Qızdırsa 50, oğlandırsa 70...

qizdirsa-50-oglandirsa-70-
Oxunma sayı: 7714

Nərmin Dadaşova

Keçən ilin yay ayları idi. Türkiyədən pənah gətirmiş sevimli qonağımız filosof Xaqani Hassla çay içə-içə keçmiş günləri xatırlayırdıq. Sözümüz o qədər çox idi ki, cümləmizin biri bitməmiş, o birinə başlayırdıq. Bu qədər zaman kəsiyində nə baş vermişdi? Nə dəyişmişdi? Kim ölmüşdü, kim qalmışdı? Kim hələ də şair idi? Kim heç vaxt şair ola bilməmişdi?.. hamısını danışdıq. Arada söhbətimizi uşaqların səs-küyü bölürdü. Xaqani müəllim qızımın başını sığallayıb, “Qız övladının olması necə gözəldi,” dedi. “Vacibdir,” dedi. “Olmalıdır,” dedi. “İnsanın bir övladı olacaqsa, qızı olmalıdır,” dedi. Qətiyyətlə dedi...

Elə həmin ilin yenə də yay aylarında kəndə qonaq getmişdik. Cənub tərəfə. Qonaq getdiyimiz ev sahibinin qızı ana olmağa hazırlaşırdı. Hazırlaşırdı deyəndə ki, artıq hazır idi. Yaşadıqları kənddən bir kənd uzaqda 30 ilin mamaçası vardı. Bütün kənd əhli ona etibar edirdi yeni doğulacaq körpələrini. Evin qadın əhlinin israrı ilə gələcək anaya dəstək olmaq üçün mən də onlarla bərabər o biri kəndə yollandım. Və həyatımın ən ağır, ən kədərli, ən iztirablı, ən utancverici dialoqunun şahidi də yox, birbaşa iştirakçısı oldum:

- Doğuş xərcləri nə qədərdir burda?
- Qızdırsa 50, oğlandırsa 70 manat...

Arxadan bir səs: İnşallah oğlandır!

Hə vallah, elə belə də dedi! Oğlandırsa yetmiş...

Bilirsiz nə qədər ailələr dağıdıb bu oğlan sevdası? Nə qədər gəlinin başını qapazlı, üzünü qara edib? Çoxunu, lap çoxunu. Nə kənd, nə şəhər tanımır bu arzunun sərhədləri. Fərq ondadır ki, şəhərdə cinsiyyətini biləndən sonra qərar verirlər hamiləliyi sona çatdırmaq istəyib ya istəmədiklərinə. Amma məni daha çox kənd qadınlarının oğlan olana qədər 9 qız dünyaya gətirməsi, sonuncu qızının da adını “Bəsdi” qoyması yandırır. “Bəsdi”- bu əslində ad deyil, yalvarışdı, ya da ultimatumdu Tanrıya. “Gözəl Allahım, lütfən, bəsdi mənə qız uşağı nəsib etdin, oğlan payımı da ver, qurtar canımı” -mesajıdır. O qadınlar oğlan arzulayır ki, oğlanları “tində”, “yolun başında” domino oynayıb siqaret sümürəndə qızları 5 hektar həyəti süpürüb, dağdan- daşdan təzək toplayırlar yandırmağa. Əllərinin qabarı üzlərini cızıq-cızıq edir, o qadınlar ki, oğlan uşağı üçün qabaqlarına çıxan hər qəbir daşına, ağaca sap bağlayıb niyyət edirlər, onların qızlarının bişirdiyi çörəyin iyindən adam bihuş olur. O qadınlar oğlan uşağı arzulayırlar ki, ərləri onları hər addım başı qapazaltı edir. O qadınlar oğlan uşağı arzulayırlar ki, xəstələnəndə başlarını Yetərin, Bəsdinin, Kifayətin dizlərinə qoyurlar.

Və bunu o qədər çox istəyiblər ki, bu gün Azərbaycanda hər 100 qıza 117 oğlan düşür.

Bu bayram yenə getmişdim o kəndə. Bayramlaşmağa gələn qonşu qadın. “Övlad payından nəyin var?” dedi
Və həyatımın ikinci şok dialoqunu yaşadım.

- İki qızım var.

- Hə, neynək, dərd eləmə, Allah oğul payını da versin.

Vallah, elə belə də dedi! “Dərd eləmə...” Və bütün bu məşəqqətin ikicə izahı var.

1- Soyumu davam etdirənim olsun
2- Öləndə qəbrə yad çiynində getməyim.

Məncə sən, əziz insan, cinsiyyətinə görə qərar verəcəksənsə bətnindəki körpənin taleyinə, sənin soyun davam etməsə daha gözəl olar. Yox əgər ikinci səbəbə görə narahatsansa, indiyə qədər heç kəsin tabutu ortalıqda qalmayıb. Bir şəkildə səni dəfn edəcəklər. Sən ölməyində ol!