Venesueladakı aksiyalarda azı 15 nəfər saxlanılıb - Video

venesueladaki-aksiyalarda-azi-15-nefer-saxlanilib
Oxunma sayı: 1208

Venesuelada hüquq-mühafizə orqanlarının əməkdaşları küçələri bağladıqlarına, ölkədə sabitliyi pozmağa cəhd etdiklərinə görə azı 15 iğtişaşçını saxlayıblar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın baş prokuroru Tarek Saab öz “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, etiraz aksiyaları zamanı saxlanılanların bəziləri hakim Venesuela Vahid Sosialist Partiyasının qərargahında vandalizm və yanğın törədiblər. Digər şəxslərdən isə molotov kokteyli və soyuq silahlar götürülüb.

Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Hakimiyyət hazırkı dövlət başçısı Nikolas Maduronun qələbəsini elan edib. Bundan sonra Karakasda polislə etirazçılar arasında toqquşmalar başlayıb.

Venesuela seçilmiş prezident Maduronun legitimliyini tanımaqdan imtina edən yeddi Latın Amerikası ölkəsindən diplomatik nümayəndəliklərinin üzvlərini geri çağırıb.

Venesuela müxalifəti isə öz növbəsində ordunu Maduronu devirməyə çağırıb. O, prezident seçkilərində onun qələbəsini tanımayıb və Edmundo Qonzalesi qalib elan edib.