“Qardaşım “yiyəsiz” olduğuna görə saatlarla xəstəxanada bir küncdə qalıb”

qardasim-yiyesiz-olduguna-gore-saatlarla-xestexanada-bir-kuncde-qalib
Oxunma sayı: 8051

“Qardaşım gecə 4-5 radələrində Sumqayıtda Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına daxil olub, telefonu qəza yerində qaldığına görə bizi tapa bilməyiblər. Qardaşımının yaxınları gəlmədiyinə görə, onu xəstəxanada bir kənara atıb, yardım etməyiblər”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə qardaşı qəzaya düşən ictimai fəal Rəbiyyə Məmmədova çıxış edib.

Bu barədə sosial şəbəkə hesabında məlumat yayan R. Məmmədovanın sözlərinə görə, avtomobil qəzası keçirən və fevralın 4-də Sumqayıt TTYX-yə yerləşdirilən qardaşı Məmmədov Nicat İlqar oğluna ailə üzvləri gələnə qədər ilkin yardım göstərilməyib: “Səhər saatlarında mən xəstəxanaya gedəndən, səs çıxarandan sonra yardım edilib. Qardaşımı görəndə yaralarına "zelenka" belə vurulmamışdı. Mən xəstəxanaya çatanda saat artıq 15:00 idi. Qardaşımın ayağı qırıq olub, ona o saata qədər nəinki gips qoymayıb, açıq yaralarına belə heç nə edilməyib. Qardaşım mən görəndə burnundakı qurumuş qan laxtalarına görə nəfəs ala bilmirdi. Sumqayıtdakı tibb heyəti, bu işi görməli olduqlarına görə az da olsa əməkhaqqı alan şəxslər, özlərinə əziyyət verib ağır vəziyyətdə olan xəstənin nəfəs almasını çətinləşdirən qurumuş qan laxtalarını təmizləməyi özlərinə əziyyət biliblər. Qardaşım "yiyəsiz" olduğuna görə saatlarla bir küncdə qalıb, üzü bədəni qan içində... Bütün dərmanları, hətta pambığı, şprisi bizə aldırıblar”. 

Şikayətçi həmçinin iddia edir ki, xəstəxanada kəllə-beyin travması keçirən qardaşını 11-12 saat susuz saxlayıblar: "Tibb işçilərinə yalvarsa da, “qaytarıb iş açmasın” deyə N. Məmmədova su verilməyib". 

Məsələ ilə bağlı Sumqayıt Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına sorğu ünvanladıq. Xəstəxanadan sadalanan ittihamlarla bağlı müraciətimizə aşağıdakı cavab verilib: “Gün ərzində xəstəyə lazımi tibbi müdaxilələr edilib. Sadəcə xəstənin bacısı Rəbiyyə xanım təkidlə onun müalicəsini Respublika Neyrocərrahiyyə xəstəxanasında aparılmasını istəyib. Halbuki müştərək xəstə olduğu üçün həmin xəstəxana onun müalicəsinin aparılmasını uyğun hesab edilməyib. Üstəlik, həkimlər onun köçürülməsini həyatı üçün risk hesab edərək müalicəsinin Sumqayıtda davam etdirilməsini tövsiyə ediblər. Ümumilikdə isə xəstənin yaxınlarının inadlı təkidlərinə uyğun olaraq, iltizamnamə yazıldıqdan sonra xəstə Kliniki Tibbi Mərkəzə köçürülüb”.

Xəstənin vəziyyəti ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə də əlaqə saxladıq. TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, hazırda xəstənin müalicəsi davam etdirilir və ciddi nəzarət altındadır.

Gülnar Əliyeva