Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.
İranda
Bizə yardım üçün Türkiyədən qoşun göndərildiyini bildik.Onlara çatmaq üçün İrana getməyə qərara verdik. Bir çox həmyerlilərimizlə birgə, gəmi ilə Ənzəli limanına getdik və Rəşt şəhərinə keçdik.
Qaçmazdan əvvəl, Müsavatçıların başqanı Məhəmməd Əmin Rəsulzadənin bizləri tərk edib, xəbərsiz olaraq Lahican kəndinə qaçıb gizləndiyini öyrəndik.
O adamdan və partiyasından büsbütün soyudum. Bu kənddə olarkən “Əsrimizin Səyavuşu”nu yazmışdı. Halbuki, o, daha əvvəl solçuların yaxın dostuydu. Görəsən, qaçmağın səbəbi nəydi? Bu şəxsin daha sonrakı fəaliyyətində də eyni hal müşahidə edilirdi.
Rəştdə məskunlaşıb, Əli qardaşımla arvadı həkimlik etdilər - Yusifin atası da eynilə. Bizsə Yusiflə (O, Bakıda Hərbi Məktəbdə oxuyurdu) bir vaxtlar Azərbaycandan qaçırdığımız Türkiyəli zabitlərin bir çoxuyla əlaqə yaratdıq. Daha sonra Gilan vilayətində inqilab edən Mirzə Kiçik xanla görüşdüm.
Mirzə Kiçik xanın qərargahı Gilanın balta dəyməmiş cəngəlliklərindəydi. Rəştdən bu meşəyə girmək üçün, gözlük şəklində olan (əslində, elə farsca adı da “Eynək” idi) iki gölün arasından, dar bir yoldan keçməliydin. Xüsusən bu yerlər İngilis qoşunları üçün daha sonralar bir tələ rolunu oynadı.
Mirzə Kiçik xan və İzzətullah xan
Mirzə Kiçik xanın gizli nümayəndəsi Rəşt şəhərində ağayi İzzətullah xandı. Çox dərrakəli və yaraşıqlı bir mücahiddi- ucaboylu, enlikürək... Həmişə geniş sinəsinin üstündən çarpaz bağlanmış patrondaşlarında soldan sağa, sağdan sola güllələr sıralanardı, silah da yanından əksik olmazdı.
Əlaqə yaratdığımız türkiyəli zabitlər, İran tərəfiylə dəvələrə yüklənmiş silah və cəbbəxananın gəldiyini və köməyə tələsən “Qafqaz Ordusu”nun da Bakı istiqamətində yol aldığını bildirdilər. Ayrıca, Rus inqilabı (sosialist-kommunist və erməni) təşkilatlarına yardım etmək məqsədilə İngilis qoşunlarının da Rəşt-Ənzəli tərəfdən (Xəzərdən gəmi ilə adlamaqla) Bakıya doğru yürüş əmri aldıqlarını da öyrənmişdik.Yəni iki tərəfli “yürüş” başlamışdı və bizim vəzifəmiz də ingilislərlə gələn rus “kazakları”nı (Biçexarovun komandanlığıyla) yürüşünü mümkün qədər gecikdirməkdi.
Bu məsələni həll etmək üçün İzzətullah xanla görüşməyimiz lazım gəlirdi. Biz “Eynək” yolunu keçib, qərargah rolunu oynayan cəngəllikdə bələdçi mücahidlərdən (Kiçik xanın adamları belə adlanırdı) birinin vasitəsilə onu tapıb və bir kənddə görüşdük. İzzətullah xan bizə, Mirzə Kiçik xandan belə bir xüsusda əmr aldığını, ingilislərin və ya rus əsgərlərinin yolunun kəsiləcəyini və Rəştdən o tərəfə keçə bilməyəcəklərini dedi. Hamısı saqqallı olan bu mücahidlərin çox da böyük iş görə biləcəklərinə inanmırdım. (Onların bir çoxu qəhvəxanalarda nəşə çəkirdilər.) Bununla belə, ingilisləri heç olmasa, bir müddət gecikdirə bilərdilər...
Bu arada bizim Lənkərandakı birlikdən xəbər gəldi.Orada ruslarla döyüş olmuşdu. Bakıdan gələn rus dəstələri və Muğan çölündə yerləşən rus kəndliləri silahlanaraq, qəflətən onlara hücum etmişdilər. Bizimkilər bir neçə şəhid vermişdilər. Mənim zavallı dostum Talib Bukerov da onların arasındaydı. Bizimkilər İran sərhədindən dağlara və oradan da Güney Azərbaycanın Türk kəndlərinə keçmişdilər.Bu xəbər məni sarsıtdı. Aradan az bir vaxt keçmişdi, gördüm bizim komandirimiz İsgəndər İsgəndərbəyli də bir çox əsgərlərimizlə birgə Rəştə gəldi. Qucaqlaşıb görüşdük. Başımıza gələnləri danışdıq və nəhayət, işə başladıq.
Komandanımız İsgəndər bəyi yola salırıq
Verilən qərara görə İsgəndər bəy mülki şəxs kimi, İran pasportu ilə Bakıya gedəcək və orada təşkilat yaradacaqdı. Bir gün səhər alaqaranlıqda onu araba ilə Ənzəliyə göndərdik.Yusiflə mən isə velosipedlə yola düşdük. İsgəndər bəylə Qazyanda bəlli bir evdə görüşəcəkdik. Evin sahibi Azərbaycan türklərindəndi.Ənzəli tərəfdə qəssab dükanı vardı - tam boğaz ilə göl arasında. Rəşt - Ənzəli şossesi qismən meşəlikdən keçir. Sübh tezdən Qazyana yaxınlaşarkən meşənin sağ və sol tərəfində duman içində rus geyilmli silahlı qruplar gördük; bunu heç cür anlaya bilmədik. Sürətlə irəliləyib, keçdik.
Qazyanda İsgəndər bəyi tapdıq və birlikdə Ənzəli tərəfə keçib, hazır dayanmış gəmiyə göndərdik. Pasport yoxlanışından yaxşı sovuşdu və biz ona uzaqdan göz qoyduq. Bizə verdiyi işarədən anladıq ki, işlər yaxşı gedir.
Qırmızı Rus əsgərləri yolumuzu kəsirlər
Az sonra sərnişin qayığı hərəkət etdi və biz də geri döndük. Qayıqla Qazyana keçdik və velosipedlərimizi minərək, Rəştə tərəf yol aldıq.Uğurumuza Yusiflə mən sevinirdik, şirin-şirin danışırdıq. Meşənin tam dərinliyinə adlayıb, sərin havada sürətlə irəliləyərkən, arxadan bir motosikletin gəldiyini hiss etdik. Meşənin sağ və solunda rus əsgərləri çoxalmışdı, hamısı da silahlıydı. Arxamızca gələn motosikletdən səs eşidilirdi: Stoy! (Dur!) Biz durduq və motosikletin yan arabasında kimi görsək yaxşıdır- əlində rus tüfəngi, əynində paqonsuz əsgər şineli, başında əsgər dəbilqəsi, bir zamanlar erməni Millətçi Tələbə Təşkilatının başqanı olmuş Zovak Apresov.
Zovak arabadan enib, bizə yaxınlaşdı. Sanki tanımırmış kimi:”Siz kimsiniz və haraya gedirsiniz?”-deyə qışqırdı. Ona kim olduğumuzu dedik. Bu dəfə də:”Buradan keçməyin qadağan olunduğunu bilmirsinizmi?”-dedi.
Ona İran hökumətinin belə bir əmrindən xəbərsiz olduğumuzu söylədik. Bu dəfə də: ”Əmr bizimdir!”-dedi. Mən də onu tanımırmış kimi:”Siz kimsiniz?”-deyə, soruşdum.”Biz Sentrokaspi əsgərləriyik”-deyəndə, ”İranda Sentrokaspinin nə işi var “-dedim. Zovak bizə hirsləndi:”Sizi həbs edirik. Dərhal Ənzəliyə qayıdın və orada əmrimizi gözləyin!”- dedi...
Biz çarəsiz qalıb Ənzəliyə döndük. Təşkilatımızın həqiqi üzvlərindən biri olan, həmyerlimiz qəssabı tapdıq... Başımıza gələnləri danışdıq. Bir az sonra rusların (Sentrokaspi) adamlarının Rəşt yolunu ələ keçirib, İngilis - Rus qoşunlarını qarşılayıb, asanlıqla Bakıya adlamasını təmin etmək istədiklərini öyrəndik...
Bu vəziyyəti qısa vaxtda Mirzə Kiçik xanın müavini İzzətullah xana çatdırmaq lazım idi. Amma necə? Həmyerlimiz qəssabın bildirdiyinə görə, göldə makinalı tüfənglə təmin olunmuş, rusların motorlu qayığı vardı... Qayıqla suya girsək, bizi tuta bilərdilər.
Bu arada Qaziyan yolunun ələ keçirildiyini öyrənən, başlarında keçə papaq, üç silahlı “mücahid” gəldi.Qəssab bizi onlarla tanış etdi. Bizim “cəngəllik”lə əlbir olduğumuzu öyrənən kimi bizə inandılar və birlikdə plan qurduq:”Axşam olan kimi tanış qayıqçı qəssabın dükanına yan alacaq və Yusiflə mən minərək, çayın ağzına qədər bərabər gedəcəyik. ”Mücahidlər” silahlı olduqları üçün, şübhə yaranmasın deyə, dükanda qalacaq və qayığın dönməsini gözləyəcəkdilər. Biz isə çayın qırağına çatanda ,velosipedlə imkan daxilində, təcili olaraq Pirbazara və oradan da Rəştə getməyə çalışacaqdıq.
Qərarlaşdırdığımız kimi etdik. Axşamın ilk qaranlığında, Bismillah deyərək və bütün ümidimizi Ulu Tanrıya bağlayaraq, yola çıxdıq. Dostlarla səmimi şəkildə halallaşıb, vidalaşdıq. Göldə heç bir səs yox idi.Yalnız ara-sıra qarabataqların rahatsız etdiyi və qaçqov etdiyi balıqlar havaya tullanıb, suya düşərkən səs çıxarırdlar.Göldəki balıqçı adasına çatmamış, uzaqdan motorlu qayıq kölgəsi göründü. Biz ürpəndik: “Birdən yaxalansaq?..” Qayıqçı dayandı, motorun istiqamətini müəyyən etmək istədik. Ancaq o yerində mıxlanıbmış kimi durmuşdu. Hər halda ruslar özlərinə güvənərək (bir vaxtlar Lənkəranda olduğu kimi) görünür, başları içməyə qarışmışdı. Qayıqçı istiqaməti çayın ağzına tərəf götürüb, daha da qeyrətlə yoluna davam etdi. Bir ara qayığın kölgəsi tərpənən kimi oldu, hətta motor səsinə oxşar bir səs eşitdik. Amma motor yerində dururdu.Görəsən, bir kölgə görüb, hərəkətə keçməkmi istəyib, sonra fikirlərindən daşındılarmı? Bəlkə də, gölün içində olduğunu düşündülər... Bunu heç birimiz bilmədik. Lakin qayığı xeyli uzaqda buraxıb, hər üçümüz çayın qırağına çatmağımıza sevindik. Bunu da quşların bolluğundan anladıq. Buralar quşların toplaşdığı yerdi. Qarabataqla qaşqaldaq daha çox idi. Onlar suyun üstündə yaşayır, durnalar isə quru ağac budaqlarında məskunlaşırdılar. Bizi görən quşlar bir az səs-küy saldılar, qorxulu bir şey görməyəndə sakitləşdilər.
Az sonra çayın ağzına çatmışdıq. Sahildə kölgələr görünürdü.”Keleci”(xüsusi yelkənli qayıq; çayın aşağısından yuxarıya bu qayıqların cinahlarına ip bağlayıb çəkilir; yuxarıdan aşağıya isə ya axının, ya da küləyin yardımıyla kiçik yelkən açıb hərəkət edir.) hər vaxt müştəriləri burada gözləyirdi.Çox güman ki, kölgələr də onlarınkıydı. Biz qaranlıqda qayıqdan enib, görünən keleciyə tərəf gedərkən, bir neçə silahlı mücahid qarşımıza çıxdı:”İsmi şeb çiye”-deyə yaxınlaşdılar. Biz onlara farsca:”Gecənin parolunu bilmirik, amma Mirzə Kiçik xanla birgəyik, əlbir işləyirik. Bizi Rəştdə İzzətullah xan da tanıyır,”-deyən kimi,”ismi şeb”ə ehtiyac qalmadı və dərhal bizi hörmətlə keleciyə mindirib, Pirbazara apardılar. Orada da velosipedlərimzilə bərabər faytona mindirərək, Rəştə - düz İzzətullah xanın evinə apardılar.
Evin qabağında adam çox idi.Gündüzlər görünməyən “mücahidlər”, əli silahlı qapıda əmr gözləyirdilər.
İzzətullah xan da bizi çox hörmətlə qarşıladı, yanında oturtdu və vəziyyəti soruşdu. Dərhal ona Qaziyan yolunun rus-erməni əsgərləri tərəfindən işğal edilmək üzrə olduğunu söylədik, gördüklərimizi,başımıza gələnləri danışdıq...
İzzətullah xan başçıları çağırdı, bir çox əmr və tapşırıqlar verdi və bizə çay içirtdikdən sonra, təşəkkür etdi.Vaxtında ona verilən xəbərə görə çox məmnun idi...
Evə xeyli gec gəldik, gecə saat on birə qalırdı. Bizimkilər, Qaziyana nə üçün getdiyimizi bilmirdilər; bilsəydilər buraxmazdılar. Hələ başımıza gələnləri danışdıqda, yenidən həyəcanlanmağa başladılar. Amma artıq iş-işdən keçmişdi; həm də uğurla...
Sübh tezdən yuxudan durarkən, Qırmızı rusların bir qisminin öldürüldüyünü,yerdə qalanların isə dəniz yolu ilə gəldikləri kimi ,silahları da ataraq qaçdıqlarından sevinc içində xəbər tutduq. Bakıya dönmüşdülər. Beləcə də rusların ingilisləri (rus kazakları ilə birlikdə) qarşılamaq planları puç olmuşdu və Ənzəli də “cəngəllilər”in əlinə keçmişdi. Artıq göldəki motor da “cəngəlliklər”in ətrafında dolaşırdı.
İngilis əsgəri birliklərinin gəlişi
Bu olaydan bir neçə həftə sonra, sabahların birində Rəştə xəbər yayıldı - ingilis qoşunları Qəzvinə gəliblər. Bu o deməkdi ki, artıq buralara yaxınlaşırlar. Biz dərhal hazırlığa başladıq. Azərbaycanın məşhur bəstəkarı Üzeyir bəy Hacıbəyli idarəsində yerlilərimizə yardım etmək üçün ,bir operetta truppası yaratmışdıq; oynayacaq qız olmadığındana görə mən də, yenicə tərləyən bığ yerimi pudralayaraq,”Arşın mal alan” operettosunda Gülçöhrə rolunu oynayırdım. Bu xəbər yayılan kimi, tamaşalardan vaz keçib, ciddi işlərə başladıq.
Mirzə Kiçik xanın adamları nizami qüvvə deyildilər; bunların çoxu əllərinə silah keçirib, macəra axtaranlardan ibarətdi.Onlar meşədən,cəngəllikdən kənarda; açıqda vuruşa bilmək durumunda deyildilər. Belə ki, ingilislərlə ruslar Rəştə yaxınlaşarkən, şəhərin kənarında bir silahlı atışma oldu. İngilislərin “Ford” avtomobilləri və bir də nazik zirehli maşınları vardı; habelə, təlim görmüş əsgərləri.”Cəngəllilər” şəhərə çəkilmək məcburiyyətində qaldılar, lakin bununla belə,Qaziyan yolunu tuta bilmədilər.Gözlənilən ikinci hücuma hazırlaşdılar.
İzzətullah xan məni gizlicə evinə dəvət etdi və səlahiyyət verdi: Şəhərin çölündə yerləşən və “Bağışah” geyilən, içində neft anbarları olan tərəfə gedib, hər an ona xəbər çatdıracaqdım.
Mülki paltar geyib, səhər tezdən birbaşa oraya getdim. İngilislərə verəcəyim cavab hazırdı: Petrol anbarının müdiri bizim tanış həmyerlimiz Rahim xandır.Onlarla yaxın qohum olduğumuz üçün tez - tez görüşürük.Və bunlar həqiqətdi.Təbii, əsl məqsədimi bildirməli deyildim ki...
Elə də oldu. Sipərlər arasından rahat keçdim.Bir ingilis zabiti, haraya getdiyimi soruşanda, neft anbarlarını göstərərək:”Bağışah” deyə cavab verdim.Yanıma bir hindlini qoşdu. Hindli yolda mənimlə danışdı, dost olduq.Türk olduğumu bilən kimi çox sevindi:”Hindu və Müslüman yek bərabər est”(Hindli ilə Müsalman qardaşdırlar) dedi. Mən də təsdiqlədim. Bir az ordan-burdan danışandan sonra, ağzını aradım, bugünkü durumlarını, qoşunlarını, işarələrinin mənasını, gözlədikləri qüvvələri az-çox öyrənə bildim. Rahim xanın ailəsilə görüşüb, geri döndüm. Rahim xan məni elə-belə buraxmadı -16 yaşlarında baldızı Leyla siprələri də mənə anlatdı; o, maraq üçün bacıları ilə birlikdə gəzib görmüşdü...
Beləliklə, şəhərə yaxşı və bol bilgilərlə gəlirdim. Xəbərləri axşam İzzətullah xana çatdırdım. Dərhal adamlarını çağırdı, əmrlər verdi və atının gətirilməsini tələb edərək, təşəkkür edib, vidalaşdı və adamları ilə birlikdə ”Eğneq”ə doğru yola düşdü.
İngilislər, haradansa,”mücahidlər”in hücuma keçəcəyini öyrənmişdilər (sonradan bildim ki, mənim məlumatlarımı əsas tutaraq, Mirzə Kiçik xan ertəsi gün sabah üçün hücum əmri vermişdi) və daha cəld tərpənərək, bizim də oturduğumuz, şəhərin ən böyük meydanı olan “Səbzəmeydan”a dar küçələrdən girmişdilər. Meydanda, ingilis dəstələri-“Gurka”lar, ”Hindistan”lılar (ingilislər özləri meydanda yox idi) səngər qazdılar və cəngəl tərəfindən gələn “cəngəllilər”lə atışma səhnəsi qurmuşdular. Bu ara İzzətullah xanın evinə gurkalar çatdı. Müdhiş bir atəş başladı. Cəngəllilər arxa qapıdan İzzətullah xanın qiymətli əşyalarını, sənədlərini qaçırdılar- bunlar hamısı bizim evin bağçasından görünürdü.
Səbzəmeydan tərəfdə atışma davam edirdi. Bu arada bir neçə “Gurka” və “Hindistan”lı bağçada vuruldu. Gurkaların bəziləri müsəlman çıxmışdı. Onlar sonradan, İngilis qüvvələri geri çəkildikdən sonra Müsəlman dinini qəbul etmişdilər.
Bu vaxt İzzətullah xanın evindən atəş kəsildi. Lakin ingilis dəstələri bunun tələ olduğunu düşünüb,yaxınlaşmağa cəsarət etmədilər. Sonra qonşumuzun evinə keçərək, bağçalarından İzzətulah xanın evini nəzarət altına aldılar. Artıq başa düşdülər ki, o evdə kimsə qalmayıb. İngilislər evi yandırmaq istədilər; benzin gətirdilər. Nəhayət, bizimkilər tərcüməçi vasitəsilə, bunu bütün şəhər üçün böyük fəlakət olacağına inandıra bildilər. Evlərin hamısı da taxtadan idi, bir anda şəhər alovlar içində qala bilərdi. Xülasə, ingilislər də işin ciddiliyini qavrayıb və qərar verdilər: evi qazma kürəklərlə qazıb yıxacaqdılar - elə də etdilər...
Eyni zamanda tüfəng səsləri də artdı və Səbzəmeydan bütünlüklə bir hərb meydanına döndü.Cəngəllik tərəfdən gələn “mücahidlər” ingilisləri güllə yağışı altına saldılar. Bu vaxt geri çəkilən ingilislər pulemyotlarını Səbzəmeydanın baş tərəfinə yerləşdirdilər və qarşıdakı evləri gülləyə tutdular. Amma meşədən gələn dəstələr hər tərəfdən hücuma keçərək, ingilis qüvvələrini geri oturtdular.Ən çox “iş görən” ingilislərin nazik zirehli avtomobiliydi. Onu ələ keçirmək üçün plan hazırladıq. Mənim təklifim qəbul edildi. Meydana çıxan yolun başında “Seğnek”(çınqıl daşları üstündə bişirlilən qalın, amma çox ləzzətli və kövrək yuxa növü) təndirinin ətrafında yol qazılacaq, dərin çuxur açılacaq, sonra çuxurun üstü qalın qamışlarla örtüləcək və sökülmüş daşlar ustalıqla düzüləcək, aralarına da qum, torpaq doldurulacaqdı.
Hər şey gecənin qaranlığında və kimsənin görməyəcəyi bir şəkildə olmalıydı.(işıqlar söndürüldü və küçənin hər iki başında növbətçilər dayandı, beləliklə, o küçədən kimsə keçməsin)
Tələ hazırdı : bu zirehli əlimizə keçsə, ingilisləri hər tərəfdən təmizləyə bilərdik.
Səhər açılan kimi, gizli cəsuslar vasitəsilə ingilislərə xəbər çatdırdıq:”Cəngəllilər” şəhərdən çəkiliblər və sonra da özləri beş-beş,on-on evlərin bağçalarında gizləndilər. Az sonra bunun təsiri göründü. İngilislər, qabaqda makinalı tüfənglərlə müşahidə edə - edə, zirehli maşın və arxasınca ”Ford” maşınları Səbzəmeydana doğru hərəkətə başladılar. Biz-bir neçə cəngəlli və mən tələnin yaxınlığındakı səngərdə pusquda dayanmışdıq.Maşın tam bizim tələyə yaxınlaşdı və sanki əllə cızılmış xətdə-düz çuxurun başlanğıcında dayandı. Sürətlə səngəri pulemyot tüfəngdən atəşə tutdu. Bu işə mat qaldıq, deməli, ingilislərin də aramızda casusları vardı. Biz atəşə cavab vermədik. Maşın dalı-dalı çəkilib döndü. Fordlar da onun dalınca. Demək, ingilislər cəngəllilərin şəhəri tərk etməsinə inanmayaraq, bunu öz cəsusları vasitəsilə dəqiqləşdirmişdilər... O gün hadisəsiz keçdi. Səbzəmeydana döndüyüm zaman mənə bəd xəbər verdilər: Qohumum Dərviş Səbzəmeydan müharibəsində qəhvəxanada, ingilislərin pulemyotları atəş açdığı vaxt vurulmuş və şəhid olmuşdur. Dərviş çox savadlı və millətçi bir insandı; Payız – qış ayaqyalın olardı, çiyinlərinə tökülən saçlarını bir şey örtməzdi.Əlində , uzun boynuna münasib Qızılağac dəyənəyi və təsbeh olardı. Hər vaxt gülərüz görünərdi.Çoxlu şeir bilirdi və boş vaxtlarımızda, cəngələ tərəf bir yerdə şirin-şirin söhbət edə - edə gedərdik. Mənə də şeir öyrətməyə çalışardı. Bir gün yenə də cəngələ doğru gedirdik. Bu arada uzaqdan bizə sarı gələn cənazə alayını gördük. Qabaqda gedənlərin birindən, kimin cənazəsi olduğunu soruşduq. Sən demə, Rəşt vilayətinin ən varlı adamının cənazəsiymiş və Dərviş onu yaxşı tanıyırmış. Məni kənara çəkib:”Sən dur burda, məni gözlə,”-deyə cənazə aparanların qarşısına keçdi. Dəyənəyini havaya qaldıraraq :”Durun!” deyə bağırdı. Kimsə etiraz edib, səsini çıxarmadı. Cənazə alayı, yerində mıxlanmış kimi durdu. Dərviş əvvəlcə dua oxudu və sonra, dəyənəklə bərabər hər iki əlini havaya qaldıraraq qışqırdı:
-Ey, ağa Hacı... ağa! Bu kəndlər, karvansaralar, evlər sənin deyildimi? Nooldu?.. İndi sən də mənim kimi bir kəfənə sarılıb, ancaq mənim qədər torpaqda yer tutacaqsan...
Dərviş əllərini aşağı salıb, dəyənəyini qucağına aldı:”Haydı, Allah təqsirindən keçsin. Rahat yeri , yeriyəcəyimiz yolları...” Biz getdik, cənazə alayı da yoluna davam etdi.
İndi də Dərviş dostum öz yolunu tutmuşdu. Allah rəhmət eləsin! Dostumun şəhidliyindən bir həftə keçmişdi ki, bir xəbər yayıldı. Biçeraxovun komandanlığı ilə rus - kazak süvariləri yaxınlaşır və ingilislərə Qaziyan yolunu açmağa kömək edəcəklər. Həqiqətən də, iki gün sonra Rəştə hücum başladı. İngilis qoşunları, qabaqda rus süvariləri olmaqla, xeyli itki verəndən sonra, Qazyana çatdılar. Beləliklə, bu qüvvələrin mümkün qədər başını qatmaq vəzifəmizi qismən də olsa bacarıb, yerinə yetirə bildik.
Sərtib
Axşam qonşumuz -“Sərtiban adamı” gəlib məni dəvət etdi.(Sərtib –rəsmi Şah ordusunun generalı deməkdir.) Qısa danışdı:”Ağa, sən məni tanımırsan, amma mən səni İzzətullah xandan bəri tanıyıram. Mən buradan qaçıram: Səni də ingilislərə satmışlar. Axtarıb taparlarsa, sənin üçün pis qurtara bilər. Müharibə vaxtıdır, kimsədən bir şey soruşulmaz. Onsuz da söz sahibi olan bir kimsə yoxdur. Bunu ingilis “dostlarımdan” öyrənmişəm; yerli cəsus bu barədə xəbər verəndə eşitdim. Sən qaç buralardan...”
Ona təşəkkür edib, çıxdım. Düz doktor Əli qardaşımgilə gedib, məsələni ona danışdım. Eyni zamanda Güney Azərbayacan istiqamətində gəlməkdə olan Türkiyə ordusuna qatılmaq arzusunda olduğumu da ona bildirdim. Qardaşım qətiyyən məni buraxmaq istəmirdi.Yusif qərarımı bilən kimi, mənimlə gedəcəyini bildirdi. Bunları öyrənən göz həkimi, həmyerlimiz Məmmədəli ,sonralar Maliyyə naziri müşaviri olan Yusif Əli Əliyev və qohumlarımızdan Mikayıl Mirzə (Xancahan Mirzənin və Fara xalanın oğlu) və şahzadə Qacar da eyni qərara gəldilər.
Mənim vəziyyətimi bildikləri üçün, mən gecəni tanışlarımızın evində keçirdim, onlar da yola hazırlaşdılar. Sabah tezdən yolçuluğa başlarkən, yazıq anam çox kədərləndi; lakin Türkiyə ordusuna qatılacağımı biləndə həm sevindi, həm də ağladı.
Mən üstüörtülü faytonla, tək-tənha kənddən ayrıldım və tanıdığım yolla birbaşa Pirbazara gəldim.Orada, meşənin sərinliyində bizimkiləri gözlədim. Az sonra onlar da gəlib çıxdılar. Hamımız birlikdə, hazır dayanan və müştəri gözləyən keleciyə minərək, çay aşağı-gölə doğru hərəkət etdik. Lakin orada motora minməyib, daha böyük yelkənli bir qayıqla Xəzər sahillərinə yaxın olan Ənzəli sahilinə çıxdıq. Buralarda ingilislərdən əsər-əlamət yox idi. Onlar ,Ənzəli ilə Qaziyanı bir - birinə birləşdirən boğaza sahiblənmək istəyirdilər - bu qədər əraziyə səpələnə bilməzdilər.
Qamışlıqdan sahilə çıxarkən, elə ilk söhbətdən məlum oldu ki, biz haqlıyıq. İngilislərlə rus kazakları, bir az əvvəl sərnişin gəmisinə minib, Bakıya çatmağı düşünürmüşlər. Ənzəli bazarına belə baş çəkməmişdilər.
Yola düşməyə hazırlaşarkən, qastrik bir xəstəliyə tutuldum.Təbii ki, bu vəziyyətimlə yola çıxa bilməzdim.Qardaşım:
-Ən yaxşı əlac isti çay içində konyakdır,-dedi.
Dərhal dükandan konyak alındı və çayıma qatdıq. Amma mən içki içmədiyimə görə, buna yaxın durmaq istəmədim. Nəhayət qardaşım məni yola gətirə bildi:
-Bu dərmandır, keyf üçün içmirsən ki!..
Həqiqətən də, konyaklı çay çox yaxşı oldu, mədəmin ağrıları dayandı və biz də yola çıxdıq. İstiqamətimiz gölün sonundakı bir kənddi. Oraya çatandan sonra Allah yetirən bir vasitəylə Astaraya qədər yolumuza davam edəcəkdik.
Qayıqçılarımız iki cılız kişiydi. Buna baxmayaraq, kürək çəkməkdə çox mahirdilər. Qısa bir vaxtda bizi gedəcəyimiz kəndə çatdırdılar.Qayığı ustalıqla idarə edib, qamışlığın arasından keçirərək, sahilə yan aldılar.
Onlarla vidalaşdıq, ustalıqlarını təriflədik, haqq-hesablarını verib ayrıldıq. Kənddə, təsadüfən, gedəcəyimiz istiqamətdə səfərə çıxan atlı kəndlilərlə rastlaşdıq. Onlar Xəzər sahilindəki Türk kəndlərindəndilər. Bizi məmnuniyyətlə, boş qalan yük atlarına mindirdilər və hamımız birlikdə yola düzəldik.Yol, daha doğrusu, cığır o qədər də sıx olmayan meşədən keçirdi.Ovqatımız əlaydı: Biz də qardaş ordusuna çatacaqdıq.
Gecələri , han (qapalı bazar) və ya çayxanalarda keçirirdik. Həkim axtaran xəstə kəndlilərə, əlimizdən gəldiyi qədər dərman və tövsiyələrlə yardım edirdik. Bu üzdən də, bütün kədlilər evlərinə dəvət edirdilər. Dörd gün yolda olmağımıza baxmayaraq, hələ də Astaraya çatmamışdıq. Dördüncü gün günorta vaxtı meşənin içində bir kəndə çatdıq. Kəndə çatar-çatmaz, yolda bir inilti eşitdik, yaxınlaşanda ,bir ağacın kölgəsində, əynində şah xidmətçilərinə məxsus forma olan ,orta yaşlı bir adam gördük.Yazıq, ağacın altında oturub inildəyirdi.
Salamlaşıb danışdıq. Məlum oldu ki, bir az əvvəl, qarşısına silahlı bir qız çıxmış və onu dayandırıb, əlindəki silahını və atını alaraq, özünə də “Yaxşı yol!” deyib. Biz bu şah məmuruna həm güldük, həm də acıdıq. Məlum idi ki, qız tək deyilmiş və ağacların arxasında əli silahlı kişilər varmış...
Bizi də yolda bir qız qarşıladı - qara qaş, qara göz, sütül bir qız. Haraya getdiyimizi soruşandan sonra:”Buyurun, sizləri gözləyirdik,”-deyib, bizi yolumuzdan ayırdı və meşənin dərinliyinə doğru apardı.
Qız qabaqda, qalın budaqlar arasında sanki şütüyürdü, bizsə, karvan kimi bir-birimizin arxasınca düzülmüşdük. Bir ara qız dönüb, bizdən, atların bizim olub-olmadığını soruşdu. Bizim olmadığını dedik.”Yaxşı” deyib, yenə də yoluna davam etdi. Bir az sonra ağacların budaqları altında upuzun bir ev gördük. Qızın işarəsiylə atlardan düşdük, bu vaxt evdən bir neçə kişi çıxdı və eyni zamanda ağacların arasında əli silahlı xeyli gənc oğlan göründü . Anladım ki, bu əli silahlı gənclər də yolboyu bizi izləyiblər.
Bizi çox zəngin döşənmiş kənd evinə dəvət etdilər. Hər tərəfdə qiymətli xalçalar, yastıqlar, üst-üstə yığılımış döşəklər, yorğanlar... vardı. Sonradan öyrəndik ki, bunlar bu məntəqənin bəyləriymiş. Bu yollar da onlara tabe imiş; yəni onlara bac - xərac vermədən heç bir ticarət karvanı buralardan keçə bilməzmiş, hətta, Şahın məmurları da gözə dəyməzmiş. Görünəndə də aqibəti yolda gördüyümüz məmurdan yaxşı olmazmış...
Gecə ev sahibi tərəfindən bizə böyük bir qonaqlıq verildi. Çeşidli qaralarla (“qara” Azərbaycan Türklərində süzmə plovun üstünə qoyulan, xüsusi şəkildə , ayrıca hazırlanan, kişmiş və toyuq “çığırtma”- yəni yumurta ilə birlikdə qızardılmış ət hissələri;”Səbziqovurma”-yəni doğranmış ispanaqla bir yerdə qızardılmış quşbaşı quzu əti və s.) plov, bitib - tükənməyən çay qonaqlıqları və bu arada da şirin söhbətlər... Bu adamlar Azərbaycan haqqında eşitmiş, amma görməmişdilər. Bu yaşa çatmışlar, lakin onların arasında Astaranı belə görənlər azdı. Gənclər isə ərtafdakı dəniz, dağ və meşələrdən başqa heç nə görməmişdilər.Təbii ki, bunlarla siyasi söhbət eləmək mümkün deyildi. Amma Türkiyəni tanıyır, oradan yardım gələcəyini bilirdilər. Bu kimi xəbərlər çox tez yayılır, hətta, bu yerlər kimi əl-ayaq çatmayan yerlərdə belə...
Ertəsi gün bizim yola çıxmağımıza razı olmadılar:”Yox, sizin kimi Allah qonağını haradan taparıq”-dedilər. Məcbur olduq ki, təklifi qəbul edək. Səhər tezdən bizə bir gənc qız yanaşdı, xoşgəldin elədi. Çox dilli-dilavər qızdı, həm də olduqca gözəl - yəni o biri qızın tam əksiydi. Gur sarı saçlı, yaşılaçalan mavi gözlü və gülümsər bir çöhrəsi vardı.Ondan nə işlə məşğul olduğunu soruşdum.Meşələrlə örtülü qarşı uca təpələri göstərdi və adi bir şeymiş kimi:
-Bu təpələrdə yolçuları soyuruq-dedi.
Əvvəlcə inanmaq istəmədik, hamımız güldük. Lakin sonra inanmaq məcburiyyətində qaldıq. Çünki bunu kişilər də, gülərək təsdiq etdilər:
-O, bizim köməkçimizdir!- dedilər.
Bu arada ürəyim sıxıldı və qızdan:
-Burada balıq tutmaq imkanı varmı?-deyə soruşdum.
Qız əlini irəliyə uzadaraq:
-Burada su var, tutmaq olar. İstəsən səni oraya aparım-dedi.
Qız evlərinə qaçdı, hər halda ,bir tilov gətirəcəkdi. Bu arada Yusif, Əli Dadaş və Məhəmməd Əli bəy mənim üçün yaman qorxdular:
-Aman, o qızla getmə, kişilərdən qısqanan olar, açığı, burada qanun filan yoxdur!
Fəqət mən qulaq asmadım. Bu vaxt qız da əlində qamışa taxılmış tilovlarla gəldi; ev sahiblərinin də təkidilə biz yola düşdük. Balıq ovlayarkən qız çox danışır, gözləri parlayırdı. Bir şey tutmadan geri qayıtdıq. Bu an qız məni saxladı, gözlərimin içinə baxdı, sonra başını yerə əyərək:
-Gedəndə məni də apar!-dedi.
Mən vəziyyəti ona başa saldım; döyüşə gedəcəyəm, deyincə:
-Mən də səninlə birgə yağıya (düşmən) qarşı vuruşaram-dedi.
-Nizami orduya qızları qəbul etməzlər -deyəndə, artıq mənə haqq qazandırdı.
Geriyə dönərkən mütləq baş çəkəcəyimi vəd etdim, öpüşmədən qucaqlaşıb ayrıldıq.
Ardı var...