Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinlədi - Fotolar

neftcalanin-icra-bascisi-vetendaslarin-problemlerini-dinledi
Oxunma sayı: 1423

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı dekabr ayı üçün rayonun Şorkənd, Dördlər və Ballıcallı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀ 

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsi, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsi, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunması, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimiz və yaralanan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.

Səyyar qəbulda sakinlər Cəngan kənd tam orta məktəbinin təmir olunması, subsidiyalar və əkinlərin bəyan olunması ilə əlaqədar öncədən maarifləndirmənin aparılması, kəndarası suvarma kanalının lildən təmizlənməsi, kənd ərazisində su bulaqlarının sayının artırılması, kənddaxili yolların çəkilməsi, telekomunikasiya xətlərinin yenilənməsi, kənd ərazisində seçki məntəqəsinin olmaması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.