Nazir irad bildirdi, direktorlar qəbul günlərini açıqladı

nazir-irad-bildirdi-direktorlar-qebul-gunlerini-aciqladi
Oxunma sayı: 2233

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bəzi məktəb direktorlarının qəbuluna düşməyin nazirin qəbuluna düşməkdən çətin olduğunu açıqlamışdı

Nazir bildirmişdi ki, məktəb direktorları, valideynlərlə görüşməli, onlara lazım olan mesajları çatdırmalıdırlar. 

“Qafqazinfo” xəbər verir ki, nazirin xəbərdarlığından sonra artıq bəzi məktəb direktorları vətəndaş qəbuluna daha həssas yanaşmağa başlayıblar. 

Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda məktəblərin sosial şəbəkə hesablarında direktorların qəbulu üçün xüsusi gün və saatlar ayrılıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində vətəndaş qəbulu hər zaman diqqətdə saxlanılan məsələlərdən biridir: “Bakıda hər bir məktəbdə konkret olaraq vətəndaş qəbulu qrafiki əvvəldən mövcud olub. Məktəb direktorları iş günlərində qrafikə uyğun olaraq qəbul keçirirlər. Həmçinin qrafikdənkənar da qəbullar həyata keçirilir.

Bu məsələ ilə bağlı BŞTİ tərəfindən bir daha təhsil müəssisələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib. Vətəndaş məmnuniyyətinin təmin olunmasına daha həssas münasibətin göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması tapşırılıb”.

Gülnar Əliyeva