Bu gün, 8 may Şuşanın işğalı günüdür. Ötən il bu təqvim və bu cümlə reallığı əks edirdi. Artıq 6 aydır ki, həmin gün və bu ifadələr sadəcə tarixə çevrilib. Çünki Şuşa artıq işğalda deyil!
Dünən Prezident İlham Əliyev tərəfindən rəsmən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri 30 ilə yaxın düşmən tapdağında qalıb. Bu illər ərzində barbar ermənilər Şuşanın mədəniyyət abidələrini dağıdıb, Xurşidbanu Natəvanın evini məhv edib, heykəlləri aşırıb, bizə məxsus olan hər şeyi yararsız hala salıblar.
Çünki onlar heç vaxt Şuşaya sahib ola bilməyəcəklərini dərk edirdilər. Azərbaycan Ordusunun gec-tez Şuşanı onlardan alacaqlarını bilirdilər. Ona görə də mümkün qədər çox zərər verməyə çalışırdılar.

Bu gün isə azad Şuşa bərpa edilir, yenilənir və dirçəldilir. 28 il ərzində hər dəfə bir-birimizə 8 mayı Şuşada qeyd etməyi arzulamışıq. Bu gün artıq Şuşanın işğalı günü yox, xalq olaraq arzularımızın reallaşdığı gündür.
8 may tarix olaraq daim bizim xalqın yaddaşında qalacaq. Mənfur düşmənin xislətini unutmamaq üçün bu tarixi, bu günü millətin qan yaddaşına həkk etmək lazımdır. Bu gün ətrafında baş verənləri öyrənmək, analiz etmək və nəticə çıxarmaq tarixçilərin, siyasətçilərin və hər bir vətəndaşın borcu olmalıdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı yadların əllərindən, tapdağından xilas etdi.
Bu tarixi zəfəri bir günə sığışdırsaq da, bunun baş verməsi üçün illərlə işlər görülüb. Son illərdə atılan hər bir addım torpaqların işğaldan azad edilməsinə hesablanıb.
Azərbaycan iqtisadiyyatı güclənib, ordu müasir hərbi silahlarla təchiz edilib, zabitlər beynəlxalq kurslarda təlim keçib, diplomatik gedişlər və ölkələrlə imzalan müqavilələr, beynəlxalq təşkilarlarla əməkdaşlıq – bütün proseslər Azərbaycanı torpaqlarını işğaldan azad etməyə hazırlayırdı. BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələr Azərbaycanın Vətən Müharibəsi zamanı diqqətini və gücünü daha çox hərbi məsələlərə yönəltməsinə şərait yaratdı.
.jpg)
Şuşanın hekayəsini Ali Baş Komandanın üç cümləsi ilə nəql etmək olar.
“Əziz Şuşa, sən azadsan!”
Bu sözlər 8 Noyabr – Zəfər Gününü ifadə edir. Bu dörd sözü deyə bilməyimiz üçün öncə Cəbrayıl, sonra Qubadlı, daha sonra Füzuli, Xocavənd, Hadrut işğaldan azad edildi. Bu rayonların hər bir kəndi, hər bir yüksəkliyi, hər bir qarış torpağı üçün xalq döyüşdü, ordu vuruşdu və şəhidlər verildi.
.jpg)
Bütün proseslər Şuşanı azad etmək istiqamətində aparıldı. Sonda dünyanın hərb tarixində bənzəri çox az olan bir əməliyyat gerçəkləşdirildi. Azərbaycan Ordusunun 400 əsgəri ilk olaraq Şuşa qayalarına yalın əllərlə dırmaşdı. Küçə döyüşləri ilə Azərbaycanın müqəddəs şəhəri azad edildi.
Bu zaman kəsiyində səngərdə qardaş doğma qardaşını şəhid verib irəli hücuma keçirdi, ata yeganə oğlunu dəfn edib “Vətən sağ olsun” deyirdi. Arxa cəbhədə insanlar orduya dəstək üçün əlindən gələn hər şeyi edirdi.
Bütün bunlar, birlik və “Dəmir yumruq” kimi birləşmənin nəticəsində sonda “Əziz Şuşa, sən azadsan!” sözlərini deyə bildik. Bu tarixi anı 4 sözlə ifadə etsək də, şəhadətə yüksələn hər şəhid üçün, qəhrəmanlıq edən hər qazi üçün, “Zəfər”in parçası olan bir təpənin alınmasını əks etdirmək üçün romanlar yazmaq olar. Bu dörd sözə silsilə kitablar sığdırmaq olar, bəlkə də sığmaz...
Bunun ardınca isə ikinci mərhələ başladı. Burada şüarlar Şuşa üçün olsa da, əməllər, görülən işlər işğaldan azad edilən hər bir şəhərə, hər bir rayona, hər bir kəndə və vaxtilə dağıdılan hər bir evə aiddir.
Əziz Şuşa, biz qayıtdıq!
Bu şüar altında Azərbaycan Ordusu, əsgər və zabitlərimiz azad etdiyi yerləri bir daha itirməmək, bir daha yad əllərə verməmək üçün geri qayıtdı. Biz öz torpağımıza, öz yurdumuza qayıtdıq. Düşmənə öz yerini, yəni öz sərhədlərini göstərdik. Azərbaycan sərhədçiləri Qubadlıda, Zəngilanda, Kəlbəcərdə xidmət edərək öz torpaqlarını qoruyur.
Azərbaycan hüquqi torpaqlarında möhkəmlənməklə öz tarixi ərazilərinə də yaxınlaşdı.
Prezident İlham Əliyevin tapşırığı ilə bu gün Şuşaya “Zəfər yolu” çəkilir. İşğaldan azad edilən ərazilərdə hava limanları tikilir. Şuşada azan verilir, məscidlərində namaz qılınır. Şuşada “Xarıbülbül” festivalı üçün hazırlıqlar görülür. Bu gün Azərbaycan ərazilərində Azərbaycanın dövlət qurumları xidmət aparır.

Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Ali Baş Komandan İlham Əliyevin bu sözləri artıq işğaldan azad edilən ərazilərdə bundan sonra görüləcək işləri, atılacaq addımları özündə ehtiva edir. Bu gün artıq Şuşada tikinti işləri aparılır, quruculuq layihələri müzakirə olunur. Azərbaycanın tarixi abidələri bərpa edilir, yaşayış binaları tikilir. Şuşaya su çəkilir, elektriklə təmin edilir, qaz xəttinin çəkilməsi üçün işlər görülür. Şuşa tarixi ənənəsi, tarixi izləri saxlanılmaqla yenidən yaradılır. Şuşaya can verilir, Şuşa canlanır və dirçəlir.
Bu proses bir müddət davam edəcək. Azərbaycanın işğaldan azad edilən digər əraziləri də minalardan, düşmənin atıb qaçdığı silahlardan hərbi texnikalardan tam təmizlənəcək. Şuşa da daxil olmaqla, bu ərazilər tam təhlükəsiz olandan və yaşayış üçün həyat standartlarının tam təmin edilməsindən sonra ilk növbədə şuşalılar öz evlərinə qayıdacaqlar. Daha sonra bütün azərbaycanlılar və turistlər tarixi Şuşanı görmək üçün səfərlər edəcək. Bu şüar altında Şuşa dirçələcək.

Bundan sonra, Azərbaycan xalqı, qalib ordunun nümayəndələri 8 mayı tarix olaraq öyrənib, 8 Noyabrı “Zəfər Günü” kimi qeyd edəcək!
Murad Əhməd