İTV-dən İsmayıl Ömərovun qızı və kürəkəni ilə bağlı – - Açıqlama

itv-den-ismayil-omerovun-qizi-ve-kurekeni-ile-bagli-
Oxunma sayı: 10304


Bir neçə gün əvvəl “Qafqazinfo”da İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçmiş baş direktoru İsmayıl Ömərovun televiziyaya rəhbərlik etdiyi vaxt yol verdiyi qanunsuzluqlarla bağlı xəbər dərc olunmuşdu.

Həmin xəbərdə qeyd olunurdu ki, İTV-nin fəaliyyətini yoxlayan Hesablama Palatası İsmayıl Ömərovun təxminən 100 min manat məbləğində vəsaiti təyinatsız xərclədiyini müəyyənləşdirərək vəsaitin onun tərəfindən kanalın büdcəsinə qaytarılması ilə bağlı qərar çıxarıb. Eyni zamanda, xəbərdə İsmayıl Ömərovun çoxlu sayda qohum əqrəbasını İTV-nin əməkdaşına çevirdiyi, qızını və kürəkənini şirkətin London təmsilçiləri yapdığının aşkarlandığı bildirilirdi. Həmin xəbərə dərhal reaksiya verən İ. Ömərov əvvəlcə “Yalançının...” ifadəsi işlədərək cavab vermiş, daha sonra isə saytı guya onun haqqında böhtan dərc etdiyi üçün məhkəməyə verdiyini bildirmişdi. 

“Qafqazinfo” İsmayıl Ömərovun təkziblərini və israrlarını nəzərə alaraq sözügedən xəbərlə bağlı İTV-yə rəsmi sorğu göndərib. İndi biz sizə İTV-nin rəsmi şəkildə bizim sorğumuza verdiyi cavabı təqdim edirik: 

“Göndərdiyiniz rəsmi sorğunun birinci sualına cavab olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti bildirir ki, həqiqətən də Hesablama Palatası şirkətdə yoxlama aparıb. Bu üzdən yoxlamanın nəticələri barədə bizim açıqlama verməyimiz düzgün deyil. 

İkinci sualınıza cavab olaraq bildiririk ki, keçmiş baş direktor İsmayıl Ömərovun xeyli sayda qohumu hələ o, vəzifədə olarkən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışıb. Onların bəziləri öz ərizəsinə və ya müqavilə müddəti bitdiyinə əsasən işdən gediblər. Eyni zamanda, İsmayıl Ömərovun qohumlarının bəziləri bu gün də İctimai Televiziya və Radio Yayımları Şirkətində fəaliyyətlərini davam etdirirlər. 

“Sorğunuzun üçüncü hissəsinə gəldikdə, həqiqətən də, İctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərovun qızı Səmədova Könül İsmayıl qızı və onun həyat yoldaşı Səmədov Ruzi Emin oğlu 11 yanvar 2012-ci il tarixdən İTV-nin Böyük Britaniya bürosuna (Könül Səmədova baş prodüsser, Ruzi Səmədov xüsusi müxbir) təyin olunublar. İsmayıl Ömərovun qızı Könül Səmədova hal-hazırda da İTV-nin əməkdaşıdır və iki ay əvvəl analıq məzuniyyətinə çıxıb. Keçmiş baş direktorun kürəkəni Ruzi Səmədovun da adı şirkətin ştatındadır” . 

Bax, o bizim yazdığımız xəbər, bu rəsmi sorğunun cavabı. İndi İsmayıl Ömərov işlətdiyi “Yalançının...” söyüşünün dalına nə yazmaq istəyirsə, buyursun... 

“Qafqazinfo” son olaraq hörmətli İsmayıl Ömərovun diqqətinə bəzi məqamları da çatdırmağı lazım bilir. Əvvala, qocaman jurnalistin diqqətinə çatdırırıq ki, biz onun bələd olduğu prinsiplərlə, yəni birtərəfli qaydada işləmirik. Hər kəsin cavab haqqını tanıyırıq. Bu cavab bizim ziyanımıza da olsa, onu işıqlandırmağı özümüzə borc bilirik. Necə ki, o gün ünvanımıza verdiyi söyüş-cavabı dərc etmişik. 

Ona görə də, sayın Ömərov özünə başqa yerdə vəkil axtarmaqdansa, elə “Qafqazinfo”nun özünə müraciət eləsin. Çünki başqa yerlərdə dediyi sözləri sonradan “elə demək istəməmişəm” tipli təkzib etməkdənsə, buyursun gəslin, üzümüzə danışsın. 

Digər bir məqam isə ondan ibarətdir ki, İ. Ömərova qarşı qurşaqdan aşağı zərbə vurmaq niyyətimiz yoxdur, bunun üçün imkanlar olsa belə biz həm öz çəkimiz, həm də peşəkarlıq prinsiplərini qoruyaraq yalnız məsələnin ictimai əhəmiyyət kəsb edən tərəflərini işıqlandırırıq.