Nazirliyə 131 dəfə müraciət etdi - Problemi həll olunmadı

nazirliye-131-defe-muraciet-etdi-
Oxunma sayı: 1684

İmişli rayon Qaravəlli kənd sakini Cavid Zaidov sahibkarlar üçün nəzərdə tutulan güzəştli kredit ala bilmədiyi üçün “Qafqazinfo”ya müraciət edib.

Şikayətçinin sözlərinə görə, kəntdə 30 ha torpağı, 60 baş heyvan üçün ferması var. Sahibkarlığını inkişaf etdirmək üçün 20 min manat güzəştli kredit almaq istəsə də, il ərzində maneələrlə qarşılaşıb: “İqtisadiyyat və Sənaye Nazirliyinə düz 131 dəfə ərizə ilə müraciət etmişəm. İSN-nin Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin qəbulunda oldum. Bir az müzakirədən sonra dedi ki, “Dəmirbank”ın İmişli filialına gedim. Bankda da mənə bildirdilər ki, sən get, biz gəlib baxış keçirəcəyik.

Filial rəhbəri Taleh Cəfərov və Tural Babaşov baxış keçirdikdən sonra sahibkarlar üçün nəzərdə tutulan güzəştli kreditdən yararlana biləcəyimi söylədilər. Sənədlərimi hazırladıqdan sonra bankda adıma 26 min manat yazılıb 20 min manat verəcəklərini bildirdilər. Səbəbini soruşduğum zaman bunun biznes-plan olduğunu bildirdilər. Mən razı olmadım. Onlar da sənədləri mənə verib dedilər ki, sənə pul düşmür, “Bank Respublika”da 400 dollarlıq bir gecikmən var. Bu dollar qalxandan sonra olmuşdu, qabaqcadan bilsəm, ödəyərdim, xəbərim olmayıb. Belə bir hal vardısa, niyə əvvəlcədən demirdilər? Sənədlərin hazırlanmasına 350 manat pulum çıxdı. Daha sonra mən onların təklifini qəbul etməyəndə mənə belə bir bəhanə söylədilər. Məsələ ilə bağlı neçə yerə müraciət etsəm də, hələ də problemim həll olunmayıb”.

“Qafqazinfo” məsələ ilə bağlı “Dəmirbank”ın İmişli filialının rəhbəri Ramin Alıyevlə əlaqə saxlayıb. Filial rəhbəri bildirib ki, müştərinin şikayəti əsassızdır və bank hər şeyi qaydalar uyğun şəkildə edib: “Müraciət edən müştərinin adında aktiv gecikmələr olduğu üçün biz ona kredit verə bilmədik. Çünki bu, bizim bankdaxili qaydalar və Sahibkarlara Kömək Milli Fondunun vəsaiti hesabına verilən kreditlərin qaydalarına ziddir. Problemli müştəri olduğu üçün onun işinə baxa bilməmişik. Müştəri prokurorluğa, Mərkəzi Banka və digər dövlət orqanlarına müraciət edib. Onun şikayətinə biz öz rəyimizi bildirmişik. Şikayətdə adı çəkilən şəxslər filian əməkdaşı deyil. Mən filiala ay yarımdır müdir təyin ollunsam da, əvvəlki müdirlə də məsələni müzakirə etdim və hər şeyi bir daha dəqiqləşdirdim. Müştərinin özünü də banka dəvət edib danışmışam. Ona bildirdim ki, gələcəkdə qaydalarda hər hansı bir dəyişiklik olsa, biz sizə kredit verə bilərik. Ancaq bugünkü gündə şərtlər buna imkan vermir”.

Filial rəhbəri biznes-plan məsələsinə də münasibət bildirib: “Güzəştli kreditlərdə müştəriyə ödənilən vəsait bankdaxili vəsait deyil, fondun vəsaitidir və son qərarı elə fond özü verir. Bizim elə bir biznes-planımız yoxdur. Müştəriyə fonddan vəsait verilir və daxili qaydalara görə bank komissiya tutur. Bu da şikayətdə qeyd olunduğu kimi yox, məbləğdən asılı olaraq 1-2% təşkil edir”.

Günel Hacı