“İstədiyim işi yataqda görə bilirəm” – Söhbət

istediyim-isi-yataqda-gore-bilirem-sohbet
Oxunma sayı: 788

Xumar Qədimova ilə söhbət:



- Birinci ondan başlayaq ki hazırda nə işlə məşğulsunuz?

- Bir az əvvəl dinlədiyimiz nəğmə artıq hazırdır. “Yarım” mahnısından sonra “Sevgi harayı” adlı yeni bir kompazisiyanın bu günlərdə təqdimatı olacaq. Mən tək deyiləm. Orda mənimlə birgə başqa sənət adamları da iştirak edəcək. Bu kompozisiyaların ardı gəlir, hamısında da Xumar var.

- Sizi son 5-6 ildir ki, müntəzəm dinləyirəm. Mənə maraqlıdır, siz kiminlə işləmək lazım olduğunu özünüz seçirsiniz?

- Mahnılarımın sözləri ilə bağlı bu sualı mənə tez-tez verirlər. Mən şairlə yox, şerlə işləyirəm. Şerə aşiq oldumsa, tərəddüdsüz ifa edirəm.

- Sadəcə şer oxumaq üçün, yoxsa bəstələmək üçün mütaliə edirsiniz?

- Ümumiyyətlə, poeziya vurğunuyam.

- Kimləri oxuyursunuz?

- Hamını: Nəsimini, Füzulini, Mikayıl Müşfiqi, Rəsul Rzanı, Səməd Vurğunu, Məmməd Arazı, Ramiz Rövşəni. “Atam oğlu az çapala, Sən deyən çətin tapıla. Bu Xumarı kim apara, Xumar olmayan yerə”. Xeyri yoxdur, belə deyəcəm. Bu Ramizi deməyəcəm.

- Deməli oxuyursunuz və bəstələmək üçün uyğun şeri tapırsınız.

- Bəzən elə-belə vərəqləyirəm və birdən bir şerə aşiq oluram. Məsələn, bir neçə ay əvvəl “Mən su daşıyıram qırıq səhəngdə” fikri mənə o şeri nəğməyə çevirməyə sövq etdi. “Dünyanı görürəm mən iki rəngdə, Musiqi dinlərəm eyni ahəngdə”. Yəni, yarsız dünya rəngsiz olur, musiqi də monoton eşidilir. Hətta orda nə manevr olsa da, müğənni nə etsə də, musiqini eyni cür eşidirsən, yorur səni.

- Sınıq səhəngdə su daşımaq gerçəkdən ağırdır...

- Mən Sona Vəliyevanın sərbəst vəzndə olan bir serinə kompozisiya bəstələdim. Sərbəst vəzndə olan şerə musiqi bəstələmək şox çətindir. Qəlbimin royalında bəstələmişəm onu. İnanırsiniz ki, mən heç royalın arxasına keçmədən yatağımda bəstələmişəm. “Sevgi harayı”nın ardınca bu kompozisiya gəlir. Burda da tək deyiləm, digər sənət yoldaşımın da iştirakı olacaq. Artıq ssenarimiz hazırdır.

- Biz təzə-təzə söhbətə başlamışıq. Amma siz neçənci dəfədir deyirsiz ki, mən tək deyiləm. Məm ümumiyyətlə bilmək istəyirəm ki, siz təksiniz, ya yox?

- Mən heç vaxt tək olmuram, həmişə cütəm. Vacib deyil ki, toxunulan cütlük olsun, mütləq toxunasan, mütləq yanında olsun, əsas odur ki, bütövəm, tamam.

- Təklik bəzən cazibədar olur.

- Təbii ki elədir, türk yazarlarından biri deyir ki, “qem gidirse, ağlarım, beni adam yapan o”. Hər şey qaydasında olanda heç vaxt gözəl nəğmə yarana bilməz.

- Bu gün sizin çoxluğunuzdur, bu çoxluqda özünüzü necə hiss edirsiniz?

- Əvvəla razı deyiləm ki, məndən çoxdur.

- Söhbət oxuyanlardan gedir.

- Oxuyan başqa şeydi, mən oxuyan yox, yaşayan müğənniyəm.

- Məni bilirsiniz nə maraqlandırır. İndi hamının oxumaq istədiyi, oxumağa məcbur edildiyi bir cəmiyyətdə özünüzü necə hiss edirsiniz?

- Kənarda xoşbəxtəm.

- Kənarda durmaq, özünü təcrid etmək çox çətindir axı.

- Mən bacarıram.

- Siz Azərbaycan kanallarına baxırsınız?

- Yox, inanırsınız heç özüm efirdə olanda da baxmıram. Ümumiyyətlə, televizora baxmağı xoşlamıram. Olur ki, təsadüfən yuxudan dururam və diqqətimi cəlb edəndə nəyəsə baxa bilərəm.

- Reytinqə münasibətiniz?

- Reytinq nisbi anlayışdır. Veriliş ola bilər beş adam baxar, ən maraqlı, ən gərəkli ola bilər, veriliş olar 5 min adam baxar, amma cəmiyyət üçün yarasrız olar. Mənim üçün ötəri yox, qalan dəyərlər önəmlidir.

- Hər bir yaradıcı insanın öz auditoriyası olur. Məsələn, mən jurnalistəm və öz auditoriyam var. Əkrəm Əylislini Rüstəm İbrahimbəyovdan çox sevirəm. Çünki, o da mənim kimi kəndlidir. Bu, ruh məsələsidir.

- Mən də rayonda böyümüşəm, amma Anarın əsərlərində elə bir doğmalıq, təbiilik var ki, mən öz yaşadıqlarımı, atamın dilindən eşitdiklərimi onun əsərlərində görürəm. Məsələn, elə biri Aşıq Ələsgər haqqında olan esse. Bir sözlə, ruh laməkandır, yəni mən Aşıq Ələsgəri sevdiyim kimi, Tolstoyu da sevirəm.

- Sizin öz auditoriyanızdan xəbəriniz var?

- Orda hər cür adam var. Məni ən çox ziyalılar sevir.

- Axı indi onlar azlıq təşkil edirlər?

- Biz statusdan danışmırıq, bizdə belə bir tendensiya var, filan nazir, yaxud filan nazirin oğlu filan müğənnini dinləyir, mən bunu qəbul etmirəm, çünki bu düzgün yanaşma deyil. Deməli, filan nazirin oğlu filan müğənnini dinləyirsə, onda o, yaxşı müğənnidir? Çoban olar, amma onun çox gözəl zövqü ola bilər. Yəni, zövqlər vəzifə ilə deyil, əzizim. Kimin olduğu yadımda deyil, belə bir fikir var- Dağ başında çoban gördüm, fəlsəfəsi dünya boyda. Hansısa nazirin məni dinləməsi bir halda məni sevindirə bilər ki, nazirimizdir, həm də necə gözəl ruhu var.

- Elə nazir var?

- Əlbəttə var, elə nazirlər var.

- Sizin nazirdən tutmuş çobana qədər sevən var?

- Bəli, mən onların ikisinə də eyni dərəcədə sevinirəm, zövqlərinə minnətdaram.

- Sizin işiniz çox çətindir.

- Niyə?

- Çünki, siz həm nazirlə, həm çobanla bir yerdə olmalısınız. Bu dəhşətdir.

- Niyə ki, mən sənət adamıyam, xalqa xidmət edirəm, o xalqda nazir də, fəhlə də var.

- Kimlərə qulaq asırsınız?

- Son dövrlər yunan klarnet ifaçısı kəşf etmişəm, onu çox dinləyirəm və Nikos adlı yunan skripka ifaçısı var, ifasını çox bəyənirəm və bir çoxları.

- Atı satdıq, ulaq aldıq, Yəhər oldu palan dünya, dəhşət misralardır.

- Əlbəttə, şah Şəhriyardandır. İnsan fəlsəfəsi həmişə maraqlıdır.
Nənə qarnı ilk beşiyi,
Qəbirstanlıq son deşiyi,
Nə içəri, nə eşiyi,
Qaranlıq bir dalan dünya.

- Siz mənim nadir müsahiblərimdənsiniz ki, yanınızda başqa birindən danışmaq istəmirəm.

- Danışdın axı.

- Bütün bunlar sizi öyrənmək üçündür. Çinlərin belə bir misalı var, deyirlər sən başını aşağı sal işini gör, hər kəs səni görəcək.

- Ramiz Rövşən deyir ki, hamı gəlir mənə sarı, Mən durmuşam yerimdə. Mən heç işlərimi də hay-küylə görmürəm. Belə bir kəlam var, “Sükutumuzu anlamayan, danışmağımızi heç anlamaz”.

- Sizin haqqınızda təxminən 6-7 il əvvəl bir köşə yazısı oxumuşdum.

- Köşə yazarlarını, demək olar ki, hamısını oxuyuram.

- Seymur Baycanın yazdığını deyirəm.

- Seymur istedadlı yazıçıdır. (gülümsəyir) O yazıdakı bir fikri indi də xatırlayıram- Xumar Qədimova yarasadır, o görmür, hiss edir.

- Oxudum və fikirləşdim ki, Seymur mənim kimi düşünür.
Gəncləri oxuyursunuz?

- Əksəriyyətini oxuyuram, sevdiklərim də var, amma adlarını çəkməyəcəm.

- Niyə?

- Şəxsiyyətlərinə bələd deyiləm.

- Mənə əməkdar jurnalist adı versələr, o qədər də maraqlı gəlməz, siz necə düşünürsünüz?

- Artıq, özün cavabını verdin. Əsas sevilməkdir, məncə ondan gözəl heç nə yoxdur. Müğənni sənətə, səhnəyə bir iddia ilə gəlməlidir-sevilmək.

- Barış Mançonun bir ifasını dinləmişdim “Domates, bibər, partlıcan”.

- “Arkadaşım eşşək” mahnısı da var.

- O qədər möhtəşəm ifa etmişdi ki, düşündüm görəsən bizdə kimsə badımcana aid mahnını bu qədər sevdirə bilərmi? Sonra isə sizin “Kərtənkələ” mahnınızı dinlədim. Demək istəyirəm ki, Barış Mançodan sonra sizin ifanızı bu qədər ağır yaşamışam. Məncə elə biz özümüz də kərtənkələyik.

- Əslində mahnı orijinalda – kərtənkələyik- deyə oxunur. Mən tək halda oxumuşam və nəğmədə sevgidən bəhs olunur.

- Sizin işlərə tez-tez don geyindirilər?

- Nəğmələrimə ola bilər. Bilirsiniz, heç boxçamda nələr var? Yəni, onu deyirəm ki, don geyindirənlər də heç boş-bekara qalmayacaqlar.

- Kiminlə oturub-durursunuz?

- Özümlə.

- Qohum-əqraba sizi narahat etmir?

- Mən onları narahat edirəm. Yəni, sevgimlə, diqqətimlə.

- Maykl Cekson, Hyuston dünyasını dəyişəndə şoka düşdüm və düşündüm ki, Amerikalılar ölümlərilə də bizdən fərqlənirlər. Sizə necə təsir etdi?

- Maykl Ceksondan da çox Hyustononun ölümünə təsirləndim. Məşhur filmin xatirəsi var. Mən xatirələrə çox dəyər verirəm. Ölüm haqda danışmaq çox çətindir. Heç kim bilmir onu nə gözləyir. Şəxsən mən ölümümü də qısqanıram. Daha doğrusu, belə xəbərin manşetə çevrilməsini qısqanıram. Əlimdə imkan olsa, hətta ölümümdən insanların xəbərsiz olmasını arzulayaram.

- Mən sizin yaşayacağınıza əminəm. Sizi itirməyə də hazıram. Amma əminəm ki, siz yaşayacaqsınız. Mən fiziki amilləri nəzərdə tutmutam. Özündən razılıq kimi səslənə bilər, amma hesab edirəm ki, kimi dinləyirəmsə o, mütləq yaşayır. Məsələn, mənim üçün Əhməd Kaya ölmür. Maşınımda onunla sizin diskləri yanaşı qoyuram, sizi qovuşdururam.

- Nə yaxşı, hiss etmisən ki, nəğməsini oxuyacam.

- Mən bu sözü nəhayət Azərbaycanda birinə deyə bildim. Siz mənim üçün Əhməd Kayasınız. Mənə elə gəlir ki, Əhməd Kayası olan xalq xoşbəxtdir. Ərdoğan belə onu dinləyəndə ağlayır.

- Mən baxmışam ona, hətta Ərdoğan onun mahnılarını əzbərdən oxuyur. Mənim üçün də çox dəyərlidir.

- Qoy bu müsahibə bir jurnalist kimi mənim fikrimlə bitsin. Mən sizi sevmişdim, amma indi vuruldum.

Elbrus Ərud