“Mən nurçu deyiləm” – Müsahibə

men-nurcu-deyilem-musahibe
Oxunma sayı: 775

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “Qafqazinfo”ya müsahibəsi

- Gəlin müsahibəyə son günlərin ən aktual məsələsi ilə başlayaq. Quba və Qubada baş verən hadisələr...

- Qubada baş verənlər əslində təəccüblü bir şey deyildi və gözlənilən hadisələr idi. O baxımdan ki, bu üslub, jarqon Azərbaycanda olan icra başçılarının bəlkə də 50%-nin üslubudur. Təyin olunan şəxslərin tərcümeyi-halına diqqətlə baxılsa tamamilə açıq-aydın görmək olar ki, harada natamamlıq var. Məsələn, Azərbaycanda bunu yoxlamaq üçün, biz deputatlar daha yaxşı bilirik ki, hansı İcra başçısı ilə əlaqə yaratmaq mümkündür. Elə icra başçısı var ki, onunla bu mümkün deyil və elə üslubda danışırlar ki, sanki Azərbaycanda hakimiyyət bölgüsünü anlamırlar. Bir çox məsələlərdə problemi başa salmaq çətin olur. Qubada həm də sosial narazılıq var idi. Bunların hamısı Azərbaycanda statistika yalanının sonu olmadığını göstərir. Yəni ölkədə işsizlik və yoxsulluq kifayət qədər yüksək səviyyədədir. Bunu müəyyən dərəcədə gizlətməklə hər hansı bir nəticəyə nail olmaq mümkün deyil. Hətta ölkədə korrupsiyanın səviyyəsi o həddədir ki, Koroğluya heykəl qoyublar, yəqin siz görmüsünüz. Koroğlunun misri qılıncı əyri qılınc idi. İndi Koroğlunun qılıncına Avropa qılıncı qoyublar. Yəni burada da yeyinti, cəmiyyəti aldatma əlamətləri görünür. Əslində Koroğlu Azərbaycanın xalq qəhrəmanı olmağa layiq deyil. Bütün kompanentlərlə, Koroğlunun üslubu, cəmiyyətə qarşı qurduğu sistem, düzən pozucu fəaliyyəti bir dastan kimi gözəl dastandır, amma qəhrəman olaraq Azərbaycan xalqına layiqli qəhrəman deyil. Bunlar olduqca ciddi məsələlərdir. Quba hadisələrində də Quba əhalisinin yaşayış problemi var, öz məhsulunu satmağa imkan verilmir, bütün qapılar bağlı, əhali işsizliyin əlindən artıq zinhara gəlib və sonda da bu cür kəskin nəticələr ortaya qoyulur. Hakimiyyət bu olanlardan ibrət götürərək dərhal islahatlara getməlidir. İslahatların hər gün ləngiməsi böyük problemdir. Təəssüf ki, hakimiyyət korrupsiya ilə bağlı hay-küylü kampaniyaya başladı və bu kampaniyadan o tərəfə getmədi. Çünki bəlli nöqtələr var ki, onların toxunulmazlığı aradan qalxmalı idi. Bunu edə bilmədilər. Bu səbəbdən artıq korrupsiya ölkəni çürütməyə gətirib çıxarıb.

- Quba İcra Başçısının videosu internetdə noyabr ayından yayılmışdı. Bu hadisə isə martın 2-də baş verdi. Bu hadisənin baş verməsi üçün niyə aradan bu qədər vaxt keçdi? Həbibovun xanımı jurnalistlərə açıqlamasında deyib ki, bu hadisələri törədənlərin qubalılar olduğunu deyirsiniz, amma burada olan maşınların əksəriyyəti Bakıdan gəlmişdi. Doğurdanmı bu öncədən planlaşdırılmış iş idi?

- Bilirsinizmi, bu hadisə başqa rayonlarımızda da baş verə bilər. Eyni zülm, insanlara qarşı eyni münasibət hər rayonda var. Məsələn, rayon var ki, keçmiş icra başçısına pul verib mağaza açıb. Təzə icra başçısı gəlir, orada söküntü işləri aparır və sahibkarın sonuncu qəpiyinə kimi əlindən alır. Büdcənin talan olunması hər yerdə bilinən faktdır. Çox maraqlıdır ki, bu öncə Bakı şəhərindən başladı. Əvvəllər kimsə keçmiş icra başçısına pul verib müəyyən obyekt almışdısa, təzə gələn onu sökdürdü. Dedi ki, mən onun tanımıram, sərəncamını qəbul etmirəm. Artıq Azərbaycan hüququ dövlət kimi idarə olunmaqdan uzaqlaşmaqdadır. Hüquq zəmininə qaytarmaq lazımdır. Bu əvvəl-axır narazılıq simptomlarının genişlənməsinə gətirib çıxardı. Yeganə çıxış yolu səmimi şəkildə səhvləri etiraf edib, islahatlara başlamaqdır. Çünki Qubada baş verənlər Azərbaycan üçün təhlükəli yoldur. Yandırmaqla başlayan, düşmənçiliyə gətirib çıxaran, kinin qabardığı bir yol Azərbaycanı fəlakətə aparan yol olacaq. İstənilən qarışıqlıq Azərbaycanın böyük itkilərlə üzləşməsinə səbəb ola bilər. Bunu erməni də, rus da, İran da gözləyir və istənilən vaxt bu bölgədə vəziyyəti qarışdırmağa hazır olan düşmənlərimiz baxırlar.

- Fazil bəy, Qubada baş verənlər sanki ssenari üzrə qurulmuşdu. Çünki Bakıda 3 nəfər aksiyaya cəhd edirsə bildiyiniz kimi polislərin sayı onlardan dəfələrlə çox olur. Amma orada, videolarda izləmisinizsə polislər heç bir şey etmir, sanki onlara şərait yaradır.

- Rayonların idarə olunması mexanizmi yanlışdır. Bu mexanizimdə ayrı-ayrı qrupların ayrı-ayrı rayonlar üzərində hegemoniyası daha çox nəzərdə tutulub. Bu bir növ qruplar arası mübarizənin görüntüsü idi. Ola bilsin ki. burada təşkil olunmuş bəzi məqamlar var. Məndə də müəyyən şübhələr yaradır ki, birdən-birə bu qədər əhalinin ən azı hadisə baş verməmişdən öncə, mən şəxsən müşahidələrimə əsasən bilirdim ki, bir-iki günə orada nələrsə baş verə bilər. Artıq saytlarda video yerləşdirilmiş və məsələyə baxılırdı. Bu baxımdan gözlənilən idi. Əlbəttə mümkündür ki, Qubada baş verənlər hansısa qruplaşmaların başqa bir qruplaşma əleyhinə yaratdıqları olay idi. Amma bütövlükdə bu idarəetmənin fəsadından doğan bir hadisədir. Quba zəif halqa oldu. Qubada əhalinin tək ümidi alması idi, ümidi Rusiya bazarına malının çıxarmaq idi. Bu əngəllənəndə, insanlar çörəyə möhtac vəziyyətə gətiriləndə ortaya bu kəskinlik çıxır. Bu səbəbdən hadisənin mənfi tərəfini deyil, müsbət tərəfini düşünmək lazımdır. Müsbət tərəfi bu idi ki, ilk dəfə Azərbaycanda nazir çıxıb xalqdan üzr istəyirdi. Bunu ənənəyə çevirmək lazımdır. Harada səhv varsa xalqdan üzr istəmək ənənəsini gətirmək lazımdır. Mən bu səbəbdən hadisədə müsbət çalar görmək istəyirəm. Hamı bilməlidir ki, sən bu cəmiyyətin idarə olunmasında iştirak edən şəxs kimi onun qarşısında məsuliyyət daşıyırsan. Mən yenə deyirəm bu hadisələrin təkrarlanmaması üçün islahatlara gecikdirmədən başlamaq lazımdır.

- Müəyyən güc qrupları dediniz, Qubaya da Ziya Məmmədov getmişdi.

- Qubanın icra başçısının Ziya Məmmədova yaxın adam olduğu və Rauf Həbibovun vəzifəyə təyin olunmasında onun rol oynadığı hamının bildiyi gerçəklikdir. Bizdə kurator sistemi qeyri-rəsmi şəkildə mövcuddur. Qubada olan çalışmalarda, müəyyən rekanstruksiya işlərində, yolların çəkilişində və başqa məsələlərin hamısında Ziya Məmmədovun adı çəkilir.

- Yəni Quba Ziya Məmmədova sahəsinə daxildir?

- Bu reallıqda mövcuddur, rəsmi, hüquqi olaraq mövcud deyil. Bunu mövcud olması isə Azərbaycanda idarə etmə üsulu ilə bağlıdır. Bu üsul dəyişməlidir. Artıq bu idarə etmə bələdiyyələrə keçməlidir. Xalqın özünün seçdiyi, alt qatlarda yerli problemlərin həlli ilə məşğul bilən bələdiyyələrə keçməlidir. İcra strukturları ancaq hüquq-mühafizə orqanlarının fəaliyyətini koordinasiya edən, yaxud da orada olan dövlət qurumlarının fəaliyyətini koordinasiya edən quruma səviyyəsinə gətirilməlidir. Bu struktur dəyişikliyi tələb edən məsələdir. Bunu məsələni biz dəfələrlə qaldırırıq. Fəsadları ona görə ortadadır ki, icra başçısının xərclədiyi vəsaitə kimsə nəzarət edə bilmir. Başqa rayonlarda keçirilən iclaslarda çox kobud formada kiminsə ailəsini təhqir edən, kiminsə özünü təhqir edən icra başçıları da görmüşük. Özündən əvvəlki icra başçısına münasibətinin bədəlini də xalqdan ödəyənlər görmüşük. Bu məsələyə tənqidi yanaşaraq hakimiyyətdə dərs çıxaracaq və insanların bioqrafiyasına baxaraq bəlli struktura gətirəcək. Bu səbəbdən adamın bir təhsilinə baxın, keçdiyi yola baxın. Adam necə çıxış etməliydi? Əgər icra başçıları danışsalar 50% belə çıxış edəcək. Ona görə də bu yazıqları qınamalı deyil. Sadəcə kim daha çox bölgədə sakitlik yarada bilirsə, park sala bilirsə, heykəl qoya bilirsə deməli yaxşı icra başçısıdır. Kim insanla yaxşı işləyə bilirsə, ölkənin əhalisinin maraqlarını təmin edə bilirsə əslində yaxşı icra başçısı budur. Etiraf etməliyik ki, bu gün Azərbaycan kəndləri bərbad vəziyyətdədir, kəndlisi çox ağır sıxıntılar içindədir. Rusiyadan gələn vəsait olmasa Azərbaycan kəndləri tam sıradan çıxar. Kəndlər var ki, qazlaşma, su məsələsi həll olunmayıb. Regionlara ayrılan vəsait hesabına bu problemlərin hamısı həll olunmalı idi. Quba məsələləri geniş diskusiyaya səbəb olacaq və hakimiyyətdə bu məsələləri siyasi partiyalarla müzakirə etməyə maraqlı olacaq, üstünü qapatmayacaq. Bu qazanın üstünü qapadanda daha çox iy verəcək və gələcəkdə bunu fəsadını hamılıqla hiss edəcəyik. Götürək ərəb ölkələrində baş verənlər, daxildə hər hansı bir güc olmasına ehtiyac yoxdur və xarici güclər qərar verirlərsə, hansı ölkəni qarışdırmaq bunu rahatca edirlər. Suriya ordusundan güclü ordumuz yoxdur ki? Liviyada heç müxalifət yox idi. Hər şey əladır deyə özünə təsəlli vermə yolundan imtina edilməlidir və siyasi partiyalarla bu məsələnin müzakirəsinə artıq başlanmasına ehtiyac var. Yollar tapmaq lazımdır ki, ölkədə necə etmək olar ki, normal demokratik və azad sahibkarlıq mühiti yaradılmalıdır. Cəmiyyəti bu prosesə cəlb etmək lazımdır. Azərbaycan müxalifətinə münasibət dəyişilməli və onlara status verilməlidir. Müxalifəti hüquqi zəminə gətirmək lazımdır. İnanmıram ki, kimsə otursun ev yanmanı izləsin, amma hüquqdan kənar saxlayanda sonu yandırmağa gətirib çıxarır. Normal məhkəmə yaranmalıdır ki, heç olmasa gələcək məsələlər məhkəmədə hüquq zəmnində həll olunsun, yoxsa bu yandırmaların sonu hara gedib çıxaracaq? Bu fəlakətdən xəbər verir. Ona görə də bu tip məsələlərdə nəinki parlamentdən kənar, parlamentin içində olan müxalifətin fikri belə dinlənilmir. Bu çox təəssüf doğurur. Məncə, Azərbaycan cəmiyyətindən elə maraqlı, elə faydalı impulslar ala bilərlər ki, normal islahat prosesini başlamaq olar.

- Quba icra başçısının ilk videosu, yəni onun bütün bu aksiyaya səbəb olan nitqinə nəzər salsaq görərik ki, bu video tam deyil. Sanki elə yerdən kəsilib ki, heç nə anlaşılmasın. Digər yandan isə özünüzdə qeyd etdiniz ki, icra başçısı nəqliyyat naziri Ziya Məmmədovun kadrıdır. Bunu Ziya Məmmədova qarşı aşağıdan yuxarı doğru zərbə hesab etmək olar? Hər halda hamı bilirdi ki, nə etsələr qarşılarında Ziya Məmmədov olacaq...

- Mən bunu istisna eləmirəm. Mən də hesab edirəm ki, o çıxış konteksdən çıxarılan çıxış idi. Məsələ bu çıxışla müəyyən olunmur, indiyə qədərki fəaliyyətdə, əhali ilə danışıq üslubu əsasdır. Onsuzda böyük bir sərvət götürmüsən, onsuzda əhali yaxşı yaşamır, onsuzda orda olan torpaqların necə satılması hamıya bəllidir. Bu şərtlər altında belə Qubada olmağına minnətdar olduğun yoxsul, imkansız təbəqəni aşağılamaq düşüncəsindəsənsə, bu çox fərqli bir şeydir. Azərbaycanda kifayət qədər samballı icra başçıları var. Amma elə başçılar da var ki, o bölgənin ağasına çevrilir, bu ağalıq dövrü deyil axı. Onsuzda insanlar əsəbidir, iş yerləri yoxdur, yoxsulluq içindədirlər və üstəlik sənin mənəvi təzyiqin var. Azərbaycanda heç bir məhkəmədə icra başçısına qalib gəlmək mümkün deyil. Təbii ki, bu məqamlarda hakimiyyətdaxili müəyyən adamların çəkişmələrinin rolu ola bilər. Mənə də elə gəlir ki, bəlkə də o digər icra başçılarından daha layiqli fəaliyyət göstərən icra başçısı olub. Mənim bu haqda elə geniş məlumatım yoxdur, amma 3 aydan sonra bu kasetin yayılması və müəyyən mənada bu hadisələrə rəvac verilməsi qəribə gəlir. Çünki bundan daha dəhşətli proseslərin baş verdiyi bir anda, yəni mülkiyyəti alınanlar var, evləri sökülənlər var. Heç kim səsini çıxarmır. Bu baxımdan şübhəli məqamlar var. İnsanları bu qədər imtahana çəkmək olmaz.

- Deməli, belə hadisələr başqa bölgələrdə də gözlənilir?

- Təbii başqa bölgələrdə də ola bilər.

- Siz qeyd etdiniz ki, əsas problemlərdən biri də əhalinin evinin sökülməsidir. “Eurovision” müsabiqəsi ərəfəsində sökülən evlərə görə böyük gərginlik yaranmışdır. Bu insanların mülkiyyət hüququnun pozulması deyilmi?

- Bu səbəbdən də Azərbaycana xarici sərmayə neft sektorundan başqa sahələrə yatırılmır. Çünki mülkiyyət toxunulmazlığı çox qorxulu bir şeydir. Türkiyədə əgər 100 il qabaq getmiş erməninin evi qorunursa, bu Türkiyənin etibarlı bir yer olduğunu göstərir və bu səbəbdən də hamı pulunu Türkiyəyə yatırır. Bilirlər ki, Türkiyədən çıxıb getsən də, hətta düşmən olsan belə, sənin mülkünə dəyməyəcəklər. Amma Azərbaycanda bu qarantiya yoxdur, bunun olmaması da ölkəmizin ən nöqsanlı yönlərindəndir. Bu istiqamətdə prezidentimiz olduqca müasir adamdır. Xaricdə olduqca ciddi əlaqələri, təmasları olan bir kimliyə sahibdir. Amma ölkədə informasiya mexanizmləri real vəziyyətin doğru təsvir olunmasına imkan vermir. Alınan informasiyalar daha çox məmur səviyyəsindən alınır. Məmur heç vaxt təşəbbüskar, yaxud da xoşagəlməyən situasiyanı söyləməkdə maraqlı olmur. Bu zaman alınan qərar da gerçəkliyi əks etdirmir. Ona görə də ölkədə elə bir idarəetmə sistemi qurmaq lazımdır ki, siyasi partiyalar bu prosesə qoşulsun. Parlamentdə bir az deputatların hüquqlarını genişləndirmək lazımdır ki, bu fikirlər səslənsin və səslənən fikirlərə dərhal reaksiya verilsin. Sizə bir situasiyanı danışım. Mən bir deputat olaraq qaçqının problemini həll edə bilmədim və bu müsahibə vasitəsi ilə həmin qaçqından üzr istəyirəm. Həmin şəxsin Ağdamda evi dağıdılıb və 14 ildir ki, müəyyən imtiyazlarla siyahıdadır ki, elektrik enerji pulunu ödəməkdən azad olsun. Bunu siyahıdan çıxarıblar. Mən “Qaçqınkom”a (Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) müraciət etdim ki, vətəndaşın sənədləri qaydasındadır, onlar da bildiriblər ki, bu məsələnin həllinə Xətai rayon icra hakimiyyətində işləyən Faiq adlı şəxs baxır. Həmin vətəndaş Faiq adlı şəxsə müraciət edib ki, onu siyahıya salsın. Xətai rayon icra başçısına zəng vurursan yerində tapılmır, ancaq köməkçisinə demişəm ki, icra başçısına çatdırsın ki, bu vətəndaşın hüququnun pozulmasıdır. Bu Azərbaycan prezidentinin qaçqınlara olan münasibətinə adekvat münasibət deyil. Bir millət vəkili olaraq mən məmurun üzərindən keçərək vətəndaşın problemini həll edə bilmirəm. Bu məqamda vətəndaş nə etməli? Məhkəməyə müraciət etsə, onun əleyhinə qərar çıxaracaq. Biz bəzən hakimləri qınayırıq. Hakimin üzərində bu qədər nəzarət olanda necə doğru qərar çıxartsın? Tutaq ki, Əvəz Temirxan vəkil olmaq üçün müraciət etmişdi, qoymadılar. Nə olar ki, müxalifət olanda? Ya Ziyalılar Forumu ilə bağlı məsələ? Onsuzda internet əsridir. Rüstəm İbrahimbəyovun evində də keçirilsə məlumat yayılacaq, halbuki dövlət oteldə keçirilməyinə maraqlı olmalıdır ki, fərqli fikirlər desinlər. Fikirlər dinlənilmədiyi üçün Quba baş verir. Ziyalını, hamını düşmənə çevirmək olmaz. Hamının istədiyi minimum həyat şəraitini yaxşılaşdırmaqdır. Veteranlar veteran kağızını ala bilmir. Bəlkə də, 5 minə yaxın əlil özünün əlillik statusunu təsdiq edə bilmir, ona görə ki, say artmamalıdır. Ona görə bu problemlər yığışır. Elə mühit idarəetmədə yaratmaq lazımdır ki, prezident birbaşa məlumat ala bilsin, prezident real vəziyyəti ölkənin gələcəyi ilə bağlı fikirləri ala bilsin.

- Yəni bu kimi halları, əhalinin mülkiyyət hüququnun pozulduğunu prezident bilmir, amma bilməlidir?

- Bəli, tamamilə haqlısınız. Mən bilirəm ki, prezidentə kim istənilən məsələdə müraciət edirsə, dərhal reaksiya verib həll edir. Bilirəm ki, əlil adam müraciət edəndə müalicəsinə pul alır. Bu istiqamətdə addımlar atılır. Ölkədə elə mühit var ki, hamı prezidentə məktub yazır. Bir nəfər ərizələrə hansı formada cavablandırsın? Korrupsiya ilə bağlı Bakı Fəhləsi Zavodundan işçilər mənə müraciət etmişdi və mən deputat kimi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərdim. Sədr dəyişəndən sonra kim şikayət etmişdisə, hamısını uzaqlaşdırdılar. İndi bundan sonra daha kim korrupsiya ilə bağlı şikayət edəcək. Bizim istədiyimiz odur ki, Azərbaycanda hay-küysüz bir şeyi həll etməyə cəhd edək, hər şeyi qara rəngdə görən anlayışdan uzaqlaşaq. Bu idarəetmə sistemini Azərbaycanda yaxın zamanlarda etməsək, çox ciddi narahatedici proseslərlə üzləşə bilərik.

- Fazil bəy, özünüz etiraf etdiniz ki, millət vəkili olaraq bir vətəndaşın sosial problemini həll edə bilməmisiniz. Bu məqamda artıq vətəndaşın bir başa müraciət edib həll olunmayan problemini müzakirə etmək yersizdir. Sizcə, niyə bu gün vətəndaşlar millətin vəkili kimi çəkisi olan millət vəkillərinə inanmırlar. Bunun sonu necə olacaq?

- İnsanlara xidmət sferası açılmalıdır. Millət vəkilinin qanunların icrasına nəzarət etmə imkanı məhduddur, güc strukturları hesabat verməlidirlər, hələ buna nail olunmayıb. Hökumətin formalaşmasına müxalifət heç bir təsir göstərə bilmir, elə deputatlar təsir edə bilmir. Hətta bütün millət vəkilləri hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etsələr belə, hökumət istefaya getmir. Dünyanın heç bir ölkəsində bu qədər uzunmüddətli hökumət formatı yoxdur. Yəni insan bir-iki il vəzifədə olandan sonra yorulur, heç olmasa bir naziri digəri ilə əvəz olunsun, bir-birini əvəz etsinlər. Bəlkə, bu yolu seçmək doğru olardı. İkinci isə müxalifəti düşmən obrazı kimi görməkdən əl çəkilməli və müxalifəti protokola gətirmək lazımdır. Siyasi partiyalar haqqında qanunu gecikdirirlər, qəbul edin də nə olar ki, müxalifətə 5 manat pul gedəndə? Bu ölkənin müxalifəti də güclü, savadlı olmalıdır ki, demokratik dəyişiklik olanda daha hazırlıqlı adamlar əvəz etsin, yoxsa hay-küylü adamlar? Buna özünüz şərait yaradırsınız.

- Sizcə, bu məqamda proporsional seçki sisteminə keçilsə müxalifət üçün şans yarana bilər?

- Düzdür, proporsional seçki sisteminin indi verilməsi o qədər işin xeyrinə olmayacaq. Mən proporsional seçki sisteminin tərəfdarıyam, amma siyasi partiyalar yetkin bir institut kimi formalaşmasa, hələ proporsional seçkiyə keçməyin faydasız olacağını düşünürəm. Birinci, partiya model olaraq siyasi mühitdə iştirak etməlidir, partiyanın siyasi nüfuzu, qərargahı olmalıdır və üzvlərinin hüquqları dövlət tərəfindən də qorunmalıdır. Hakimiyyət 1995-ci ildə etdiyi kimi AXCP ilə danışığa gedib parlamentə saldı. 2000-ci ildə də eyni şeyi etdi. Özü istədiyini salır, özü necə istəyir elə edir. Təbii ki, Müsavat AXCP-dən fərqli olaraq səs toplayaraq girirdi. Bütün bunlara baxmayaraq parlamentdə birinci növbədə müxalifətə idarəetmədə təmsilçilik vermək lazımdır və müxalifət bilsin ki, debatın yeri parlamentdir, küçə, meydan deyil. Dağıtmaq əsas deyil. Bunu verməyəndən sonra o gedir yandırmağa, qırmağa. Bu çox təhlükəlidir. Mən həmişə deyirəm ki, meydandan gələn o hay-küyün təhlükəsi, korrupsioner məmurun təhlükəsi ilə eynidir. Yəni ikisi də hüquq tanımır.

- Siz AXCP-nin səs toplamadığını qeyd etdiniz, amma 2005-ci ildə AXCP Müsavatın “Azadlıq” blokundan çıxaraq parlamentə getməsini xəyanət kimi qəbul etdi.

- Əbülfəz Elçibəy AXCP-nin rəhbəri olduğundan onun səstoplanma imkanları var idi. Müsavatla müqayisədə heç kim məni inandıra bilməz ki, AXCP Müsavatdan çox səs toplayıb. Amma Müsavat iki dəfə parlamentə düşmədi. Bu təsadüf deyildi ki, aparılmış gizli danışığın nəticəsi idi. Onda hakimiyyətin kursu bu idi ki, Əbülfəz Elçibəy zərərsizləşdirilməlidir, partiyada xarizmatik lider olduğuna görə onun mövqeyi zəifləməlidir. Bu zaman Əli Kərimli başda olmaqla bir neçə adamlarla danışıqlar aparıldı. Onların şərti o idi ki, parlamentə bizi buraxırsınız, Müsavat orda olmayacaq. Çünki Əli Kərimliyə xaricə təqdimat üçün parlamentdə təmsil olunan tək müxalifət bizik anlayışı lazım idi. Bu da səfirliklər tərəfindən himayə olunan xarici ölkənin maraqlarını təmsil edən bir qrup adamın fəaliyyətinin nəticəsi idi. Hakimiyyət istənilən partiyanı dağıdır, qurur. Onlar da pulu bölüşdürüb, hakimiyyətlə işləyirlər. Hakimiyyətdən də nəsə ala bilməyəndə yadlarına düşür ki, bizim orda dəstəmiz var, qalxın hakimiyyəti söyün, hədə gəlin. Sonra yenə məsələ həll olunur və 2-3 il buraxılır ki, guya ki müxalifətsiniz sözünüzü deyin. Mənasız 20 il səhrada boş-boş dolanmaqdan başqa işə yaramırdılar. Ona görə də Azərbaycan müxalifətinin özündə də düşüncə dəyişikliyi olmadığına görə, bu qədər narazılıq fonunda əhalini siyasiləşdirib öz tərəflərinə çəkə bilmədilər. Siz fikir verin Nizami Süleymanov faktoru İctimai Palatadan daha çox effekt verə bilər.

- Bu gün Azərbaycanda ana müxalifəti problemi var. İctimai Palata özünü əsas müxalifət hesab edir. Siz də özünüzü müxalifət adlandırırsınız, amma ana müxalifət sizi qəbul etmir. Bəs siz öz tərəfinizdə İctimai Palatanı görürsünüz?

- Bu gün Azərbaycanda analıq hüquqları layiqli səviyyədə qorunmadığına görə, doğum evlərində anaların başına açılan oyunları nəzərə alsaq ana müxalifətə ehtiyac yoxdur. Hüquq yoxdursa, ana oldun, ata oldun nə mənası var? Birinci müxalifətin hüquqi statusunun tanınmasına ehtiyac var. Heç bu gün YAP-ın özü hakim partiya kimi özünü tanıda bilmir. Biz istəyirik ki, YAP özü də bir az müstəqil olsun. Bizdə ana müxalifətə deyil, ağıllı müxalifətə, bu iqtidarı islahata təşviq eliyən müxalifətə ehtiyac var. Əlbəttə, İctimai Palata müxalifətdədir.

- Amma onlar sizi müxalifətdə görmür, hakimiyyətə yaxın bilirlər.

- Bu hakimiyyətə yaxın məsələ deyil. Mən həmişə demişəm ki, bu hakimiyyətlə hesablaşmaq lazımdır. Mənim hakimiyyətin qarşısında gücüm yoxdur, eyni şey Müsavatda, AXCP-də də yoxdur, amma onlar deyir ki, mən bu gücü tanımıram. Bu güc inqilabi yoldur. Biz inqilabi yol yox, islahat yolu tutmuşuq. Mən bilirəm ki, onların inqilabçılığının bir həddi var, həbsə düşən kimi ATƏT-i çağırırlar ki, gəl məni çıxart. Məlikməmmədin qardaşları da quyuya düşən kimi deyirlər məni çəkin burdan. Bu inqilabçılıqda deyil, küçədə mübarizə aparırsınızsa, keçin sərt formada aparın, bunu da bilmirsiniz.

- Axı küçədə mübarizə aparmağa imkan vermirlər...

- Hansı hakimiyyət imkan verir ki, gəlin məni devirin. Sən qəzetlərin arxasında gizlənib siyasət yeridirsən. İki qəzetin arxasında faktik olaraq fəaliyyət var. Mən də onu deyirəm ki, siz cəmiyyəti söyməklə bu qədər narazı insan olan dövlətdə özünüzə tərəfdar toplaya bilmirsinizsə, bunun günahı nə əhalidə, nə hakimiyyətdə, nə də verilməyən imkandadır. Bütün günah sizin qabiliyyətinizdədir. Hesab edirəm ki, mənim tərəfdarım İctimai Palatanın tərəfdarından çoxdur. Mən Azərbaycanda təhlükəsiz dəyişiklik istəyən insanların sözçüsüyəm, o insanların əksəriyyəti isə evində oturub çayını içir, yeməyini yeyir, küçəyə çıxmaq istəmir, amma yaşayışından narazı olaraq dəyişiklik istəyir. İstəyir yuxarıda islahatlar baş versin, hüquq ön müstəviyə gəlsin. Mən hər şeyin yandırılmasını istəyən təbəqədən uzaqlaşmışam.

- Deyirsiniz ki, müxalifət olmağı bacarmayan İsa Qəmbər, Əli Kərimli getməlidir?

- Bilirsiniz getməlidir anlayışı da doğru deyil. Mən Elçibəyin vəfatına qədər bütün namusumla, vicdanımla ona sədaqətli olmuşam, hakimiyyətin heç bir nümayəndəsi ilə ünsiyyətim, münasibətim olmayıb. İndiki Xalq Cəbhəsi rəhbərində olanlar kimi altdan-altdan əlaqələr qurub, pul alıb fəaliyyət göstərməmişəm. Elçibəydən sonra mən heç bir lider qəbul etmirəm. Mən xalqa xidmət etmək istəyirəm, xalqa xidmətin yolu da verilən tribunadan gedir. Sən bundan imtina edirsənsə, deməli, reallığı görə bilmirsən. Sən də meydana çıxa bilmirsən, mən də çıxa bilmirəm. Sən də mitinq keçirə bilmirsən, mən də. Fəvvarələr bağında 300 nəfəri döydürüb həbsə atırsan. Nə oldu ki? Səninlə mən arasında elə də fərq yoxdur ki? Sadəcə sən əhalini aldadırsan, guya söyürsən, hakimiyyətdən narazısan. İnanın ki, hakimiyyət onları istəmir, çağırsa uça-uça gedərlər. Parlamentə çağıranda getmədiniz, bəs onda prinsipiniz yox idi? Siz heç Lalə Şövkətin elədiyi ləyaqətli hərəkəti də edə bilmədiniz, adi imtinanı da bacarmadınız.

- İndi siz deyirsiniz müxalifət qəbul etməlidir ki, məğlub olub?

- Biz də məğlub olmuşuq. Amma onlar bilirlər ki, cəmiyyət onların səsləndirdiyi şüarlara inanmır. Cəmiyyət yaxşı bilir ki, kim bu torpaq üçün, vətən üçün səmimi şəkildə nə edib? Onların cinahında durub mən həmin qışqırığı daha intellektual və ağıllı səviyyədə edərdim. Bu Azərbaycan bizim istədiyimiz Azərbaycan deyil, bu Heydər Əliyevin qurduğu Azərbaycandır. Bizim 2 yolumuz var, ya bu Azərbaycanı xariclə əlbir olub dağıtmalı, öz Azərbaycanımızı qurmalı. Bunu da qura bilərik-bilmərik hələ sonrakı məsələdir, ya da H. Əliyevin Azərbaycanını hamımızın Azərbaycanına çevirməliyik. İslahatla, təkamüllə... Mən bu ikinci yolu təklif edirəm, onun qurduğu Azərbaycanı hamını əhatə edə biləcək bir Azərbaycana çevirək. Onlar deyir yox, bu kökündən yanlışdır, bizim öz yolumuz var. Bu yol Məmməd Əmin Rəsulzadə yoludur. İnanın heç onu da yaxşı oxumayıblar, Elçibəyi də yaxşı oxumayıblar və siyasi proseslərin çoxunu da yaxşı bilmirlər. Buna görə də səhvə yol verirlər. Biz parlamentdə müəyyən fikirləri deyirik, sənin mənlə nə işin var? İnqilabçısansa, vur dağıt da, qalib gəl. Sənə mane oluram ki? Sən digər yolda olanlara sayğı göstərməlisən. Sən onu et ki, iqtidar da sənə hörmət etsin.

- Bu gün Müsavat Partiyası BŞİH-ni qurultay üçün yer verməməkdə ittiham edir. Siz hakimiyyətin bu davranışını necə qiymətləndirirsiniz?

- Bəzən hakimiyyətin bütün addımlarını ağıllı hesab edirik, amma bu həmişə belə deyil. Müsavata yer verməmək onun reytinqini qaldırmaqdır. Yaxud AXCP rəhbərinə qara piardan istifadəni doğru hesab etmirəm. Hakimiyyət özü düşünür ki, mənə zəif rəqib lazımdır və bu zəif rəqibi bir az gündəmdə saxlayaraq 20 il ömrü uzatmaq lazımdır. Nə qədər zəif rəqib var, eyni situasiya Azərbaycanda davam edəcək. Keçirilsin də qurultay axı burda nə baş verəcək. Mən əminəm ki, Müsavat xariclə bağlılığı olmayan partiyadır, AXCP isə ABŞ səfirliyi və başqa beynəlxalq təşkilatların dayaq dəstəsi, şöbəsidir. Bu sabah Azərbaycan üçün indiki iqtidarın xariclə bağlılığından 10 qat təhlükəli ola bilər. İsrail necə ərəb dünyasında nədirsə, AXCP-də Azərbaycan müxalifəti üçün odur. Bu Elçibəyin AXCP-si deyil ki, bu tamam başqa, Əli Kərimlinin AXCP-sidir. Buna görə də qərargahları da yoxdur, üzvləri də yoxdur, dağılıblar. Bu AXCP ona görə saxlanılır ki, həm hakimiyyətə lazımdır, həm də xaricilərə. Belə zəif format hamıya əl verir. Müsavata gəlincə isə hesab edirəm ki, İsa Qəmbər Müsavat başqanlığından getməlidir, getməsə bu hakimiyyətin əlinə əlavə “kozer” olacaq. Partiyaya zərər olsa belə getməlidir. Hesab edirəm ki, Müsavat AXCP-dən fərqli olaraq ciddi partiyadır. Bir daha deyirəm ki, hakimiyyətin bu qurultay məsələsinə münasibəti anlaşılan deyil, əksinə ən yaxşı yeri verin, qoy qurultayı keçirtsin və bir az da “Azadlıq” qışqırsınlar. Nə olacaq ki?

- Bəs Qubada baş verənlərə müxalifətin qələbəsi demək olar? Yəni bağlılıq var?

- Yox, qətiyyən Qubadakı hadisələrin müxalifətlə əlaqəsi yoxdur. Bu sadəcə yerli səviyyədə olan haqsızlığın bariz nümunəsi idi və müxalifətə qətiyyən dəxlisi yoxdur. Zaman gələcək görəcəksiniz Azərbaycan əhalisi bu müxalifətin arxasıyca getməyəcək, Azərbaycan cəmiyyəti təhlükəsiz dəyişiklik istəyir. İstedadlı adamları dubinka altında əzdirərək siyasət aparılması yanlışdır. Elçibəy həmişə deyirdi ki, hər şeyin zamana ehtiyacı var, mən də deyirəm ki, burda bir vergül qoyub deyilməli idi ki, zamanın da adama ehtiyacı var. Bu müxalifətin zamanı gələcək və o zamanı gözləmək lazımdır. Azərbaycanda nə iqtidarın, nə də müxalifətin siyasi proseslərdə riskə getməyə haqqı və imkanı yoxdur. Çünki Azərbaycanla bu gün atəşkəsi Rusiya saxlayıb Ermənistan heç kimdir. Bu gün Rusiyanın Osetiyada elədiklərinə heç kim qarantiya dura bilməz ki, eyni şey Qarabağda da baş verməyəcək. Bu təhlükə var və buna görə də heç kim risk edə bilməz.Bu səbəbdən prosesi elə aparmalısan ki, risksiz, qarışıqsız, təhlükəsiz islahatlar baş tutsun və ölkə layiq olduğu demokratik bir sistemə qovuşsun.

- Elə Ermənistandan söz düşmüşkən bu gün Azərbaycan ordusunda ev davası gedir. Nə dərəcədə doğrudur müdafiə naziri ilə general arasında ev savaşı?

- Çox üzücü bir haldır. Hesab edirəm ki, buna dərhal prezident müdaxilə etməlidir və bu kimi məsələlərdə ordunun yıpranmasına yol vermək olmaz. Onsuz da orduda kifayət qədər çatışmazlıqlar mövcuddur, bu da əksəriyyəti şəffaflıqla bağlı olan məsələlərdir. Bir mənzil məsələsini bu qədər şişirtmək olmaz.

- Fazil bəy, Koroğludan bu gün çox danışdıq. Artıq xalq qəhrəmanlarına heykəl qoyulmağa başlanılıb. Nə bilmək olar, bəlkə, elə növbəti dəfə sizin heç yola getmədiyiniz, hətta “sapık” adlandırdığınız Babəkə heykəl qoya bilərlər. Bunu necə qarşılayacaqsınız?

- Əksinə mən gözləyirəm ki, ona da qoyulsun. Xalqın qəhrəmanı ayrı şeydir, xalqa sırınan qəhrəman ayrıdır. Azərbaycan tarixində böyük qəhrəmanların xeyli hissəsi xalqa sırınan qəhrəmanlardır. Bu xalqın bu gün yaşatdığı dəyərlərə uyğun olmayan bir kimliyə sahibdirlər. Təbii ki, tarixin mənfisini, müsbətini silməyin tərəfdarı deyiləm. Amma bir ölkədəki, Bakını azad edib ona paytaxt verən, onun müstəqilliyi üçün canını verib şəhid olan Nuru Paşaya hörmətsizlik edilirsə, onu xatırladacaq bir şey qoyulmursa, tarixdən Koroğlunu, Babəki tapıb onu qaldırırlarsa, deməli, nələrsə doğru qoyulmur və haqq-ədalət pozulub. Mən öz yazılarımda, kitablarımda onu təbliğ edirəm ki, tarix konsepsiyamız dəyişməlidir. Misal üçün Babək düşür ortalığa, yoxsa mənim Babəklə, o biri ilə nə işim var? Mən deyirəm ki, bugünkü dəyərlərə zidd nə varsa, yaşat, amma qəhrəman obrazında yaşatma. Bəzən yuyulmamış qaşıq kimi, bilgisi yetərli olmayan insanlar düşürlər meydana ki, sən filankəsə belə dedin. Mən hər halda yazılarımla istənilən cinahlara cavabımı vermə gücünə sahibəm. Özümə arxayın olmasam, bu məsələdən danışmaram.

- Sizin son zamanlar islam dini ilə bağlı elə özünüzün də qeyd etdiyiniz kimi debatlarınız oldu və sizin nurçu olduğunuzu iddia edənlər oldu. Nurçusunuz?

- Yox. Dində təriqətin əleyhinəyəm? Bu qəliblər də savadsızlıqdan irəli gəlir. İnanın nurçuluq təhlükə deyil, həmçinin süleymaniyyə, qədriyyə. Azərbaycanda təriqətləşmə anlayışı yoxdur, məhzəbçilik düşüncəsi daha qabarıqdır. Mən isə bu düşüncələrdən uzağam. Ümumiyyətlə islama təmizlənmiş bir din kimi baxılmağın tərəfdarıyam. Azərbaycanda islama qarşı olanların da çoxu bilgisizlikdən irəli gəlir. Bu dinin nə demokratiyaya ziyanı var, nə də insanın çağdaşlığına ziyanı var.

Sədan Bünyadova
Günel Əbilova