“Son günlərdə bir daha aydın oldu ki, mənzil hüququ insan hüququdur və onun təmin edilməsi demokratik məsuliyyətdir. Universal şəkildə əlçatan və təhlükəsiz ictimai xidmətlər olmadan heç bir idarəetmə sistemi effektiv ola bilməz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Qambiyanın paytaxtı Bancul şəhərinin meri Rohi Malik Lou deyib.
“Yerli və regional hökumətlərə daha çox səlahiyyət, sabitlik və siyasi dəstək verilməlidir. Çünki icmaların qarşılaşdığı problemlərlə hər gün məhz onlar üz-üzə qalır və həll yollarını həyata keçirirlər.
Yerli idarəetmə orqanlarının gücləndirilməsi olmadan Yeni Şəhər Gündəliyinin məqsədlərinə nail olmaq mümkün olmayacaq. Bu, ən mühüm siyasi qərarlardan biridir. Söhbət mənzil və torpaq siyasətinin sosial yönümlü şəkildə formalaşdırılmasından gedir. Və bunu açıq şəkildə deməliyik: yerli və regional hökumətlər yalnız icraedici qurumlar deyil. Biz siyasi aktorlarıq, idarəetmə sahəsində praktik təcrübəyə malik tərəflərik.
Biz qlobal ictimaiyyətin bütün ölkələrdə icmaların ehtiyaclarını nəzərə almasını və birlikdə fəaliyyət göstərməsini təmin etməliyik.
Yeni Şəhər Gündəliyinin yekunlaşdırılması ilə bağlı aparılan məsləhətləşmələri alqışlayırıq. Eyni zamanda yüksəksəviyyəli siyasi forum və digər beynəlxalq platformalarda davam edən müzakirələri də müsbət qiymətləndiririk.
Yerli və regional hökumətlərin təşkilatlanmış platforması olaraq biz bu qlobal proseslərə dəstəyimizi davam etdirməyə və konstruktiv töhfə verməyə hazırıq”, - deyə o bildirib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər