Odur ki, nazir və komitə sədrlərindən tutmuş, əsas vəzifələrdəki şəxslərin ən azı yerlərini dəyişmək lazımdır.

- Sözünüzdən belə çıxır ki, iqtisadi, siyasi, kadr islahatı aparılmalıdır?

- Bəli. Hərtərəfli islahatlar aparmaq, nəzarəti artırmaq lazımdır. İslahat elə bir məfhumdur ki, zaman keçdikcə yeniliklər edilməlidir. Elə eləmək lazımdır ki, Azərbaycan daim yenilənən, ədalətli bir ölkə olsun. Bunun üçün həm iqtisadi, həm siyasi, həm də hüquqi islahatlar aparılmalıdır.

- Konkret hansı sahələrdə islahatları vacib sayırsız?

- Mənim səlahiyyətim yoxdur, ona görə də heç kimə məsləhət vermək istəmirəm. İndi durub resept versəm, deyəcəklər ki, Əli müəllimin də başı xarab olub. Amma özəlləşmə düzgün olmalı, mülkiyyət hüququ tam təmin edilməli, sənaye potensialı inkişaf etdirilməlidir. Eyni zamanda, Bakı şəhərini sadələşdirmək lazımdır. Bura o qədər qarışıb ki, artıq yaşamaq mümkün deyil.

- Ölkənin iqtisadi vəziyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycanın ümumi iqtisadi göstəricilərinə baxdıqda, görürsən ki, inkişaf var. Başqa ölkələrdə böhran olduğu halda, bu, Azərbaycanda ciddi şəkildə hiss edilmədi. Amma problemlər də mövcuddur. Sosial müdafiə məsələləri, məşğulluq problemləri qalmaqdadır. İnhisar var və bu, iqtisadiyyatın inkişafına ciddi təsir edir. Vergi, gömrük orqanlarının fəaliyyəti sadələşdirilməlidir, iqtisadiyyat müəyyən mənada liberallaşmalıdır...

- Amma Azərbaycandakı inhisarın başında məmurlar dayanır. Bu barədə nə deyə bilərsiniz?

- Düzdür, Azərbaycandakı inhisar sahibkarlığa müdaxilə nəticəsində yaranır. Ancaq mən deməzdim ki, inhisarı yalnız dövlət məmurları yaradırlar. Burada başqa məqamlar və başqa dairələrin də rolu var. Hesab edirəm ki, ölkə iqtisadiyyatı liberallaşarsa, müdaxilələr azalarsa, problemlər öz həllini tapar. /reytinqinfo.az/