“Qəfəslərə salınır, ləyaqətləri təhqir edilir” - Əliyev

qefeslere-salinir-leyaqetleri-tehqir-edilir-
Oxunma sayı: 5381

Türkiyədə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı başa çatıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hökumət nümayəndələrindən sonra hər iki ölkə lideri sazişlər imzalayıblar.

İmza mərasimindən sonra hər iki dövlət başçısı birgə mətbuat konfransına başlayıb.

***

Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda çıxış edən prezident Ərdoğan bildirib ki, Azərbaycan bir daha özünü türk xalqının qara gün dostu olduğunu göstərdi:

“Buradakı mesajın hər kəs tərəfindən diqqətlə oxunmasını arzu edirəm. Terrora dəstək olanlar, terrorçulara pərdə olmağa çalışanlar, hələ cənazələrimiz dəfn edilmədən siyasi pafos arxasınca qaçanlar bu qardaşlıq mesajından dərs almalıdırlar. Türkiyəni əsla diz çökdürə bilməyəcəklər, tam əksinsə...

Biz də işğal altında olan Qarabağ məsələsi də başda olmaqla hər sahədə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. 

Azərbaycan ilə reallaşdırdığımız TANAP-la bağlı işlər planlaşdırıldığı kimi sürətlə irəliləyir.

Qarşılıqlı yatırımlarımız 13 milyard dollar həcmindədir. Beş il ərzində 20 milyard səviyyəsinə çıxartmağı düşünürük. Toplantıda Naxçıvanın artan ixracatını dəyərləndirmək üçün çalışmağa qərar verdik. Naxçıvanın turizmə açıq sahələri var. Prezident İlham Əliyevlə birgə oradakı duz mağaralarında olmuşam.”

Prezident İlham Əliyev çıxışında miqrant probleminə də toxunub:

“Görürsünüz, qaçqınlar Avropaya üz tutduqda onları orada nələr gözləyir. Qəfəslərə salınırlar, ləyaqətləri təhqir edilir. Bəs haradadır ümumbəşəri dəyərlər, mərhəmət? Biz bu insanların acı talelərinə biganə qala bilmərik. Türkiyə bir daha nümayiş etdirdi ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar.

Bu gün burada imzaladığımız sazişlər birliyimizin işarəsidir. Türkiyə dünya miqyasında güc mərkəzidir”.

Qeyd edək ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında 6 ayrı saziş imzalanıb. 

Onu da vurğulayaq ki, Türkiyə mediası iki qardaş ölkə başçısının mətbuat konfransının sonunda çəkilən səmimi görüntülərinə xüsusi yer ayırıb.