“Pojarnı”lar bu yoldan çıxa bilmir - Video

pojarnilar-bu-yoldan-cixa-bilmir
Oxunma sayı: 3933

“Bu dar küçədə həm plazada yaşayan sakinlər, həm hospitala gələn xəstələr, onların yaxınları, övladı yaxınlıqdakı məktəbdə təhsil alan valideynlər, supermarketdən alış-veriş edənlər avtomobilini saxlamaq məcburiyyətindədir. Bəs təcili çağrı gələn zaman yanğınsöndürən maşınlar, o boyda texnika küçədə necə hərəkət etsin?”

“Qafqazinfo” xəbər verir ki, söhbət İsmayıl Qutqaşınlı küçəsindən gedir. Sakinlərin və həmin yoldan müntəzəm istifadə edənlərin sözlərinə görə, bu ikitərəfli yolda maşınların çox vaxt iki sıra parklanması süni sıxlığın yaranmasına səbəb olur. Ən əsası da odur ki, ərazidə yerləşən FHN Yasamal rayon DYMH-nin 29 nömrəli Yanğından Mühafizə Bölməsinin texnikası çağrı gələn zaman küçədən çıxmaqda çətinlik çəkir.
 
Maraqlıdır ki, ərazidə dayanacaq pullu olsa da, parkomatı işə sala bilmədik. Üzərindəki tozdan ekranın görünməməsi isə uzun müddətdir ki, istifadə olunmadığı qənaətinə gəlməyimizə səbəb oldu.

Bu küçədəki binalardan birində yaşayan Samir İbadullayevin sözlərinə görə, sakinlər üçün avtomobillərini saxlamağa başqa yer yoxdur:

“Sakinlərlə yanaşı, FHN əməkdaşlarının öz maşınları da var. Bundan başqa, qarşıda German Hospital yerləşir, xəstələr gəlir, xəstə yaxınları gəlir. Fikir versəz görərsiz ki, yeni doğulmuş körpələri evə aparmaq üçün xeyli bəzəkli maşın düzülüb. İnsanlar məcburdur ki, maşını ikinci cərgədə saxlasın. Elə olan halda da, yolda sıxlıq olur. Plazanın qarajları satılır, qiyməti 50 min manatdır. Axı hər kəsin bu məbləği ödəmək imkanı yoxdur. Odur ki, sakinlərin maşınları saatlarla, günlərlə burada qalır”.

Sakinlər haqlı olaraq ərazidə maşın saxlamaq üçün dayanacağın azlığından gileylənir. Ancaq bununla yanaşı da, qanunsuz parklama və dayanma-durma tələblərini pozanlar da az deyil.

Nəqliyyat vasitəsini ikinci zolaqda saxlamış bir neçə sürücüdən birinə yaxınlaşırıq. O da küçənin sakini olduğunu və sıxlıqdan buna məcbur qaldığını bildirir:

“Əvvəllər küçəmizdə tək-tük maşın olurdusa, hazırda sıxlıqdan keçmək mümkün olmur. Binamızın qarşısında market var və ondan istifadə etmək istəyirik. Ancaq birinci zolaqda boş yer olmadığından məcburuq ki, ikinci xətdə saxlayaq”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bizimlə birlikdə ərazidə müşahidə apardıqdan sonra bildirib ki, burada həqiqətən də avtomobil sıxlığı müşahid olunur. Ancaq bunun əsas səbəbkarı dayanma-durma, parklanma tələblərini pozan sürücülərdir: 

“Hər bir hərəkət iştirakçısı polis əməkdaşının iştirakı olmadan dayanma-durma, parklanma tələblərinə müzakirəsiz əməl etməlidir. Əgər problemləri kökündən həll etmək istəyiriksə, deməli, bizdən asılı olan tələbləri yerinə yetirməliyik.

Bu gün Qutqaşınlı küçəsində sıxlıq yaşanması ilə bağlı məsələ həqiqətən də şişirdilmiş formada qeyd edilməyib. Sürücülər avtomobilin salonunda olduqda fikirləşir ki, hər hansı bir həyəcan siqnalı verilərsə, avtomobili kənara çəkə biləcək. Ancaq hadisə gözlənilməyən anda baş verir. Eyni zamanda, müxtəlif səbəblərdən avtomobilini saxlayanlar var, onlar bilməlidir ki, qanun müzakirə olunmadan yerinə yetirilməlidir. Bəli, əgər fövqəladə bir hadisə baş verərsə, onun ağırlıq dərəcəsinin aradan qaldırılmaması ilə bağlı yolu kəsənlər, qanunsuz parklama edənlər məsuliyyət daşıyır. 

Sürücü düşünməlidir ki, yanğınsöndürənlərin inzibati binasının qarşısında saxlamaq olmaz. XXI əsrdə yaşayırıq və müasir hərəkət iştirakçılarımız qanun tələblərini bilib ona əməl etməlidir. Onlar qanunlarla yanaşı, həm də öz vicdanları qarşısında cavab verməlidirlər”.

V. Əsədov onu da qeyd edib ki, FHN əməkdaşlarının fövqəladə vəziyyətdə rahat hərəkətinin təmin olunması üçün onlarla mütəmadi olaraq fəaliyyət proqramı həyata keçirilir:

“Məhəllədaxili yollar vətəndaşlar tərəfindən icazəsiz zəbt edilib. Metal maneələr, şlaqbaumlar qoyulub ki, bu da hər hansı bir çağırış olan zaman texnikann işləməsinə mane olur. Bu səbəbdən də biz qabaqcadan reydlər aparır və həmin əngəllərin aradan qaldırılmasına çalışırıq”. 

Günel Hacı

Foto-Video: Pərvin Zeynal