“Nalbandyanın sifətindən “zəhər” tökülür, Məmmədyarov isə gülür”

nalbandyanin-sifetinden-zeher-tokulur-memmedyarov-ise-gulur
Oxunma sayı: 2966

“Elmar Məmmədyarov Nalbandyanla görüşür. Nalbandyanın sifətindən “zəhər” tökülür. Bizim nazir onun üzünə gülür. Bütün bunlar işğala məruz qalmış Azərbaycan xalqını narahat edir. Bu cür olmaz”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı xarici işlər naziri Elmar Məmmədyarovun istefa çağırışı ilə bağlı qaldırdığı məsələdən danışarkən deyib. 

Deputat hesab edir ki, bu cür fikirləri tək o düşünmür: “Prosesləri izləyən jurnalistlər də bunu görür.  Elmar Məmmədyarov kosmopolit və hər kəsin üzünə gülən,diplomatik etiketlərə daha çox üstünlük verən, lakin Azərbaycanın maraqlarını yetərincə kəskin mövqedə nümayiş etdirməyən nazir kimi özünü təqdim edib. Mən bir ay bundan əvvəl Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid etmişdim. Kəlbəcər istiqamətində işğal olunmuş torpaqlarımızın bir hissəsindən Ermənistana yeni yollar çəkilməsi, eyni zamanda biznes obyektlərinin inşası, ermənilərin işğal olunmuş Qarabağ torpaqlarına köçürülməsi ilə  bağlı məsələlər kifayət qədər narahat edici faktlar idi. Ancaq  xarici işlər nazirinin sərt reaksiyasını görmədik. Onun fəaliyyətini tənqid etdim və dedim ki, bu cür yanaşmaq olmaz. 

Xarici işlər naziri ölkə prezidentinin neçə illərdən bəri əsas götürmüş olduğu hücum diplomatiyasını nazir səviyyəsində daha intensiv formada həyata keçirmir. Daha çox yumşaq və malalıyıcı mövqe nümayiş etdirir. 

Belə qərara gəlmişdim ki, bununla bağlı mövqeyimi Milli Məclisdə də deyim. Dünənki iclasın da azərbaycanlıların soyqırımı gününə həsr edilməsinin məntiqi həm də onu göstərir ki, ermənilərə qarşı biz  ölkə prezidentinin dediyi kimi sərt mövqeyimzi ortaya qoymalıyıq”. 

Onun sözlərinə görə, prezident İlham Əliyev İrəvanın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olduğunu önə çəkir, azərbaycanlıların ora qayıtmasının zəruri hesab edir: “Ölkə prezidenti səviyyəsində deyilmiş bu qətiyyətli fikirlər xarici işlər naziri səviyyəsində daha  kəskin şəkildə ifadə olunmalıdır. Biz bunları görmürük. Minsk qrupunun həmsədrləri ölkəyə gəlir, Elmar Məmmədyarovun onlarla kəskin notlar üzərində danışdığının şahidi olmuruq. Ancaq müxtəlif diplomatik ifadələr önə çəkilir. Konkret nəticələr də yoxdur.

2016- cı ilin aprel döyüşlərindən sonra Azərbaycan çox ciddi bir mövqeyə çıxdı. Ancaq xarici işlər naziri bundan lazımi səviyyədə istifadə edə bilmədi. Vyana, Sankt Peterburq görüşlərində ermənilər yenə də özünəməxsus hiylələrlə danışıqlardan yayındılar. Azərbaycan əldə etmiş olduğu hərbi üstünlüyü diplomatik müstəvidə inkişaf etdirə bilmədi”. 

 F. Ağamalı qeyd edib ki, Elmar Məmmədyarovun  vəzifədən kənarlaşdırılması cənab prezidentin səlahiyyətində olan məsələdir: “Mən vətəndaş və millət vəkili kimi mövqeyimi ortaya qoymuşam. Bu mövqe də kifayət qədər arqumentləşdirilib. Onunla şəxsi problemlərim yoxdur. Ola bilsin ki, başqa bir zamanın diplomatı ola bilər. Amma müharibə dövründə xarici işlər naziri bu cür mövqe nümayiş etdirməli deyil. İstefa  çağırışına necə reaksiya verəcəyi isə  onun şəxsi  fikridir”.

 Günel Türksoy