Yüksək vəzifəyə gedən deputatlar... - Siyahı

yuksek-vezifeye-geden-deputatlar
Oxunma sayı: 10005

Azərbaycanda tez-tez Milli Məclisin deputatları yüksək vəzifəyə təyinat alır. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə deputat Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub.

“Qafqazinfo” bu məqamda daha əvvəl yüksək vəziyə təyin olunan deputatlarının siyahısını təqdim edir:

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

   

Muxtar Babayev nazir vəzifəsinə təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı olub. O, hər iki çağırışda 43 saylı Sumqayıt III seçki dairəsindən deputat seçilib. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziridir. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Vüsal Hüseynov xidmət rəisi təyin olunana qədər Milli Məclisin V (2015-2019-cu illər) çağırış deputatı olub. O, 91 saylı Ucar seçki dairəsindən deputat seçilib. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  

 

Fuad Muradov komitəyə sədr təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı olub. O, IV çağırış Milli Məclisə 29 saylı Səbail seçki dairəsindən, V çağırış Milli Məclisə 34 saylı Xətai II seçki dairəsindən seçilib. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev

Rövşən Rzayev komitəyə sədr təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) çağırış deputatı olub. O,  Milli Məclisə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 2018-ci ilin 21 aprel tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov

Elşad Həsənov icra hakimi təyin olunan qədər Milli Məclisin V (2015-2019-ci illər) çağırış deputatı olub. O, Milli Məclisə 17 saylı Yasamal III seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov

Rüstəm Xəlilov icra hakimi təyin olunana qədər Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırış deputatı olub. O, hər üç çağırışda da 64 saylı Sabirabad II seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin edilib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc

Zahid Oruc Milli Məclisin II (2000-2005) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) VI (2020 -) çağırışının deputatı olub. Hazırda da Milli Məclisin deputatıdır. O, 94 saylı Bərdə qəsəbə seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 2 fevral 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov

Valeh Ələsgərov Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırışının deputatı, parlamentin sədr müavini olub. O, hər üç çağırışda da Milli Məclisə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub. O, prezidentin 22 may 2020-ci ildə imzaladığı digər sərəncamla Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev

Rövnəq Abullayev Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırışının deputatı olub. O, hər üç çağırışda da Milli Məclisə 24 saylı Nizami I seçki dairəsindən deputat seçilib. 2005-ci ilin noyabrın 6-sı deputat seçilən Rövnəq Abdullayev, 2005-ci ilin noyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti təyin edilmişdi. Maraqlıdır ki, Konstitusiyanın 89-cu maddəsinə görə, şəxs dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə xitam verilir. Lakin Rövnəq Abdullayev uzun müddət - 14 il bu iki vəzifəni birlikdə tutub.

Qeyd edək ki, qanunvericilikdə publik hüquqi şəxsin rəhbərliyində olan şəxslərin deputat mandatına malik olub - ola bilməyəcəyinə dair konkret mexanizm yoxdur. Ona görə də Sosial Tədqiqatlar Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəhbər təyin olunan şəxslər öz deputat səlahiyyətlərini davam etdirə bilərlər.   

Eldar Tanrıverdi