“Virtual DOST mərkəzi” platforması hazırlanır” - Nazir

virtual-dost-merkezi-platformasi-hazirlanir
Oxunma sayı: 1694

“Yaxın vaxtlarda Abşeron rayonunda növbəti DOST mərkəzinin açılışı planlaşdırılır. Eyni zamanda, Bərdədə, Qubada, Sabirabadda, Sumqayıtda, Gəncədə DOST mərkəzlərinin yaradılması işləri aparılır. Qısa müddət ərzində o işlər də yekunlaşacaq. Ümumilikdə, 16 regionda DOST mərkəzi və hər rayonda da qəbul şöbələri olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün KİV-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya  sahələri üzrə ən şəffaf, ən effektiv  xidmət modelidir:

“Bugünədək DOST mərkəzlərində 330 mindən çox vətəndaşa xidmətlər göstərilib və hər birinin səsverməsinə əsasən vətəndaşların həmin xidmətlərdən məmnunluq səviyyəsi  97,2 faizdir”.

DOST mərkəzləri ilə paralel olaraq elektronlaşma işlərinin də davam etdirildiyini diqqətə çatdıran Sahil Babayev bildirib ki, DOST xidmətlərinin bir çoxunun e-platforma üzərindən göstərilməsinə artıq başlanıb:

“Virtual DOST mərkəzi” platforması da hazırlanır, cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Ölkənin istənilən yerində olan şəxs hər hansı mərkəzə getmədən mobil tətbiqlər vasitəsilə DOST xidmətləri üzrə müraciətlərini edə biləcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin sayı isə artıq 103-ə çatıb. Yəni Nazirlik üzrə 103 xidmət e-platforma üzərindən göstərilə bilir. Cari il ərzində daha 50 xidmətin elektronlaşdırılmasını planlaşdırırıq. Beləliklə, nazirlik üzrə xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq”.

Sahil Babayev qeyd edib ki, keçən il nazirliyin e-platformalarından istifadə sayı 80 milyonu ötüb:

“Yalnız e-sosial portalından 42 milyon istifadə qeydə alınıb, nazirliyin e-xidmətlərinə müraciət sayı 15 milyon olub. Müvafiq sahələr üzrə əksər arayışlar da e-paltforma üzərindən verilib”.