“Rus dilində çətin səsləndiyi üçün adını sonradan Lalə qoyduq”

rus-dilinde-cetin-seslendiyi-ucun-adini-sonradan-lale-qoyduq
Oxunma sayı: 6497

“Birinci qızımız dünyaya gələndə Şirməmməd müəllim mənə doğum evində balaca bir məktub yazmışdı. Məktubda belə deyirdi: “Ülkər, bu uşağın bütün əziyyətini sən çəkmisən, onu dünyaya sən gətirmisən. İstəsən, adını da sən seç”.

“Qafqazinfo” xəbər verir ki, bunu ötən gün Modern.az-a açıqlamasında görkəmli alim Şirməmməd Hüseynovun xanımı Ülkər Hüseynova bildirib.

O, tanınmış publisist və mətbuat tədqiqatçısı olan Ş. Hüseynovun doğum günü ilə bağlı xatirələrini bölüşüb. Həyat yoldaşının məktubunu bu yaxınlarda köhnə yazıları oxuyarkən tapdığını deyən Ü. Hüseynova sonradan böyük qızlarının adını Fərəh qoyduqlarını deyib.

“İkinci qızımız olanda isə Şirməmməd müəllim yenə maraqlı bir ad təklif etdi. Dedi ki, qızımızın adını İstək qoyaq. O vaxtlar biz rusdilli mühitdə yaşayırdıq və mən dedim ki, bu ad rus dilində çətin səslənəcək. Sonra isə qərara gəldik ki, qızımızın adını Lalə qoyaq.

...İki qızımız var və hər ikisi də Azərbaycana lazım olan ziyalı, savadlı insanlar kimi yetişib. Onların alim, ziyalı kimi formalaşmasında əsas zəhmət, demək olar ki, həyat yoldaşım Şirməmməd Hüseynovun üzərinə düşüb”, - deyə o əlavə edib.

Qeyd edək ki, Fərəh Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Lalə Hüseynova isə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektorudur.