Rasim Quliyev məhkəmə zalından azadlığa buraxıldı - Foto

rasim-quliyev-mehkeme-zalindan-azadliga-buraxildi
Oxunma sayı: 10585

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda yekun qərar verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və R.Quliyevin cəzası şərti hesab edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 2010-2018-ci illərdə BŞİH-də aparat rəhbəri olan R.Quliyev 2021-ci ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunsuz tikinti aparılmasına icazə vermə) maddələri ilə ittiham olunurdu. İttihama əsasən, R.Quliyev BŞİH başçısının birinci müavini, daha sonra isə başçısı səlahiyyətlərini icra edərkən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verib.

R.Quliyev 3 il müddətə azadlıqdan məhrum edilmişdi. O, Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi.

Amin Nəzərli