ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsindəki çıxışı zamanı sol əlindəki tünd göyərmə beynəlxalq mətbuatda səhhəti ilə bağlı müzakirələri yenidən alovlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın “Metro” qəzeti məlumat yayıb.
Nəşr fotoqrafların Trampın sol əlinin arxasında aşkar etdikləri iriölçülü qançırı görüntülədiyini qeyd edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə məsələ ilə bağlı açıqlama verərək, Prezidentin “Sülh Şurası Nizamnaməsi”nin imzalanma mərasimi zamanı əlini masanın küncünə vurduğunu və göyərmənin həmin zərbədən yarandığını bildirib.
Xatırladaq ki, bu, 79 yaşlı dövlət başçısının əllərində görünən ilk belə hal deyil. Belə ki, “The Wall Street Journal”ın yanvarın 1-də dərc etdiyi araşdırmada Trampın qocalma əlamətlərini və dərisindəki həssaslığı gizlətmək üçün tez-tez makiyajdan istifadə etdiyi iddia olunub.
Məlumata görə, Trampın dərisi o qədər həssaslaşıb ki, hətta Miluokidə keçirilən Respublikaçılar Konqresində baş prokuror Pem Bondinin Prezidentlə “high-five” etməsi (əllərini bir-birinə vurması – red.) zamanı üzüyünün onun əlinə toxunması Trampın əlinin qanamasına səbəb olmuşdu.
Onu da bildirək ki, Tramp özü “The Wall Street Journal”a verdiyi müsahibədə bu vəziyyəti gündəlik qəbul etdiyi aspirin dozası ilə əlaqələndirib. O söyləyib ki, ürək-damar xəstəliklərinin qarşısını almaq üçün həkimlərin tövsiyə etdiyindən daha çox gündəlik 325 mq. aspirin qəbul edir.
Son xəbərlər
Son Xəbərlər