“İşə qərəzli yanaşıldı, oğlumu iflic edən amnistiyaya düşdü”

ise-qerezli-yanasildi-oglumu-iflic-eden-amnistiyaya-dusdu
Oxunma sayı: 4317

İş yerində həmkarı ilə mübahisə nəticəsində şikəst qalan şəxsin anası istintaqın gedişatından narazıdır. 

İmişli rayon sakini İradə İsmayılova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, hadisə 2021-ci il sentyabrın 27-də yük avtomaşınını idarə edən oğlu Elvin İsmayılovla ekskavotor maşinisti Sirac Şirinov arasında baş verib: "Rayonun Bəciravan kəndinin ərazisində daş-qum karxanasında fəaliyyət göstərən “AZE” MMC-də ekskavotor maşinisti Sirac Şirinov oğlum - yük avtomaşınını idarə edən Elvin İsmayılovu qəsdən ekskavotorun çalovu ilə kürək nahiyəsindən vuraraq maşının kabininin üstündən yerə yıxıb. Zərbənin təsirindən E.İsmayılov “qapalı onurğa beyninin travması və onurğa beyninin ağır dərəcədə əzilməsi” ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti alıb.

Hadisədən təxminən 10-15 dəqiqə əvvəl Siracla Elvin mübahisə ediblər. Oğlum hazırda belinin onurğa sütununun, baş-beyin nahiyəsinin zədələnməsindən və ayağının hərəkətsizliyindən müalicədədir. Bu günə kimi oğlumun müalicəsinə 35 000 manat pul xərc çəksək də, səhhətində müsbət irəliləyiş yoxdur. Hazırda oğlum yataq xəstəsidir, iflic olaraq şikəst qalıb”.

Vətəndaş müraciətində onu da qeyd edib ki, hadisə ilə bağlı İmişli Rayon Prokurorluğunda Şirinov Sirac Mehman oğlu barəsində Cinayət Məcəlləsinin 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) və şirkətin rəhbəri Kamran Yahyayevin barəsində isə 162.1-ci (Əmək müqaviləsi qüvvəyə minmədən işçilərin xidmətə cəlb edilməsi) maddələri ilə cinayət işi başlanılıb.

Ana iddia edir ki, İmişli rayon prokuroru cinayət işinin istintaqını obyektiv aparmayıb: “Prokuror maddi maraq naminə təqsirkarı qoruyaraq məsuliyyətdən kənar saxlayıb. Qeyri-obyektiv araşdırma aparmaqla onların barəsində başlanmış cinayət işini amnistiyaya salaraq oğlumun qanını batırıb”.

Məsələ ilə əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətinə müraciət etdik. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı İmişli Rayon Prokurorluğunda 13 oktyabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb: “İstintaq zamanı Sirac Şirinov CM-nin 131.2-ci maddəsi ilə, Kamran Yahyayev CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və sonunculara həmin maddələr ilə ittiham elan olunub. 

07 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxslərin müraciətləri əsasında cinayət işi üzrə icraata “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilib”.

Lamiyə Məmmədova