Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...

veten-muharibesinin-ilk-gunu-itkin-dusen-orxan
Oxunma sayı: 8591

Vətən müharibəsində itkin düşənlərdən biri də 28 yaşlı Yusubov Orxan Allahverdi oğludur. Bu barədə “Qafqazinfo”ya atası Allahverdi Yusubov məlumat verib.

O qeyd edib ki, sentyabrın 21-də oğlu Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb: “N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Sentyabrın 26-da zəng etdi ki, onları Toğanaya gətiriblər. Səhəri gün də müharibə başladı, həmin tarixdən sonra əlaqəmiz yoxdur. Rayonun Səfərbərlik şöbəsinə dəfələrlə müraciət etdik. Onlar da bildirdi ki, Hərbi Prokurorluqda olan siyahıyla tanış olmaq lazımdır. Oktyabrın 21-də siyahıya baxdıq. Prokuror dedi ki, oğlum naməlumların siyahısındadır. Murovda neytral zonada qalıblar. Daha sonra hərbi hissəyə getdim. Dedilər ki, 41 nəfər itkin düşüb. Yaralanan və sağ qalanlardan da oğlumu harada gördüklərini soruşdum. Əsir düşüb düşməməsi məsələsi barədə də bizə məlumat verilmir”.

Orxanın anası Sabirə Yusubova isə bildirib ki, oğlu Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib: “Sentyabrın 21-də səhər onu işə yola saldım. İşdə Səfərbərlikdən zəng gəlib. O da atasıyla danışaraq evdən hərbi biletini gətirməsini istəyib. Mən oğlumla sağollaşmadan, görüşmədən təlimə getdi. İki oğul övladım var. Orxan subaydır, 3 aydır ki, ondan xəbər ala bilmirik. Sonuncu danışığımız elə sentyabrın 26-da olub. İstəyimiz odur ki, oğlumuz haqqında tezliklə xoş xəbər eşidək”.

Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamada bildirilirdi ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.