“Turin atı” - Yeni şeir

turin-ati-yeni-seir-
Oxunma sayı: 790






“Turin atı”

Turin atı filmindən təsirlənərək



ağı vıyıldasın külək
çırağı sönmüş komaya
vahiməli laylay gərək

saçları pərişan qız
tufanın qucağında
uyuyan daş quyudan
bir içim su çıxarsın
solğun , ağ bənizində
ovcu kəsik əliylə
evinə su daşısın
nuru itmiş gözünü
yumub
addımın saysın
mütiliyi unudub
taleyi qarğışlasın...

əli şikəst atanın
paltarını geydirsin
tövlədəki atının
dərdinə çarə gəzsin
“bu heyvan neçə gündü
Niyə yemir, su içmir
Axı niyə tərpənmir?!”
Sualların əlindən
iki cümlə öskürək
qovalayıb qaytarsın
bozarmış reallığa...

ata bala birlikdə
sussun, qulaq kəsilsin
başı buyruq küləyin
üsyankar nəğməsinə...
qısıq torpaq üstündən
alovlanan toz duman
təsəlliləri biçsin...

qız nə bilsin, at bilir
əvvəlcə su quyuda
sonra nöyüd lampada
buxarlanıb bitəcək
qız nə bilsin bəlaya
səbəb müqəddəs kitab
bağışlayan yad qoca...

günəş gecədən qara
nə lazım yaşamağa ?
su, qida, işıq və at
bir də müqəddəs kitab

işıq yox, su qurudu
kitab bitdi, oxundu
getmək yeganə yoldur...

şəhvətin, təbəssümün
varlığından xəbərsiz
qara bəxt cılız xanım,
kimsəsiz qalan yuva
dönür tənha daxmaya
çevrilir xarabaya
evlər çox vaxt buraxmır
sakinlərin uzağa...

üç ayaqlı qocanın
dediyini xatırla:
allahın qəzəbinə
gəlir
üsyan edənlər
əgər allah yoxdusa
siz də yoxsuz deməli
deməli mən də yoxam
deməli bu şeiri
bu gün
heç yazmamışam…