Şuşanın paxmel günü – Hekayə

susanin-paxmel-gunu-hekaye
Oxunma sayı: 856

Barıt qoxusundan daha xoş ətri olan "semiçka" yağında hazırlanan yeməklərin iyi divarlarına hopmuş kafenin yeganə pəncərəsinin qarşısındakı masasında oturan iki müştərisi "xolodnu" gələnə qədər dərdləşməyə başladılar.
- Yaxşı ki, bu araq var, yoxsa adamın ürəyi partlar.
- Demə başına dönüm, Allah ermənilərə lənət eləsin.
- Nə yaman çox siqaret çəkirsən?
- Hə, işğaldan sonra dadanmışam. Əvvəllər idmanla məşğul olurdum. Sən qaqana belə baxma. Bir yumruğa öküzü aşırırdım.
"Xolodnu" gəldi. Xidmətçi göy-göyərtini, pendiri, "acika"nı, çörəyi stolun üstünə düzüb, digər sifariş olunanları gətirməyə getdi. Pendirin azlığı və növü müştərilərdən birini əsəbiləşdirdi, boynunu arxaya xidmətçiyə tərəf döndərib "qədeş, bir dəqiqə bura gəl" deyərək, onu yanına çağırdı .
Xidmətçi əlindəki əskinin suyunu sıxıb, damcılada-damcılada stola yaxınlaşdı:
- Buyurun.
- Bu nə pendirdi? Həm azdı, həm də kənd pendiriniz yoxdu?
- Bərdə pendiri var, gətirim?
- Nöş gətirmirsən, biz elə oraların həsrətiylə alışıb-yanmırıq?
- Bəyəm, siz Bakılı deyilsiz? Axı ləhcəniz…
- Allah eləməsin. Prosta neçə ildi bu xarabadayıq. Dilimiz çönüb də… Hə, bir də arağı tez gətir, qırıldıq ki…
Xidmətçi bufetə sarı qısa məsafədə deyinməyindən qalmadı: "Allah bilir haralıdı. Bəlkə də qaçqındı. Kəndi-zadı da ermənilərdədi. Xəstədi e… xəstə olmasaydı, birinci pendirin azlığından şikayət eləyib, sonra kənd pendiri istəməzdi ki… Belə çıxır pendir çox olsaydı, heç şikayət etməyəcəkdi".
Masaya cücə çığırtması ilə “Za Karabax” arağı bir yerdə gəldi. Xidmətçi əvvəl arağı gətirməliydi, müştəriərin “poxotka”sı xoşuna gəlmədiyi üçün çığırtmanın bişməyini gözləmişdi. Bu arada iki qaçqının başını qeyrət elə qatmışdı ki, süfrə adətlərinə xilaf çıxmışdılar. Adətsə belədi: süfrəyə isti yemək gələnə qədər “xolodnu” ilə əli-əli vurursan.
Yüzqramlıq adıyla vurduqları ikinci 75-dən sonra "idmançı"nın araq yoldaşı yumruğunu stolun üstünə çırpıb, yerə tüpürdü. Tüpürcəyin ardından:
- Yediyimiz bərəkət haqqı, Quran haqqı biz ermənilərdən güclüyük. Prosta satdılar.
Dostu onu sakitləşdirməyə çalışdı:
- Bir az yavaş danış, eşidib-eləyən olar - gözüylə butulkaya işarə edərək, - apararlar Bandotdelə.
- Düz deyirsən, amma dözə bilmirəm, yanıram.
- Süz. Süz, vuraq.
Yas mərasiminin yeyib-içmək hissəsi sona çatmaq üzrəydi. Axırıncı sağlıqlar deyilməliydi. Hər ikisi birinci o birisinin danışmasını rica edirdi. Sağlıq o qədəriydi ki, lap çaşıb qalmışdılar. Azərbaycanlının axırıncı sağlığı adətən valideynlərin ömrünü dəyərləndirməyə yönəlir. Onlarınsa valideynləri dünyalarını dəyişmişdilər. Hər ikisinin gözünə elə diqqətsiz də baxanda ata-analarının necə öldüyünü oxumaq olurdu.
Yazım, siz də oxuyun:
-İdmançı"nın atası Haramıda qamışdan düzəltdikləri daxmaya oğlunun aldığı "Krosna" antenasını quraşdırmaq istəyəndə yıxılıb onurğa sütununu sındırıb. Yeddi ay üzü üstə yatandan sonra dünyasını dəyişib. Əvvəl mərhumun oğlunu qonum-qonşu çox məzəmmət eləyib. O isə "qaçqın adamsan, sənə krosna yaraşır?" deyənləri axır inandıra bilib ki, ermənilərin xaricdəki əməlləri haqqında məlumat almaq üçün başqa çıxış yolu yoxuymuş. Onun fikirlərini bəhanə hesab edənlərin kinayə ilə dedikləri "O antenna ilə göstərilən verilişlər xarici dildə olur. Sən heç düz-əməlli rus dilini bilmirsən. Nə başa düşəcəkdin ki, ermənilər orda hansı hoqqa çıxarırlar" iradları da cavabsız qalmamışdı: "Mən ermənilərin səssiz hərəkətindən nə edəcəklərini yaxşı bilirəm. İnanmırsız, Əkbərdən soruşun. Əkbər, Şuşa getməmişdən üç gün qabaq demirdim ki, Şuşa gedəcək?"
Əkbərin təsdiqindən sonra düşərgənin ağıllı adamları "idmançı"ya "politoloq" ləqəbi qoymuşdular. "Politoloq"un anasının qəbri Şuşada qalmışdı.
Süfrə dostunun atası elə yolda dünyasını dəyişmişdi. Amma oğlu onu meşədə qoyub gəlməmişdi. Meyidi hələ işğal olunmayan kəndlərdən birinə çatdırmış və orada dəfn etmişdi. Anasının gördüyü yuxuların hamısı çin çıxırdı. Arvad günlərin bir günü yatıb yuxudan durmamışdı. Xeyli müddət düşərgənin sakinlərini bir sual düşündürdü: "Görəsən, Qönçə arvad ölən günü yuxusunda nə görürmüş?"
Sağlıq axtaran bu iki nəfərin təmsil etdiyi millətdə anayla Vətən qoşadı. Fərqi yoxdu sağlıq valideynlik olmasa, mütləq vətənlik olmalıdı. Vətənlik olan sağlıqlar "upakovka"da hazırdır. "İdmançı" "upakovka"nın ağzını əvvəl açmaq istədi, bacarmadı və məcbur olub cırdı. İçindən bir bənd şeirə bağlanmış sağlıq çıxdı. Əvvəl şeir, sonra sağlıq oxundu:

Alqış türklərinə bu məmləkətin
Türkün haqq yolunu gedənə alqış!
Şuşanın yolunda büdrəməyək biz.
Bu elə, obaya, Vətənə alqış!

Tanrı bizə ömür versin, gələn il Şuşada Cıdır düzündə belə bir stol açaq.
- Zakuskamız da İsa bulağı olsun.
- Həri!
Kafeyə ödədikləri hesabdan razı qaldılar. Ciblərində pivə içməyə də pul saxlamışdılar. Qərara gəldilər ki, pivəni başqa yerdə içsinlər.
"Kolxoz" bazarının yanındakı səkiylə sifətləri qızarmış iki nəfər yellənə-yellənə gedirdi. Biri səkiyə dırmaşan maşının yan güzgüsündə özünə baxıb dedi:
- Bəxtəvər başımıza, araq bizə düşür. Qıpqırmızı qızarmışıq.
"İdmançı" həmin maşının həmin güzgüsünə baxmaq üçün başını sağa döndərəndə gözü şorabalar düzülmüş piştaxtaya sataşdı. Xiyar balonu adama lap gəl-gəl deyirdi. Sanki bu mənzərədən ayılan kimi oldu. Üzünü yoldaşına tutub mina görən əsgər kimi duruxdu:
- Biz arağı turşusuz içdik?
- Hə, burda nə var ki? Pendirlə zakuska elədik də.
- Mən birinci dəfəydi ki, turşusuz araq içirdim.
- Halaldı sənə!..
Bu vaxt bir neçə polis əllərində dubinka küçəni alverçilərdən təmizləmə əməliyyatına başladı. Onlar şorabasatan, döşü orden-medallı kişiyə yaxınlaşanda, qoca xiyar turşusu qoyulmuş balonu qucağına götürüb, birnəfəsə "mənim də oğlum polisdi, dağıtmayın özüm yığışdırıram. Sabah da bayramımızdı, heç olmasa ona hörmət eləyin" deyib piştaxtadakı malları yeşiyə yığmağa başladı. Bu mənzərədən sərxoşluğu artan düşərgədə "politoloq", kafedə "idmançı" pıçıltıyla bircə söz dedi: "Oğraşlar!"
Onlar pivəxananı tez tapdılar. İçəri daxil olanda "politoloq" sevincini gizlədə bilmədi: "Nə yaxşı piyvənoy yolumuzun üstündəydi. Yoxsa ayılmaq təhlükəsi vardı".

Ceyhun Musaoğlu