Röyaya həsr olunan “Leyla” romanından - - parça

royaya-hesr-olunan-leyla-romanindan-
Oxunma sayı: 5381

 


- Döşünü çıxar, - pəsdən dilləndi. Bilmirdim nə edim, bir az da acığım tutdu.  Arvad əl çəkmədi, özü köynəyimin yaxasını açdı. Hardansa axmaq bir fikir gəldi ağlıma: bu arvadı illərdi tanımamışam;  xalis lezbiyandı, belə şeydən xoşlanır, kef tutur. Nə düşündüyümü davranışımdan, baxışlarımdan hiss edib pərt oldu. Amma işindən qalmadı, döşümü əlinə  alıb boşqabın içinə  bir iki damcı süd sağdı. 

- Süd qabın dibinə çöksə, deməli, qızdır. Yox, suyun üzündə qalarsa... mən dediyimdi: oğlan... 

Heyrətə gəldim. Süd həqiqətən suyun üzündə qaldı.  

Maraq mənə güc gəldi. Bakıya qayıdandan sonra birbaş getdim xəstəxanaya. Gördüm, həkimin gözləri gülür: oğlun olacaq! 

 Həmin vaxtlar dünyada məndən bəxtəvər adam yoxuydu, inanırsan?  Bəzən saatlarla oğlumla söhbət etməkdən usanmırdım. Hərdən bətnimdə yüngül çırpıntılar, tərpəniş hiss edəndə sevincimdən ağlayırdım. Sənət də, səhnə də, dostlar da gözümdən düşmüşdü. Daha doğrusu, heç birini meylim çəkmirdi. Amma xəstə eqoistliyim yavaş-yavaş baş qaldırdı:  hamiləliyim gündəmi tutmaq üçün əla fürsət idi. Axşam düşən kimi uşaq pal-paltarı satılan mağazaları gəzib ələk-vələk edirdim. O qədər oyuncaq, körpə paltarları almışdım... 

   Leyla barmaqlarının ucunu yanaqlarında gəzdirib göz yaşlarını sildi. Yenə nəsə demək istəyirdi, sözü dilində öldürdü. Boğazına yığılan qəhərdən boğuldu, sonra bir topa acı qəhər qaynar qurğuşun kimi sinəsinə yayılıb içini közlədi. 

- Vüqar get-gedə məndən soyumağa başladı. Əvvəl-əvvəl onu başa düşmürdüm. Əslində, hamilə qalandan sonra, o, məni daha çox sevməli, nazımı çəkməliydi.  Sonradan öyrəndim ki, Klara ilə görüşür.  Klaranın adını çoxdan eşitmişdim, amma kim olduğunu bilmirdim. Daha doğrusu, heç kim bu haqda danışmaq istəmirdi. Müğənnilər arasında bir yazıl-mamış qayda vardı: Kimliyindən  asılı olmayaraq, onun bütün tapşırıqları sözsüz yerinə yetirilməliydi. Belə deyək, Klara bizim gözəgörünməz idarəçimiz idi. Məsələn, o istəyəndə iki düşmən müğənni efirdə qucaqlaşıb öpüşməli, bir-birinə can deməliydilər. Düzdü, belə şeylər çox az-az olurdu, amma ona nə var, kefinə düşəndə istədiyini boğazımıza tıxamaqdan qalmırdı. 

Televiziyada bir departament rəhbəri var, etibarlı, inandığım adamdı, işdən çıxardılar. Bir dəfə söz arası mənə demişdi ki, Klaranın psixoloji problemləri var, uşaqlıqda travma alıb. Bilmirəm, bu yaxınlarda qəzetdə yazılanları oxudun, ya yox?! Onunla mənim heç vaxt problemim olmayıb. Daha doğrusu, bilirsən, ola da bilməzdi axı, qorxurdum. Bir gün Vüqar hər şeyi özü danışdı. Sən demə, məndən əvvəl onunla bir yerdə olub. Sonra qız özü bundan uzaqlaşıb. Amma səbəbsiz-filansız. Deyib, lazım olanda, ürəyim istəyəndə çağıracam, birdəfəlik gələrsən. 

- Leyla... vallah... ,  düzünü deyim, inandırıcı gəlmir nəsə. Bəlkə nəyisə danışmırsan, ona görə... Klara haqqında lap çoxdan eşitmişəm, qəzetdə yazılanları da oxudum. Amma belə adamın Vüqara meyl salmağı... bəlkə ola bilər, nə bilim... 

- Başa düşürəm səni. Amma Vüqarı ələ keçirməkdən sarı çox qızlar çalışıblar. Klara da qadındır. Düzdür, o istəsəydi, Vüqarı hər vaxt yanına çəkə bilərdi. Görünür, uzun ayrılıqdan sonra meyli indi çəkib. Şərt var-dövlətin az-çoxluğunda, hörmətdə, şan-şöhrətdə deyil, Vüqar hər dona məharətlə girib adamın gözünə kül üfürsə də, əclaflığını gizlətməyi bacarır. Sənə dedim axı,  həddən artıq maraqlı adamdır. İnsanın qəlbini şeytan kimi oğurlamağı bacarır. Bir də, hansı qadın istəməz ki, yanında belə istedadlı bəstəkar olsun. Tanınır, sevilir, hər yerdə ehtiramla qarşılanır, yaraşıqlıdır... Mən heç vaxt bilməmişəm ki, o əvvəllər Klara ilə görüşüb. Ətrafımda olan, Vüqarı məndən qabaq tanıyan adamlar da bunu  hiss etdirməyiblər. Vüqara görə yox, Klaranın qorxusundan. 

 2009-cu ilin mart ayı idi. Ağrılarım başlamışdı. Evə həkim çağırdım. Yoxladı, dedi, ciddi bir şey yoxdur, amma tez-tez sarsıntı keçirirsən, öz səhhətinə də, uşağa da yaxşı təsir etmir. Həmin vaxtlar Vüqarın ayağı evdən kəsilmişdi. Köməkçim zəng vurdu, vəziyyətin ciddiliyini öyrənib, yanıma gəldi. Boynuna sarıldım ki,  bətnimdə sənin körpəni gəzdirirəm, məni atıb getmə, tək qoyma, ehtiyacım var. İnanmazsan Rəcəb, başını dizimə qoyub hönkür-hönkür ağladı, üzrxahlıq etdi. Boynuna aldı ki, Klara ilə yaxınlıq ona karyera üçün lazımdır. Mahnıları Türkiyə, Rusiya, Avropa sənətçiləri tərəfindən ifa olunacaqmış. Bilirsən, şou-biznesin bir yazılmamış qaydası var: böyük karyera üçün ən yaxın adamlarından, məsələn, ailəndən imtina edib başqası ilə yaşamaq ayıb sayılmır. Hələ bunun adı da var: böyük sənət üçün ailəni qurban vermək olar! Nə isə, Vüqar üç-dörd gün yanımdan heç yerə getmədi. Söz verdi, məni bir də tək qoymayacaq. İnandım. Oğlumuz üçün ad seçdik: Ayxan. İkimizin də ürəyimizcə oldu. Razılaşdıq ki, doğuşdan sonra səhnəyə yeni adla çıxım: Leyla Ayxan...

 2009-cu il aprelin 15-i Ayxan doğuldu. Doğuş ağır keçmişdi. Güclü qanaxmam yarandı,  həkimlər əllərindən gələni etsələr də, indiyədək aldığım psixoloji travmalar, siqaret, alkoqol qanıma elə yerimişdi, fəsadları sonra çıxdı. Üç gün reanimasiya şöbəsində oldum. Ayxanı mənə göstərəndə sevincimdən bayıldım. Analıq hissinin nə olduğunu başa sala bilmərəm sənə. Özümə gələndə halsızlıqdan ayaqlarım yer tutmurdu, qollarımın qüvvəsi çəkilmişdi. İndiyədək etdiyim nə qədər pisliklər, mur-darlıqlar vardısa, gəlib dururdu gözümün qabağında. Allaha yalvarırdım ki, günahlarımı körpəmə, onun məsumluğuna bağışlasın. Yazıq anam, kölgəsi  gecə gündüz başımın üstündən çəkilməzdi.  Mənim dərdimə yanmaqdan bir dəri bir sümük qalmışdı. Əlimi ovcuna alıb elə hey Allaha yalvarırdı, dodağının altında dua pıçıldayırdı. 

İki gün idi evə gəlmişdik. Get-gedə özümü yaxşı hiss etməyə başlamışdım. Həmin vaxtlar Vüqar da məni tək qoymurdu, az qala hər dəqiqəsi yanımda keçirdi. 

Birdən-birə uşağın qızdırması qalxdı, dayanmadan ağlayırdı. Həkimlər dava-dərman etdilər, babatlaşdı. İstəyirdim xəstəxanada yatım, gözləri üstümdə olsun. Məsləhət bilmədilər, hamısı bir ağızdan arxayın etdilər ki, qorxulu heç nə yoxdur, nigaran qalma. Ürəyimə dammışdı, nəsə olacaq. Anam da yaman narahat idi, üz-gözündən oxuyurdum. Səhəri gün Ayxanın halı yenə xarablaşdı, bədəni od tutub yanırdı. Bu dəfə xəstəxanada saxladılar bizi. Həkimlərin narahatlığını görürdüm: bir-biri ilə pıçıldaşır, dodaqaltı nəsə danışırdılar. Elə bil onlar da çaş-baş qalmışdılar. Ayxanda yaxşılığa doğru irəliləyiş görünmürdü, həkimlər açıq-açığına dedilər, möhkəm ol, uşağı itirə bilərsən. Elə də oldu! Aprelin 30-u Ayxan... öldü. Həmin gün dəli kimi bağırdım, başıma-başıma döyüb hər şeyi, hamını lənətləyirdim. Onun üçün aldığım oyuncaqları, pal-paltarları da-ğıdıb-tökdüm, evdə hər şeyi bir-birinə vurmuşdum. Allahdan istədiyim bircə şey vardı: ölüm! İllərlə gözlədiyim uşaqdan sonra yaşamağın, nəfəs almağın nə mənası var idi, axı?! 

Başımı qatmağa heç nə kömək etmirdi. Evə qapılmışdım, hərdən Zəminə gəlib təsəlli verirdi, görürdüm, məndən gizlin anamla qucaqlaşıb xısın-xısın ağlayırlar. Axşamlar sayıqlayırdım, anam bəzən bütün gecəni diri gözlü açırdı. Üç dəfə özümü öldürməyə cəhd etdim: zəhər içmək, bütün ağrı-acılardan birdəfəlik can qurtarmaq istəyirdim. Anama yazığım gəldi, bircə anama... Yazıq arvadın ümidi, təsəllisi mən idim.  

Mayın 26-sı telefonuma zəng gəldi: “Leyla xanım, İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə konsert olacaq. Bizə gələn siyahıda sizin də adınız var. İştirakınız vacibdir”.  Adətən, bu cür tədbirlər olanda hansı müğənni dəvət olunursa, bəhanəsiz-filansız iştirak etməlidir. Məsələn, xəstəm var, qonaq gedəcəm, ölkədə olmayacam, özümü yaxşı hiss etmirəm... Belə üzrxahlıqlar keçmir. Amma bir şeyi də deyim: içi mən qarışıq bütün müğənnilər bu tədbirlərdə iştirak etməyə can atır. Bir jest, söz yuxarıların xoşuna gələ bilər, adamın dayağı, arxası möhkəmlənər. Bu niyyətlə hamı könüllü razılaşıb, hətta öz xahişləri ilə çıxış etmək istəyiblər. Amma bu dəfə vəziyyət başqa cür idi. Uşağım iki aydır ölüb, mənə də bu gündə mahnı oxutdurmaq istəyirlər? Vüqar biləndə, dəli oldu. Onu indiyəcən belə əsəbiləşən, özündən çıxan görməmişdim. Bircə kəlmə dedi: bu, o qəhbənin işidir - Klaranın! Açığı arxamda dayandığına, mənə dayaq olduğuna görə ona sevgim min dəfə artdı, dönə-dönə qucaqlayıb bağrıma basdım: nə yaxşı sən varsan, həmişə yanımda ol! İkinci, üçüncü dəfə zəng etdilər, hədələdilər ki, tədbirdə iştirak etməsəm, mənim üçün pis olacaq, çox pis... Cəhənnəmə ki, nə edirlər etsinlər: öldürsünlər, sürgün etsinlər, ev dustağına çevirsinlər, dünyanı başıma uçursunlar; nə olacaqsa, qoy olsun. Tanışlar, dostlar zəng vurub başıma ağıl qoydular: heç yerdən başıma dərd açmayım, özümü bəlaya salmayım. Xeyirdə-şərdə yanımda olan adamlar evə gəldilər, “dərdinə şərik oluruq, körpəsi ölən ananın uşaq günündə oxumağı çətindir, çox çətindir, başa düşürük, amma sabahını, həyatını, gələcəyini,  karyeranı fikirləş” deyirdilər. “Gələcəyin, daha böyük uğurların qarşıdadır.  Gözü götürməyən adamlar sevinəcəklər, səni gözdən salmaq, ətini yemək üçün növbəyə duracaqlar”. – Başımı tutub divarın küncünə çökmüşdüm, hamı bir tərəfdən elə hey üstümə gəlirdi. Nə isə, əsəbiləşib hamısını qovdum. Belə də dedim: “Rədd olun, rədd olun... Cəhənnəm olun burdan... çıxın, cəhənnəm olun... tez, tezzz...” Bağırırdım, elə bil ağlım başımdan çıxmışdı. 

Dostlarım nə demişdisə, elə oldu. Əslində, onlara dost demək olmaz: hamısı yaramaz, axmaq adamlarmış. Bir-bir siçan deşiyində gizləndilər. Heç zənglərimə də cavab vermirdilər. Bilirsən Rəcəb, hamısı tapşırıq almışdı ki, məndən kənar gəzsinlər, kəlmə kəsməsinlər. Bu o deməkdi ki, gün-gündən məhv olacam, bayquş kimi tək qalanda ağlım başıma gələcək. Onları da qınamıram, kim bilir, başqası bu vəziyyətə düşsəydi, yəqin mən də belə qəhbəlik edəcəkdim. Belə cındırlıq, əxlaqsızlıq manıs tayfasının boyuna biçilib. Klaranın adamlarından hər gün bir zərbə alırdım:  efir üzümə bağlandı, heç bir restoran məni dəvət etmədi; özüm zəng edəndə min bəhanə ilə yaxalarını kənara çəkdilər. Sonra televiziyalarda gözdən salmağa başladılar. Hər şeyi danışdım axı sənə: keçmişimdə nə qədər alçaq, əskik, vicdansız əməllərim vardı, fürsət düşmüşkən, hamısını bir-bir efirə çıxardılar. Hələ Vüqarı demirəm... Əclaf, oğraş Vüqarı! Beşcə gün sonra atdı, yoxa çıxdı. Nə yanıma gəldi, nə axtardı!  Rədd  oldu onun ya-nına. Başqa cür ola bilməzdi. Nə bilim, bəlkə bu faciə elə Vüqarın planı olub!!! Belə oğraşlıq ancaq ondan çıxar. (Leyla dəli kimi bağırdı. Əsəbdən boğazının damarları şişmişdi.) 

Mənim pis günlərimdə Vüqarın ulduzu parladı. Əclafın yaradıcılıq gününü keçirdilər, dəbdəbəli təqdimatı, reklamı, xaricə səfərləri oldu. O günlər dəhşətli günlər idi Rəcəb, boğulurdum, divarlar üstümə yeriyirdi. Pulu kağız bildiyim, göyə sovurduğum  vaxtlarda bu evi almışdım. Daha doğrusu, bir nəfər borca aldığı pulun yerinə bu xarabanı mənə verdi. Otaqdakı uşaq oyuncaqları-filanı özüm gətirdim; Ayxan üçün almışdım, ürəyim gəlmədi atmağa. Hər şey əlimdən çıxmışdı, qalanım bir maşın, bir də bu ev oldu! Maşını da ki, demişəm, bank əlimdən almaq istəyir. 

Vüqar bilirsən niyə gəlmişdi bura?! Niyə məni döydü, təhqir elədi?! Yaradıcılıq yubileyinin qonaqlığına Klara da gəlmişdi. Çətin də olsa, gözdən yayınıb içəri girdim. Vüqarın, Klaranın adamları xəbər tutub məni bayıra atmaq istəyəndə məclisi bir-birinə vurdum, hamısını söyüb-batırdım. Elə bilirdim, məni elə məclisdən tutub aparacaqlar, Allah bilir, başıma nə oyun açacaqdılar. Amma nədənsə, toxunmadılar. Elə bil, hələ çəkindikləri yer var. Deyəsən, Vüqara baha başa gəlib o qonaqlıq. Ona görə belə qəzəbli, öfkəliydi, görmədin?! Əclaf az qala öldürəcəkdi məni. 

Belə ürəkli, hikkəli danışığıma baxma, yaman qorxuram. Doğrudan, yaman qorxuram, vallah!