FIFA-nın baş əməliyyat direktoru Kevin Lamur FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının bir hissəsinin özəl investorlara satılması planını açıq şəkildə tənqid etdikdən sonra işdən çıxarılıb.
“Qafqazinfo”nun xəbərinə görə, Lamurun FIFA-dan getməsi İnfantinonun DÇ ilə bağlı planının qurum daxilində ciddi narazılığa səbəb olduğu bir vaxtda baş verib.
Lamur daha əvvəl İnfantinonun planını sərt şəkildə tənqid edərək, FIFA administrasiyasının bu prosesdə “aldadıldığını” bildirib. O, İnfantinonun FIFA-ya xidmət etməli olduğu halda təşkilatın özünü təmsil etdiyini düşündüyünü də söyləyib.
Lamur iyulun 31-də verdiyi açıqlamada planı tənqid etdiyinə görə işini itirə biləcəyini də bildirmişdi: “Əgər bu, işimi itirməyim deməkdirsə, qoy belə olsun. Mən bu qərarı başa düşəcəyəm və hörmət edəcəyəm. Heç olmasa bu gecə rahat yatacağam”.
Lamurun işdən çıxarılmasının konkret səbəbi açıqlanmayıb. FIFA-nın baş katibi Mattias Qrafström əməkdaşlara elektron məktub göndərərək, onun təşkilatdan ayrıldığını bildirib.
FIFA sözçüsü isə Lamurla qurum arasındakı iş münasibətlərinin avqustun 17-də başa çatdığını təsdiqləyib.
“FIFA Kevinə iki illik xidmətinə görə təşəkkür edir və ona gələcəkdə uğurlar arzulayır. Bu məsələ ilə bağlı başqa heç bir şərh verilməyəcək”, - deyə sözçü bildirib.
Lamur təşkilatdan ayrılmasına səbəb olduğu görünən açıqlamasında FIFA əməkdaşlarının daha yaxşı münasibətə layiq olduğunu deyib: “Mənim fikrimcə, hamımız FIFA-da işləməkdən qürur duymaq istəyirik və bu gün təəssüf ki, artıq çoxumuz üçün belə deyil”.
Həmin gün İnfantinonun baş məsləhətçilərindən biri Karlos Kordeyro da prezidentin təkliflərinə etiraz edərək istefa verib.
Lamur FIFA-ya qoşulmazdan əvvəl UEFA-nın baş katibinin müavini vəzifəsində çalışıb. O, 2007-ci ildə UEFA-da fəaliyyətə başlayıb və İnfantino ilə uzun illər eyni futbol idarəetmə sistemində işləyib.
Son xəbərlər
Son Xəbərlər