Zirzəmidə qalan şəhid ailəsi, “yox” deyən qanunlar...

zirzemide-qalan-sehid-ailesi-yox-deyen-qanunlar
Oxunma sayı: 3826

Ötən gün “Qafqazinfo”da Vətən müharibəsində şəhid olan Nurlan Nuruzadənin qardaşı ilə bacısının köhnə mebel sexinin zirzəmisində yaşaması haqda yazı dərc olunub. 19 yaşlı Nurlanın şəhadətindən sonra anası cəmi 3 ay, atası isə 6 ay yaşaya bilib.

Nurlanı və hər iki valideynini itirən qardaş və bacılar Sumqayıtdakı zirzəmidə məskunlaşsa da, dövlət qurumları tərəfindən onlara “Siz ailə üzvü hesab olunmursunuz” deyilərək, ev verilməyib. Elə bu yanaşma da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

8 nəfərlik ailə evlə təminatı və digər köməkliklər üçün həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, “YAŞAT” Fonduna müraciət edib. Lakin bütün qurumlardan gələn cavab eynidir. Rəsmilər məsələyə münasibət bildirərkən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunu əsas götürüblər. Bu qanuna görə, şəhidin yalnız həyat yoldaşı, valideynləri, 18 yaşadək uşaqları şəhidin ailə üzvləri hesab olunurlar.

Bacı və qardaşın acınacaqlı durumda yaşadığını görən ictimaiyyət nümayəndələri isə qanunda boşluq olduğunu, belə ailələrə istisna halların tətbiq edilməli olduğunu bildirirlər. Əksəriyyətin fikrincə, şəhidin geridə qalan doğmalarının mövcud durumu nəzərə alınaraq onlara güzəşt olunmalıdır.

Həmçinin oxuyun: “Nurlandan sonra ata-anamız da öldü, bizə “ev düşmür” deyirlər”  

“Qafqazinfo” geniş müzakirələrə səbəb olan məsələ ətrafında araşdırma aparıb. Maraqlıdır, görəsən, şəhidin ata-anası, övladları yoxdursa, bu kimi hallarda şəhid ailələrinə necə kömək edilməlidir? 

Hüquqşünas Ələsgər Məmmədlinin bildirdiyinə görə, bu halda ilk növbədə şəhidin valideynlərinin nə vaxt vəfat etməsi nəzərə alınmalıdır: “Əgər şəhidin valideynləri övladından sonra vəfat ediblərsə, ata-ananın mirasçıları şəhidin mirasçıları sayılır. Ailəyə maddi olaraq nəsə düşürsə, o şəxslər - bu halda bacı və qardaşlar davamçılarıdır. İndiki halda, alacaqlar aspektindən baxdığımız zaman, qanunvericiliyə görə bacı və qardaşlar ikinci dərəcəli mirasçı hesab olunurlar. 

Məsələnin mənəvi tərəfi isə odur ki, əgər ailə vətən üçün bir şəhid verib, sonra şəhidin dərdindən ata-anası itirilibsə, ailəsinin qalan üzvləri hansısa zirzəmiyə yerləşiblərsə, burada hər şeydən öncə cəmiyyət olaraq, dövlət olaraq mənəvi öhdəliyimizdir ki, onlara sahib çıxaq. Çünki bir ailə bu vətən üçün övladını şəhid verirsə, fərqi yoxdur, bacı qardaşlar və ya yaxın qohumlardır, onlara sahib çıxmaq dövlətin, dövləti təmsil edən, sosial sahədə fəaliyyət göstərən qurumların vəzifəsidir. Bir an öncə onlara sahib çıxmalıdırlar. İstər hüquqi baxımdan öhdəlik məsələsi qüvvədədir, istərsə də, onun ailəsinə qayğı baxımından. Şəhidin ruhu şad olmalıdır, boşuna bu vətən üçün canından keçmədiyi bilinməlidir. Ata-ananın almalı olduğu şəhidliyə dair vəsait qardaş-bacılara keçməlidir. Birmənalı şəkildə onların problemləri həll olunmalıdır”.   

Fotoda şəhid Nurlan Nuruzadənin bacısı və qardaşının yaşadığı zirzəmi

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu məsələni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzarətə götürə bilər. Bu məsələdə qanuna dəyişiklik bir qədər çətindir: “Qanunvericilikdə vərəsə kimi ancaq ata-anadan, həyat yoldaşı və övladdan söhbət gedir. Fikrimcə, bunu dəqiqləşdirib qanunda düzəliş eləmək olar”.

Millət vəkili Arzu Nağıyev isə bildirib ki, bunun həlli üçün əsas məsələ vərəsənin ayırd edilməsidir: “Mən bunu Parlamentin iclaslarında dəfələrlə səsləndirmişəm ki, vərəsəlik məsələsinə aydınlıq gətirmək lazımdır. Son vaxtlar bununla bağlı müraciətlər çox olduğuna görə, qanunvericilikdə vərəsəlik məsələsinə yenidən baxıla bilər. Bundan əlavə, kimin varis olmasına yerli notarius və məhkəmələr səviyyəsində də baxmaq olar”.

Gülnar Əliyeva