Kirayəhaqları üzrə gəlir vergisi 10%-ə endirilir - Yenilənib

kirayehaqlari-uzre-gelir-vergisi-10-e-endirilir
Oxunma sayı: 1781

“Fiziki şəxslər üçün kirayəhaqları üzrə gəlir vergisi 14%-dən 10%-ə endirilir. Artıq kirayə bazarlarında 2 istiqamətdə tədbir nəzərdə tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Vətəndaşların özü vergi uçotuna düşmək istəmir. Ancaq kirayə gəlirlərindən vergi vermək istəyirlər. Qanunda şərait yaratdılar ki, özləri agent təyin etsinlər və öz vergilərini bu agentlər vasitəsilə yerinə yetirsinlər. İkinci addım isə məhz dərəcənin azaldırması idi. Yəni vergi dərəcələri 14%-dən 10%-ə endirilir. Təklif kirayə bazarının stimullaşdırılmasına xidmət edir”, - Nicat Rəhimov bildirib.

***

Deputat Vüqar Bayramov isə bildirib ki, fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində verginin 14 faizdən 10 faizə endirilməsi müsbət haldır:

“Bununla belə, kirayə müqavilələrin rəsmilləşdirilməsinə vergiqoymanın ciddi təsir etməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var.

Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Bu baxımdan verginin 5 faizə endirilməsini təklif edirəm”.

Nuranə Daxilqızı