“Xarkovdakı Konsulluq binasının vurulmasına görə Rusiya üzr istəməlidir”

xarkovdaki-konsulluq-binasinin-vurulmasina-gore-rusiya-uzr-istemelidir
Oxunma sayı: 5041

Məlum olduğu kimi, ötən gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu Rusiya silahlı qüvvələri tərəfindən vurulub. Hava zərbələri nəticəsində konsulluğun binası ciddi dağıntılara məruz qalıb, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan XİN Fəxri Konsulluğun əməkdaşları arasında xəsarət alanların olmadığını, hazırda onların təhlükəsiz yerə köçürüldüyünü açıqlayıb.

Fotoda: Xarkovda bombalanan Fəxri Konsulluq əməkdaşına məxsus avtomobil

 

Məlumdur ki, diplomatik və konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına görə, diplomatik nümayəndəliklərin toxunulmazlığı və qorunması təmin olunmalıdır. Hərbi əməliyyatın aparılması belə diplomatik nümayəndəliyin hədəfə çevrilməsinə əsas vermir. Tarixdə analoji faktlar olsa da, bunlar araşdırılıb və öz hüquqi qiymətini alıb. Məsələn, NATO qüvvələri Sebiyaya qarşı əməliyyat aparan zaman Belqradda Çin səfirliyinə zərbə endirmişdilər. Buna görə NATO və BMT tərəfindən araşdırma aparılıb və səfirlik binasının məqsədyönlü şəkildə vurulmadığı barəsində NATO tərəfindən açıqlama verilib.

Ekspertlər konsulluq binasının hava hücumuna məruz qalmasını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirirlər. Hesab olunur ki, Rusiya silahlı qüvvələri tərəfindən müvafiq araşdırma aparılmalı və hadisə ilə bağlı üzrxahlıq ifadə olunmalıdır.

Millət vəkili Fazil Mustafa bildirib ki, diplomatik nümayəndəliklərin vurulması beynəlxalq hüquq normalarına ziddir: 

“Xarkovdakı Fəxri Konsulluq binasının vurulması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi izahat verməlidir. Bu, müharibə ilə bağlı proses olsa da, bunu diqqətdə saxlamalı idilər. Hər hansı bir şəkildə bizim konsulluğun vurulması beynəlxalq hüququn pozuntusudur. Bu məsələ çox ciddi araşdırılmalıdır. Qəsdən və ya ehtiyatsızlıqdan vurulduğu aydınlaşdırılmalıdır”.

Fotoda: Xarkovda bombalanan Fəxri Konsulluq binası

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, əgər Rusiya bunu xüsusi əməliyyat adlandırırsa, mülki obyektləri yox, hərbi obyektləri vurmalıdır:

“Burada məsələ Azərbaycanın xüsusi olaraq hədəfə alınması deyil. Xarkov başdan-ayağa bombalanır deyə birmənalı şəkildə demək olmaz ki, Azərbaycan hədəfə alınıb. Burada ilk növbədə Rusiyanın yalanı üzə çıxır. Belə ki, Rusiya müharibə aparmadığını, xüsusi əməliyyat keçirdiyini deyir. Lakin mülki obyektlərin vurulması onu göstərir ki, bu, xüsusi əməliyyat deyil, bu, müharibədir. Əgər xüsusi əməliyyat keçirilirsə, demək, qayda pozulub və buna görə kompensasiya ödənməlidir. Həm də rəsmən üzr istənməlidir. Yox, əgər müharibədirsə, bu, artıq Rusiyanın yalanını üzə çıxarır. Rusiya hamını aldadır və mülki obyektləri də bombalayır”.

İ. İsmayıl, həmçinin bildirib ki, Rusiyanın yerində başqa dövlət olsa idi, üzr istəyərdi: “Bu, diplomatik obyekt kimi ilk hadisə olsa da, ümumilikdə ilk insident deyil. Bundan əvvəl də Rusiya silahlı qüvvələrinin zərbələri nəticəsində müxtəlif dövlətlərin vətəndaşları həlak olublar. Hansısa ziyana görə Rusiya üzr istəməyib. Biz tələb etsək belə, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova çıxıb həmişəki kimi saymazyana cavab verəcək. Rusiyanın yerində başqa dövlət olsa idi, üzr istəyərdi. Mən Rusiyadan bu üzrxahlığı gözləmirəm”.

Gülnar Əliyeva