İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.
“Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil”, - məlumatda qeyd olunub.
“911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək”, - ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.
***
“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, hazırda yanğınsöndürənlər yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində baş vermiş yanğını söndürməyə çalışırlar.
Məlumata görə, polislər vətəndaşları yanğına yaxınlaşmamağa çağırırlar, çünki növbəti partlayış baş verə bilər.
Təcili yardım maşınları bir neçə nəfəri xəstəxanalara aparıb. Hələlik ölənlər barədə məlumat yoxdur.
***
Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Ermənistanın Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış və yanğın nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.