Ailə atanın bişirdiyi və bu dəfə adını “ölkə” qoyduğu yeməyin ətrafına toplaşmışdı. Ata uşaqlarını vətənpərvər ruhda böyütmək üçün hərdənbir bişirdiyi yeməklərə “vətən”, “milli qürur”, “xalq”, “dövlət” kimi adlar qoyurdu. Bu dəfə də o, evdən çıxarkən, başağrısından əziyyət çəkən və cürbəcür otlardan özünə mətbəxdə dərman çayı dəmləyən arvadına səslənib demişdi ki, bu gün evə tez qayıdacaq və uşaqlarına “ölkə” adlı yemək bişirəcək.
Xəstəhal ana heç vaxt ərinin bişirdiyi yeməkləri yemirdi – ananın fikrincə, bu yeməklər çox şit və bolsulu olurdu; o, hətta əri çırmalanıb mətbəxdə əti suya, suyu soğana, soğanı mürəbbəyə qata-qata “vətənpərvər” yeməklərindən hansınısa hazırlayanda belə, evə dolmuş başçatladan qoxulardan canını qorumaq üçün otaqlardan birinə çəkilir, qapı-pəncərəni bərk-bərk örtüb başının ağrısına, ya da şikəst qrammafonda köhnə vallardan birinə qulaq asırdı. Buna görə də ana ərinin uşaqlar üçün açdığı süfrənin ətrafında heç vaxt görünməzdi, başağrısını bəhanə edib atanın şit və bolsulu yeməklərini dadmaq əzabından özünü birtəhər qoruyardı.
Ailə bu dəfə də süfrə başında anasız oturmuşdu. Ata əlindəki dəmir çömçəni çuğun qazanın içində hərləyib danqıltı qopara-qopara boşqablara bolsulu yeməkdən qoyur, boşqabları süfrəyə düzə-düzə “ölkə” yeməyini necə və hansı qida növlərindən hazırladığını uşaqlarına danışırdı:
- Qabın dibindəki bu ət tikələrini görürsünüzmü? Mən onları yeməyimizin adına uyğun olaraq nə adlandırmışam? Ötən dəfəki kimi “millət!”. Deməli, yeməyimizi hazırlamaq üçün mən əvvəlcə “milləti”, yəni bu ət tikələrini xırda-xırda doğramışam. Sonra onları bax bu mis qazana doldurub bol suda gün boyu qaynatmışam. Duzsuz! Niyə duzsuz, mənim balalarım? Ona görə ki, duzlu suda ət gec bişir, həm də bərk olur, dişbatmaz olur. Qazanı o vaxta qədər qaynatmışam ki, tikələr, gördüyünüz kimi, əriyib noxud boyda olub. Sonra həlim bişmiş “millətin” üstünə bolluca göy-göyərti əlavə etmişəm ki, yeməyimizin adına uyğun olaraq , bu ot-alafın adını da “müğənni Jozefina” qoymuşam. “Millət” “müğənni Jozefina” ilə qaynayıb bişdikdən sonra qazana bütöv kartoflar atmışam. Bu kartoflara da öz aramızda “milli mənəvi dəyərlər” deyə bilərik.
Ata əlindəki dolu boşqabı oğlunun qabağına qoyub: “belə yeməkləri zənən tayfası bişirə bilməz, indidən öyrən ki, gələcəkdə karına gəlsin”.
Əvvəlcə qız yeməyi alayarımçıq yeyib kənara çəkildi və əllərini yumaq mahnasıyla süfrəni tərk etdi. Oğul isə atanın zəhmli nəvazişi ilə ikinci, daha sonra isə üçüncü boşqabı qaşıqlamalı oldu. Bu vaxt qapı döyüldü. Gələnlər əmi və onun ailəsi idi. Ata onları da özünün bişirdiyi “ölkə” yeməyinə qonaq etdi. Əmi dalbadal iki boşqab yedi və göbəyini sığallaya-sığalaya qarnındakı “ölkəni” xeyli təriflədi. Sonra yenə qapı döyüldü. Bu dəfə atanın iş yoldaşları gəldi, məclis daha da qızışdı. İş yoldaşları özləri ilə gətirdikləri araq şüşələrini və qarşılarına qoyulmuş boşqablarını boşalda-boşalda atanı və onun bişirdiyi “ölkəni” növbəylə, ayaqüstə uzun-uzadı təriflədilər. Birdən atanın yadına düşdü ki, evin köpəyi bayaqdan acdır. Çağırıb ona da bir boşqab yemək qoydu. Sonra yenə gələnlər oldu, qonşunun ailəsi idi, onlar da yeməyin dadına baxar-baxmaz tərif yağdırdılar. Sonra yenə kimlərsə, daha kimlərsə gəldi... hamı boşalmaq bilməyən çuğun qazanı, dəmir çömşəni, hətta onların ikisinin bir yerdə çıxardığı gümrah danqıltını təriflədi...
Qazandakı “ölkə” isə bitib-tükənmək bilmirdi.
Son xəbərlər
Son Xəbərlər