Həkimin öldüyü xəstəxanadan - Açıqlama

hekimin-olduyu-xestexanadan
Oxunma sayı: 3039

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu 43 yaşlı Gülnarə Əkbərova cərrahi əməliyyatdan sonra vəfat edib.

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.

Məlumata görə, həkim Gülnarə Əkbərova SAF Hospitalda dünyasını dəyişib. 

Həmçinin, onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib. 

***

Hadisə ilə bağlı sözügedən xəstəxanadan “Qafqazinfo”ya bildirilib ki, 1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent 25 fevral tarixində ağır vəziyyətdə digər tibb müəssisəsindən “SAF Hospital”a təxliyə olunub:

“Pasiyentin tənəffüsü traxeostom boru vasitəsilə süni tənəffüs aparatı (STA) ilə təmin edilirdi.

Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunurdu.

Pasiyent hemodinamik cəhətdən kritik qeyri-stabil vəziyyətdə idi. Arterial təzyiq yüksək dozalı üçkomponentli inotrop dəstəyi ilə saxlanılırdı. Şüur səviyyəsi Glasgow Koma Şkalası üzrə 3 bal (GKS 3) olaraq qiymətləndirilib.

Qanaxmanın mənbəyini müəyyən etmək məqsədilə selektiv angioqrafiya müayinəsi icra edilmişdir. Angioqrafiya zamanı hər hansı cərrahi və ya digər invaziv müdaxilə aparılmayıb.

Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülmüşdür. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam etmiş, sonradan qəfil və profuz xarakter almışdır. Təxminən 1500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf etmiş, arterial təzyiqin kəskin enməsi qeydə alınıb.

Aparılan intensiv terapiya, yüksək dozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmayıb.

Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verib. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınıb”.