Son zamanlar Bakı Dövlət Universitetinin tələbələri barədə alçaldıcı məzmunlu dipfeyk materiallar hazırlanır. Belə ki, naməlum şəxs və ya şəxslər qrupu tələbələrin açıq profillərindən götürülmüş materiallardan istifadə edərək montaj edilmiş foto və ya videolar yayıblar. Paylaşımların məzmunu isə təhqiramiz və alçaldıcı mətnlərdən ibarətdir.
“Qafqazinfo” Real TV-yə istinadən xəbər verir ki, tələbələr dipfeyk materialı hazırlayanların onların silinməsi müqabilində pul tələb etdiklərini bildiriblər. Üstəlik saxta hesablar əsasən gecə saatlarında aktivləşdirilir. Həmin materiallar paylaşılır, səhərə qədər isə silinir, yaxud da deaktiv edilir. Bu da hüquq-mühafizə orqanlarının işini çətinləşdirir. Bütün bunlar rəqəmsal təqib və dipfeyk texnologiyalarından sui-istifadə probleminin daha geniş miqyas ala biləcəyini göstərir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir və araşdırma aparılır: “Bu istiqamətdə vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələrdə və digər onlayn platformalarda şəxsi məlumatlarını, foto və videogörüntülərini nəzarətsiz şəkildə paylaşmasın, məxfilik qaydalarına riayət etsin, tanımadıqları şəxslərlə məlumat mübadiləsindən çəkinsinlər. Çünki açıq mənbələrdən yayılan məlumatlar sonradan manipulyasiya edilərək saxta məzmunun hazırlanmasında istifadə oluna bilər. Eyni zamanda mənbəyi təsdiqlənməmiş video və audiomaterialların paylaşılmaması, belə hallarla rastlaşdıqda isə dərhal polis orqanlarına məlumat verilməsi vacibdir. Qanunvericiliyə uyğun olaraq saxta məzmun hazırlayan və yayan şəxslər barəsində hüquqi məsuliyyət tədbirləri görülür. Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığın bütün istiqamətlərinə qarşı mübarizə tədbirləri ilə yanaşı, maarifləndirmə işi də davam etdirilir”.
Onu da vurğulayaq ki, bu problem bütün dünyada təhlükəli vəziyyət yaradıb. Kimliyindən asılı olmayaraq, istənilən şəxs haqqında bu cür materiallar hazırlamaq mümkündür və hər kəs qurbana çevrilə bilər.
Daha ətraflı videomaterialda:
Son xəbərlər
Son Xəbərlər