“Xalqın pulunu hara sovurursan?” - Onlar da Ramiz Mehdiyevə “get” dedi

xalqin-pulunu-hara-sovurursan
Oxunma sayı: 9929

Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnstitutlarının rəhbərləri, ictimai xadimlər Akademiyanın prezidenti Ramiz Mehdiyevi istefaya səsləyir. “Qafqazinfo” xəbər verir ki, bu dəfə isə sabiq təhsil naziri, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov və millət vəkili Hikmət Babaoğlu Ramiz Mehdiyevə “get” deyib. Yeni Azərbaycan Partiyasının (YAP) hər iki üzvü AMEA prezidentinin dərhal tutduğu vəzifəni tərk etməli olduğunu bildirib.

Sabiq nazir, “Yeni müsavat”a açıqlamasında qeyd edib ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə bir-birinin ardınca heç bir perspektivi və yaranma səbəbi məlum olmayan yeni şöbələr yaradılıb, iki il ərzində AMEA-da əsas vəzifələrdən biri olan Akademik katib qanunsuz olaraq üç dəfə dəyişdirilib: “Tarixən AMEA-da həmişə üç nəfər vitse-prezident olduğu halda indi onların sayı əsassız olaraq doqquza çatdırılıb.

AMEA-nın necə deyərlər, canı olan Elmi bölmələri ləğv edilib.

Heç bir zərurət olmadan və müzakirə aparılmadan AMEA-nın institutlarında Baş direktor və icraçı direktor vəzifələri təsis edilib. Pandemiya dövründə bu mənasız məsələnin yerlərdə icrasına bir neçə ay nahaq vaxt sərf edilmiş, bütün bunlar onlarla alimin ciddi əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur.

Cənab Ramiz Mehdiyev qanunsuz olaraq Hesablama Palatası və Maliyyə nazirliyinin funksiyasını öz üzərinə götürmüş, AMEA-nın institutlarında maliyyə yoxlamaları keçirmişdir. Bu yoxlamalar pandemiyanın tüğyan etdiyi vaxtda heç kəsə lazım deyildi. Sovet diktaturası dövrünün “ideal” kadrına isə insanları qorxutmaq, “gözükölgəli” etmək, onları özünə tabe etdirməyin bir vasitəsi kimi lazım idi.

Ramiz Mehdiyev prezident olduqdan sonra AMEA-nın idarəetmə strukturunu heç bir əsas olmadan tez-tez dəyişdirmiş, Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini təsis etmiş, bu vəzifəyə Akademiya ilə heç bir əlaqəsi olmayan şəxsi gətirmişdir.

AMEA-nın mərkəzi aparatında əsas vəzifələrdən biri olan İşlər İdarəsinin rəisi vəzifəsinə iki il ərzində akademiya ilə heç bir əlaqəsi olmayan müxtəlif şəxsləri təyin etmişdir”.

Misir Mərdanov qeyd edib ki, uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulub: “Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstruksiyasına kobud müdaxilə edilmiş, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılmışdır.

Bəs Akademiyanın əməkdaşlarının “boğazından kəsilib” belə şəxsi mənafelərə yönəldilən milyonların hesabatını kim verəcək? Nəinki sıravi əməkdaşların, professorların, akademiklərin, İnstitut direktorlarının, hətta 9 nəfər vitse-prezidentin, Rəyasət Heyətinin 15 nəfər üzvünün və 4 nəfər müşavirin ona “dur!” deməyə haqqı çatmır! “Xalqın pulunu hara sovurursan?”, “Niyə səni polis maşını müşayiət etməlidir?”, “Köhnə kadrların” nə vaxta qədər sənə yaltaqlıq edəcək?” kimi sualları verməyə cəsarət etmirlər. Soruşmaq istəmirlər ki, nə üçün İnstitut direktorlarının heç kəsi işə götürməyə ixtiyarı yoxdur, ciddi elmi tədqiqatla məşğul olmaq istəyən alimlər niyə gözümçıxdıya salınır, nə ixtiyarla öz sərəncamı ilə özünə “Nizami Gəncəvi qızıl medalı” verib və s.

Bütün bu deyilənlər az imiş kimi, bu günlərdə AMEA-nın rəsmi saytında mərkəzi aparat əməkdaşlarının, o cümlədən Ramiz Mehdiyevi aylıq əmək haqqının xeyli artırılması haqqında qəbul olunmuş qərar akademiyanın onsuz da az maaş alan əməkdaşlarını hiddətləndirmişdir”.

“Bakupost”a danışan millət vəkili Hikmət Babaoğlu da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getməli, kadr dəyişikliyi həyata keçirilməli olduğunu da bildirib: “Düşünürəm artıq vaxtı çatıb ki, AMEA yenilənsin və orada keyfiyyət dəyişikliyi olsun. Bu dəyişikliklərin nə vaxt olacağı ilə bağlı təxmini fikirlərim yoxdur, amma nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki zaman bizim əleyhimizə işləyir. Bu gün ölkəmizdə geniş, dərin islahatlar həyata keçirilir. Azərbaycan xalqı öz mədəni, ictimai, humanitar həyatının bütün sahələrində böyük nailiyyətlərə, yeniliklərə imza atıb. Bu coşqu elmin inkişafına da yeni stimul gətirməlidir. Çox yaxşı olardı ki, tez bir zamanda AMEA həqiqi funksiyasını yerinə yetirəcək quruma çevrilsin”.