Kofeşopdan foto paylaşdı - Klubu onu AFFA-ya şikayət etdi

kofesopdan-foto-paylasdi
Oxunma sayı: 1239

Azərbaycan  Birinci liqa təmsilçisi “Difai” klubu futbolçusu Sadiq Məmmədzadədən AFFA-nın baş katibi Cahangir Fərəcullayevə şikayət göndərib.

“Qafqazinfo” Sport1.az saytına istinadən xəbər verir ki, klub U-21 millimizin üzvünü intizamsızlıqda günahlandıraraq belə addım atıb. 

Məktubda futbolçunun millinin düşərgəsindən qayıtdıqdan sonra etdikləri peşəkarlığa yaraşmadığı bildirilib: “U-21 yığmamıza dəvət alan Sadiq Məmmədzadə milliyə çağırıldıqdan sonra özünü nəinki nizam-intizamsız aparmağa, eyni zamanda komandadan üstün saymağa, hörmətsizlik etməyə başladı.

Belə ki, I Liqanın 13-cü turunda “Şahdağ Qusar” ilə oyuna 06/02/2026-cı il tarixində komandanın yığışmalı olduğu vaxtdan 40–45 dəqiqə gec gəlmiş, gəldikdən sonra komandanın təyin etdiyi sarı köynəyi geyinmək istəmədiyini bildirmişdi. Məşqçilərin təkidi ilə sarı köynəkdə oyuna çıxan S. Məmmədzadə komanda ilə şəkil çəkdirməkdən imtina etmiş, qapı istiqamətinə gələn bütün toplara demək olar ki, heç bir reaksiya verməyib. Bununla da komandanın 0:4 hesabı ilə məğlub olmasına şərait yaradıb.

Gənc və perspektivli olmasını nəzərə alaraq, məşqçilər onunla müvafiq söhbətlər aparıb. I Liqanın 14-cü turunda, 13/02/2026-cı il tarixində, eyni şəkildə komandanın yığışmalı olduğu vaxta gəlməməsi səbəbindən artıq komanda onu gözləməyib və öz hesabına birbaşa oyuna gəlməsi tapşırılıb. S. Məmmədzadə komanda onu gözləmədiyi üçün geri qayıtdığını, yalnız onu təmsil etdiyi menecer şirkətinin müdaxiləsindən sonra oyundan sonra gəldiyini bildirib. Menecerin S. Məmmədzadənin gələcək karyerasını nəzərə alaraq təlim-tərbiyəsini düzəldəcəyi vədi ilə ona daha bir şans verilib.

I Liqanın 16-cı turunda 25/02/2026-cı il tarixində “Şəfa”ya qarşı oyunda yol verdiyi kobud və anlaşılmaz səhvlər bütün bunların yalnız səhv olmadığı, bilərəkdən edildiyi və araşdırılmasına ehtiyac duyulduğu məqamlar kimi tərəfimizdən qiymətləndirilib.

Bununla bağlı keçirilən iclasda S. Məmmədzadəyə iki turda milli komanda deyil, heç həvəskar liqa qapıçılarının belə etmədiyi səhvlərlə 12 (on iki!) top buraxmasının şübhə doğurduğu və araşdırılması üçün zəmin yaratdığı bildirilib. İclasdan sonra S. Məmmədzadə bir daha bu cür hərəkətlərə yol verməyəcəyi, nizam-intizam qaydalarına tam və ciddi riayət edəcəyi barədə vəd verdi.
Milliyə növbəti dəvətdən sonra, I Liqanın 20-ci turunda 02/04/2026-cı il tarixində keçiriləcək “Zaqatala” ilə oyuna komanda ilə getməyə çatdırmadığı və Azərbaycana 01/04/2026-cı il tarixində geri döndüyü üçün S. Məmmədzadə ilə məşqçi danışdıqdan sonra 01/04/2026-cı il tarixinə 64 saylı Bakı–Balakən sürət qatarına bilet alınıb.

01/04/2026-cı il tarixində saat 18:20-də “WhatsApp” tətbiqi ilə S. Məmmədzadə klub prezidentinə zəng edərək “işinin çıxmasını” əsas gətirib qatarla gələ bilməyəcəyini, səhər saatlarında Bakı–Zaqatala istiqamətində hərəkət edən taksi ilə gələcəyini bildirib.

Komandanın məşqçisi Davud Əsgərov saat 13:50 radələrində təyin olunmuş iclasa qədər gəlməli olduğunu S. Məmmədzadənin diqqətinə çatdırıb. Lakin S. Məmmədzadə nəinki qeyd olunan vaxta Zaqatalaya gəlməmiş, inzibatçı və məşqçinin dəfələrlə etdiyi telefon zənglərinə cavab verməyib, saat 16:40 radələrində “yatıb qaldığını” bildirib.

İdmançı milli komandada yetişmir, klubda yetişir. Milliyə layiq olduğunu sübut edir. Yalnız Azərbaycanda deyil, bütün dünyada ilk növbədə təmsil etdiyi komandanın şərəfini layiqincə qoruyan idmançılar milliyə dəvət alırlar. “Çox yorğun olduğunu” əsas gətirən, komandanın mənafeyini heçə sayan, saat 20:00 radələrində “Instagram” səhifəsində kofe-şopdan şəkil paylaşan idmançının millinin şərəfini layiqincə qoruyacağına inanmırıq.

Milli komanda düşərgəsindən eyni şəkildə “Zaqatala”nın futbolçusu Okan Təhməzli də qayıtmışdı. Qeyd olunan futbolçu oyunun 2-ci hissəsində oyuna daxil oldu. Bu, həmin oyunçunun peşəkarlığını, klub və milli qarşısında olan öhdəliklərinə sadiq olduğunu göstərir.
Yığma hər birimizin ortaq dəyəridir və onun uğurları üçün bütün klublar səy göstərməlidir. Bu səbəbdən klubda qeyri-peşəkar, nizam-intizamsız davranan bir şəxsin millinin şərəfini qoruyacağına şübhə edirik.

13-cü və 20-ci turlarda keçirilən oyunlar zamanı S. Məmmədzadə tərəfindən komandanın bilərəkdən uduzdurulması istiqamətində hərəkətlərinin ciddi araşdırılmasını xahiş edirik”.