Zaqatalada ağır qəza, ölənlər var - Biri qazidir+Yenilənib

zaqatalada-agir-qeza-olenler-var
Oxunma sayı: 5658

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

***

Qəza zamanı “VAZ 21013” markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Həmin avtomobildə olan digər iki nəfər - Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə  yerləşdiriliblər. 

Yaralılardan Z. Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində “VAZ-21013”  markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. 

Nəticədə Z.Heydərov və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

Mübariz  Muradov