Orbanın veto qoyduğu 50 milyardlıq yardım - Razılaşdırıldı

orbanin-veto-qoydugu-50-milyardliq-yardim
Oxunma sayı: 2490

Avropa İttifaqı liderləri Ukraynaya 50 milyard avro həcmində vəsait ayrılması barədə razılıq əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” hesabında açıqlayıb. 

Bununla bağlı qərar Aİ liderlərinin bu gün Brüsseldə keçirilən sammiti zamanı verilib.

“Aİ-nin bütün 27 lideri ittifaq büdcəsindən Ukrayna üçün dəstək paketi çərçivəsində əlavə 50 milyard avro ayrılması barədə razılığa gəlib”, - deyə Mişel qeyd edib. 

Aİ Şurasının sədri bu vəsaitin ayrılması şərtlərini açıqlamayıb. Yardım proqramı isə 2024-2027-ci illər üçün nəzərdə tutulub. Bu isə ildə orta hesabla 12,5 milyard avro deməkdir. 

Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban 2023-cü ilin dekabrında Ukraynaya sözügedən yardım paketinin ayrılmasına veto qoymuşdu. “Reuters” agentliyi öz mənbələrinə istinadən yazır ki, Brüssel indi Orbanın məsələ ilə bağlı əsas tələbinin yerinə yetirilməsi ilə razılaşmalı olub. Bildirilir ki, buna uyğun olaraq, Ukraynaya ödənişlər avtomatik qaydada edilməyəcək, Aİ liderləri illik əsasda xərcləri qiymətləndirməli və yenidən təsdiq etməlidirlər. Bununla da, iddia edilir ki, Aİ liderləri Ukrayna tərəfindən Brüsselin bütün tələblərinin yerinə yetirildiyinə nəzarət edəcəklər.