“Yüksək səslə söyürdüm ki, oğlu yaxşı eşitsin”

yuksek-sesle-soyurdum-ki-oglu-yaxsi-esitsin
Oxunma sayı: 8220

Ötən il oktyabrın 29-u Suraxanıda 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsinin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırmalar zamanı hadisəni törədən 1993-cü il təvəllüdlü Anar Salmanovun SOCAR-ın idarələrindən birində işlədiyi məlum olub.

Məhkəmə prosesi zamanı məlum olub ki, Suraxanı qəsəbəsində qonşu olan Anarla Zakirin münasibətləri bir müddət əvvəl pozulubmuş. Buna səbəb Anarın həyat yoldaşından ayrılaraq digər qadınla evlənməsi, eyni zamanda iş yoldaşı olan Z.Hüseynovun bacısı ilə münasibəti haqda iddialar olub. Belə ki, Z.Hüseynovun atası Anara bir neçə dəfə məhəllədə bununla bağlı irad bildirib. 

Hadisənin baş verdiyi gün isə Z.Hüseynovun Anarın evdə olmadığı vaxt onun yaşadığı evin pəncərəsini döyərək ikinci həyat yoldaşı ilə danışması isə qətllə nəticələnib. Anar Salmanov Zakirin onun evinin pəncərəsini döyməsini özünə sataşmaq kimi qəbul edib və gecə işdən gələndən sonra bu barədə xəbər tutaraq sərxoş halda qonşunu yüksək səslə söyüb. O, daha sonra evə daxil olaraq söyüşlərini davam etdirib: "Balababanı yüksək səslə söyürdüm ki, oğlu Zakir bunu yaxşı eşitsin. Evə girdim, lakin qapını arxadan bağlamadım. Yoldaşımdan Zakirin yenə pəncərəyə gəlib-gəlməməsini soruşdum. Həmin vaxtı Zakir evə daxil oldu. Onu görən kimi, gözümə mətbəxdəki bıçaq sataşdı. Zakir evin girişində məni itələyib “nə olub, niyə söyüş söyürsən?” dedi, bu zaman həyətdən Balababa və qızının səslərini eşitdim, onların da mənim üstümə gəldiklərini düşündüm. Günortadan əsəbilərimi cilovlaya bilmirdim, gözümü qan bürümüşdü. Bıçaqla Zakirin qarın nahiyəsinə iki zərbə vurdum. Elə həmin vaxt Zakirin atası içəri girdi, Zakir yerdə yıxılıb qalmışdı. Balababa evə girən kimi stoldakı boşqabı mənə atdı. Boşqab qaşımın üstünə dəydi. Sonra Zakirin atası ilə bacısı onu xəstəxanaya apardılar”.

Məhkəmədə mərhum Z.Hüseynovun atası Balababa Hüseynov çıxış edərək bildirib ki, Anar evinə daxil olandan sonra pəncərədən onun mərhum həyat yoldaşının, yəni Zakirin anasının ünvanına təhqiramiz ifadələr işlədib: “Zakir evdə uşaqları ilə televizora baxırdı. Anar içkili olduğu üçün ona baş qoşmayacağını deyirdi. Anarın pəncərəni açıb qışqırmasından sonra isə söyüşləri eşidib, yerindən durub onlara getdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsi 29 yaşlı Anar Salmanovu Cinayət Məcəlləsinin 120.2.2-ci və 120.2.4-cü ( xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Ona 17 il azadlıqdan məhrumetmə cəzası verilib.

Nizam Rza