“Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı mammoloq-radioloq dr. Günel Qəmbərovadır. Müsahibimiz süd vəzi xərçəngi və mammoqrafiya haqqında suallarımızı cavablandırıb. “Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Peşəkar mammoloq-radioloq Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müəllimidir. Avropa Radioloqlar Assosiasiyası (ERC), Azərbaycan Radioloji Cəmiyyəti, Türk Tibbi Onkoloji Dərnəyi, Qazaxıstan Mammoloji Dərnəyi, Gürcüstan Mammologiya Dərnəyininin üzvüdür. Rusiyada keçirilən“ “A”-dan “Ya”ya Mammologiya” kursunun bütün təlimlərinə qatılan və 8 sertifikat alan yeganə azərbaycanlı həkimdir.
Hazırda ATU-nun Tədris Terapevtik Klinikasının Radiologiya şöbəsinə və Lənkəranda fəaliyyət göstərən Süd Vəzi Diaqnostik Mərkəzinə rəhbərlik edir.
“Yalnız mammoqrafiya ilə xərçəngi 0-cı mərhələdə aşkar etmək mümkündür”
- Son illər qadınlar arasında süd vəzi xərçəngi sürətlə yayılır. Bu nə ilə bağlıdır?
- Süd vəzi xərçəngi əsrin, bəşəriyyətin bəlasıdır. Hər 8 qadından birində süd vəzi xərçənginə rast gəlinir. Problem Azərbaycanda da aktualdır. Süd vəzi bədəndən xaricdə yerləşən üzv olduğu üçün onu heç nə qorumur. Tək qoruyucusu 2 mm qalınlığında dəridir. Süd vəzi bütün kənar təsirlərə tez və çox reaksiya verən orqandır. Bura yuxusuzluq, stres, artıq çəki, hormon dəyişikliyi kimi bir çox hallar daxildir.
- Artıq çəkinin nə kimi təsiri var?
- Qadın kökəldikcə estrogen hormonu artır və nəticədə süd vəzində bərkimələr yaranır.
- O zaman kök qadınlarda xərçəng riski daha çoxdur?
- Bəli. Süd vəzi xərçəngini yaradan başqa səbəblər də var. Məsələn, daha çox aybaşı kimi tanınan menstrual tsikl. Əvvəllər qızlarda aybaşı 14-15 yaşlarında başlayırdısa, indi bu rəqəm 8-9 yaşa qədər enib. Bu isə qızların vaxtından tez cinsi inkişafa başlaması ilə bağlıdır. Eləcə də klimaksın yaşı artıb. 55 yaşında hələ də aybaşı görən qadınlar var. Halbuki 45 yaşlı qadında menopauza başlamalıdır. Aybaşının tez başlayıb gec kəsilməsi də xərçəng yaradan faktorlardan biridir.
- Bəs süd vəzi implantının da təsiri varmı?
- İmplant xərçəng yaratmır. Lakin xərçəngin ilkin mərhələdə aşkar olunmasının qarşısını alır. Bildiyiniz kimi, xərçəng 0-cı və 1-ci mərhələdə 98 faiz tamam sağalır. Odur ki, əsas hədəfimiz xəstəliyi mümkün qədər tez aşkar etməkdir. İmplant yaranmış kütləni görməyə mane olur. Hətta mammoqrafiya ilə bəzən gözümüzdən yayına bilir. Çünki implant kütlənin üzərini örtür, görməyə qoymur. Xərçəng gecikmiş hallarda daha çətin müalicə olunur. Nə qədər tez aşkar edilərsə, sağalmaq ehtimalı bir o qədər çox yüksək olur.
- İmplant qoydurmağa israrlı olan qadınlara nəyi tövsiyə edərdiniz?
- İmplant qoydurmazdan öncə mütləq şəkildə “uzi” kimi tanınan ultrasəs müayinəsi (USM) və mammoqrafiya olunsunlar. Bu müayinələrin nəticələrini ömür boyu saxlamaq lazımdır.
- Müayinələrin nəticələri niyə saxlanılır?
- Əgər implant qoyulandan sonra bir şikayət yaranarsa, biz müqayisə üçün süd vəzinin əvvəlki quruluşunu bilməliyik. Hər hansı bir dəyişikliyin olub-olmadığını müəyyən etməyimiz üçün implantdan əvvəlki müayinə nəticələrini görməliyik. Ona görə də USM və mammoqrafiya rəylərini özünüzdə saxlayın, itirməyin.
- Qadınlar süd vəzi xərçəngindən necə qoruna bilər?
- 35 yaşdan yuxarı bütün qadınlar ildə bir dəfə mammoqrafiyadan keçməlidir. Bu bütün dünyada qəbul olunmuş qızıl qaydadır. Mammoqrafiya vasitəsilə xərçəngi sıfırıncı mərhələdə aşkar edə bilirik. Lakin qadınlarımız mammoqrafiya müayinəsindən əsassız yerə çox qorxurlar.
- Sizcə, şüaya görə qorxurlar?
- Bəli. Amma bu, yersiz narahatçılıqdır. Bir mammoqrafiyanın şüası mobil telefonun 1.5 saat ötürdüyü şüaya bərabərdir. Yaxud da kosmik fəzadan 2.5 saat aldığımız şüa qədərdir. Hələ indiyədək dünyada mammoqrafiyadan xərçəng olan insan qeydə alınmayıb. Bunlar daha çox cahil düşüncələrdir. Mammoqrafiya xərçəng yaratmır, əksinə, ölümdən qoruyur.
- Mammoqrafiya tam ağrısız müayinədir?
- Mütəxəssis tərəfindən doğru şəkildə icra edildiyi zaman heç bir ağrı olmur. Kimsə mammoqrafiya olunduğu zaman ağrı hiss edibsə, deməli, həkim qeyri-peşəkar olub və müayinə düzgün qaydada aparılmayıb. Odur ki, doğru həkimi seçmək çox önəmlidir.
- Deyək ki, mammoqrafiya zamanı süd vəzində kütlə aşkar olundu. Xərçəng olub-olmadığını necə müəyyən edirsiniz?
- Biopsiya vasitəsilə. Biopsiya da ağrısız bir prosedurdur. Yerli keyidici ilə aparılır. Xüsusi iynələr vasitəsilə aşkar olunmuş kütlədən 7-8 nümunə götürülür və tədqiqi üçün histologiya şöbəsinə göndərilir. Burada xüsusi bir məqamı qeyd etmək istəyirəm. Bəzi həkimlər USM olmadan biopsiya edirlər. Bu, çox yanlışdır. Çünki nümunələrin kütlədən götürülməsi vacibdir. Bunu da yalnız USM altında görmək mümkündür.
- Bəs gecikmiş hallarla çox rastlaşırsınız?
- Təəssüf ki, bəli. Ya səhlənkarlıqdan gec gəlirlər, ya da özləri özlərini kələm, banka qoymaqla müalicə etməyə çalışırlar. Savadsız həkimlərin əlinə düşənlər də az deyil. Bizə gəlib çatanda artıq xərçəngin gecikmiş mərhələsi olur.
- Amma 3-cü və 4-cü mərhələlərdə də süd vəzi xərçəngindən sağalan xəstələr olur. Yəni ümid hər zaman var...
- Əlbəttə! Hətta 4-cü mərhələ xərçəngdən tamamilə sağalan bir çox pasiyentlərimiz var. Önəmli olan xəstəliyə yenilməmək, sağalacağına inanmaqdır. Bir də ailə dəstəyi önəmlidir. Xəstə yaxınlarına hər zaman dediyim söz var: “sən xərçəngə qalib gələcəksən” yox, “qalib gələcəyik” deyin. Dəstəyinizi hiss etdirin, mübarizədə yanında olun. Müayinəyə tək gələn pasiyentlərim var. Xəstəliyinə görə həyat yoldaşı, övladları tərəfindən atılan qadınlar da olur.
- Bəlkə də oxucularımız arasında süd vəzi xərçəngindən əziyyət çəkənlər var. Onlara nə deyərdiniz?
- Xərçəng son deyil və bu xəstəlikdən tamamilə sağalan yüzlərlə insan var. Siz də onlardan biri ola bilərsiniz. Yetər ki, buna inanın! Heç kəs xəstəlikdən sığortalanmayıb. Xərçəng hər kəsin qapısını döyə bilər. Odur ki, sağlamlığımıza önəm verib ildə bir dəfə mammoqrafiyadan keçək. Mammoqrafiya dünyada yeganə üsuldur ki, süd vəzi xərçəngini 0-cı mərhələdə aşkar edir. Bu etapda olan xərçəng isə 98 faiz tam sağalır. Əgər indiyədək bu prosedurdan keçməyibsinizsə, gecikmədən mammoqrafiya olunmağa tələsin. İldə cəmi bir dəfə müayinədən keçməklə özünüzü süd vəzi xərçəngindən qorumuş olacaqsınız. Unutmayın ki, mammoqrafiya hər bir qadın üçün həyati əhəmiyyət daşıyan müayinədir.
Qeyd: Dr. Günel Qəmbərova peşəkar mammoloq-radioloq, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 050-751-27-47 mobil nömrəsi vasitəsilə və “gunelqemberova” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.