“Operativ Qərargaha psixoloqlar, alimlər cəlb olunmalıdır”

operativ-qerargaha-psixoloqlar-alimler-celb-olunmalidir
Oxunma sayı: 4651

Bir müddətdir ki, sosial şəbəkələrdə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın üzvlərinin kimliyi haqda müzakirələr gedir. Müzakirəyə qoşulanlar Qərargahda daha çox elm və səhiyyə sahəsində çalışan şəxslərin təmsil edilməsinin zəruriliyini qeyd edirlər. 

Milli Məclisin deputatı Fəzail Ağamalı sözügedən müzakirələrlə bağlı “Qafqazinfo”ya bildirib ki, pandemiyayla əlaqədar bütün sahələrdən yüksək səviyyəli mütəxəssislər Operativ Qərargaha cəlb olunmalıdır: “Mən belə şəxslərin hazırda Qərargaha cəlb olunub-olunmadığı barədə bir şey deyə bilmərəm. Ancaq sosioloqlar, psixoloqlar, iqtisadi sahəylə bağlı ekspertlər, alimlər də prosesə cəlb olunmalıdır. Onlar vəziyyəti düzgün təhlil etməlidirlər. Eyni zamanda həkimlər, virusoloqlar da olmalıdır. Dünən brifinqi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, cəmiyyətdə yüksək intellektiylə tanınmış Şahmar Mövsümov aparırdı. Bu cür mütəxəssislərin təbii ki, Qərargahda olmasına ehtiyac var. Ümumiyyətlə isə dünyada gedən proseslər ciddi təhlil olunmalıdır. Əgər Təhlil Mərkəzi yoxdursa yaradılmalıdır”.

Qeyd edək ki, Operativ Qərargaha Baş Nazir Əli Əsədov rəhbərlik edir. Qərargahın üzvləri isə Baş Nazirin müavinləri, nazirlər, rəsmi qurumların rəhbər şəxsləridir.

Günel Türksoy