“Fahişə “mən bunu eləmirəm, bunu xoşlamıram” deyə bilməz” -“Sarı gəlin”

fahise-men-bunu-elemirem-bunu-xoslamiram-deye-bilmez-sari-gelin
Oxunma sayı: 7620




O təlatümlü dövrdə, axşamlar porno filmlərin nümayiş olunduğu çoxsaylı video-salonlarda gündüzlər Osmanlı və üçüncü kateqoriyalı Hollivud filmləri göstərilirdi. Hamının Osmanlını, İstanbulu görmək xəyalı ilə yaşadığı o illərdə kimin evində video varıydısa, mütləq 10-15 Osmanlı kinosu və klip yığmalarından ibarət kasetlər də olurdu. Gündə bir neçə dəfə kasetləri video-maqnitofona salıb-çıxarmaqdan kasetlər tez korlanır, lentləri dolaşırdı. Müşərrəf Akay Bakuya qastrola gələndə isə camaat konsertə düşməkdən ötrü, Lenin sarayının qabağında bir-birini əzirdi.
O vaxtlar Bakuya gələn bütün osmanlılar “Tatlısəsi, Əmrahı, Türkan Şorayı tanıyırsınızmı?” sualı ilə qarşılaşırdılar. Nə üçünsə hamı elə bilirdi ki, İstanbulda hər kəsin Əmrahla görüşmək, Türkan Şorayla çay içmək imkanı var. Kafedə yemək yediyin yerdə isə, qəfildən içəri İbrahim Tatlısəs girib camaata avtoqraf paylaya bilər. Bəzi vicdansız osmanlılar, bu stereotipləri dağıtmaq əvəzinə Əmrahla, Tatlısəslə dost olduqlarını, hətta Sibel Canla yatdıqlarını deyir, qulaqlarını sallayıb onlara heyranlıqla baxan atropatları dolayırdılar.

Əmrah dalğasında Osmanlıdan Atropatenya axın edən adamlar, burada əməlli-başlı kef çəkirdilər. Yatmağa qadın tapmaq onlar üçün problem deyildi. Osmanlı filmlərinin təsiri ilə minlərlə dişi atropat, İstanbulda qancıq küçə itinə belə yaxın düşə bilməyəcək avara, qara-qura adamlara paylayırdı. O vaxtlar Atropatena oğlanları dəbdən düşmüşdü. Bir erkək atropat sekslə məşğul olmaqdan ötrü ya evlənməli, ya da fahişə tapmalıydı. Osmanlılar isə asanlıqla qızların saqqızını oğurlayırdılar. Hətta osmanlılara ağız büzən, onları ələ salan rusdilli qızlar da osmanlıları görəndə özlərini buraxırdılar.
]
Ömür boyu Osmanlını görmək arzusu ilə yaşamış Təranə, İstanbulun Esenler avtovağzalında avtobusdan düşüb, bu şəhərə birinci dəfə ayaq basanda həyəcandan dizləri titrəmişdi. On minlərlə adamın, minlərlə lüks “Mercedes 404” avtobusuna minib-düşdüyü səs-küylü, dönər ətirli nəhəng avtovağzalın ritmi onun başını elə gicəlləndirmişdi ki, qarşısına çıxan birinci skamyaya oturub, ağzı açıq vəziyyətdə yarım saat ancaq ətrafa tamaşa etmişdi.

Təranə iki il əvvəl İstanbula fahişəlik üçün gələn, bir müddət sonra da varlı bir osmanlının aşnası olub, qədim peşənin daşını atan rəfiqəsi Aynurun təkidi ilə gəlmişdi bura. Aynuru saxlayan istanbullu iş adamı, onun üçün Şişlidə iki otaqlı mənzil kirayələmişdi. Hər ay Aynura aldığı bahalı hədiyyələrdən əlavə, iki min dollar da pul verirdi. Aynur inanırdı ki, Təranənin də İstanbulda böyük perspektivləri var.

İstanbula gəldiyi ilk aylarda Laləlidəki “Ergenekon” otelində qalan Təranədən başqa, oteldə üç ukraynalı, bir iberiyalı, bir moldovalı və iki atropat qəhbə varıydı. Qızlar, müştərilərin olmadığı günorta saatlarında otelin qarşısındakı “Şakir abinin kafeteryası”na yığışıb kişilərdən, seksdən, polislərdən danışır, hərdən də müştəri üstündə bir-birləri ilə saçyolduya çıxırdılar. Amma küsülülükləri uzun çəkmirdi, çox tez barışırdılar.
Siqaret çəkməyən, demək olar ki, içki də içməyən, özünə baxan, geyiminə fikir verən, hətta Osmanlı qəzetlərini oxuyan və saçlarını sarı rəngə boyamağa başlayan Təranəyə qızlar açıq-aşkar paxıllıq edirdilər. Onlara elə gəlirdi ki, Təranə özünü dartır, hamıdan seçilmək, fərqlənmək istəyir. O isə qızların atmacalarına məhəl qoymadan, fürsət düşəndə onlara öz məsləhətlərini verirdi:
“Siqareti çəkib özünüzü qocaldırsınız, dərinizi korlayırsınız. Fahişə mütləq siqaret çəkməlidir bəyəm? Bunu sizə kim deyib?”
“Arada, boş vaxtınızda qəzet oxuyun. Dünyadan xəbəriniz olsun.”
“Müştəri ilə ağır olun. Özünüzü şit aparırsınız, kişiləri başınıza dırmaşdırırsınız. Ondan sonra da altını çəkirsiniz.”
“Fahişə “mən bunu eləmirəm, bunu xoşlamıram” deyə bilməz. Müştəri minet istəyirsə minet eləməlisiniz. Daldan istəyirsə, verməlisiniz. Adını fahişə qoyan adam gərək “yox” sözünü dilinə gətirməsin.”
Qızlar isə Təranənin məsləhətlərini bir qulaqdan alıb obirindən ötürür, onu lağa qoyurdular. Dəstənin ən stajlı üzvü olan ukraynalı Vladislava isə Təranənin ləhcəli ruscası ilə məzələnməyi xoşlayırdı. Vladislava Təranəni yamsılamağa başlayanda qızlar uğunub gedir, rusca düz-əməlli cümlə qura bilməyən atropat qızlar hamıdan möhkəm gülürdülər.
İlk günlərdə Təranə ilə tez-tez görüşən Aynur, bir ay sonra həftədə bir dəfə gəlib-getməyə başladı, sonra isə ayağı tamam kəsildi. Telefonuna da zəng çatmırdı. Təranə Aynurun yoxa çıxmasını onun sevgilisinin qadağası ilə izah edirdi. Görünür osmanlılı aşna, Aynurun Laləliyə gəlib-getməsini, əvvəlki həyat tərzi ilə təmas etməsini istəmirdi. Əgər elədirsə, onda onu axtarmağın, narahat etməyin mənası yox idi. Təranənin qüruru da buna yol vermirdi.

İstanbula gələndən bir ay sonra birinci mobil telefonunu almışdı. Xoşlandığı, dil tapdığı müştərilərinə öz nömrəsini verirdi. Hamıya da tapşırırdı ki, mümkünsə oteldə yox, başqa yerdə görüşsünlər. Kişiləri oteldə qəbul etmək, gözə girmək istəmirdi. Qızlardan dəfələrlə çox pul qazanması, onun üçün əməlli-başlı problemə çevrilmişdi. Arxasından edilən qeybətləri, deyilən sözləri bilirdi. Gözə gəlməkdən qorxurdu. Halbuki qızlar ona paxıllıq etmək əvəzinə, çox qazanmasının səbəbləri ilə maraqlansaydılar görərdilər ki, Təranə kişiləri yola vermirdi, ürəkdən sevişirdi. Ona görə, onunla bircə dəfə yatağa girən, bir daha ayrıla bilmirdi.
Təranənin xahişi də işə yaramışdı. Müştərilərin çoxu onunla kənarda görüşürdülər – kimisi mənzildə, kimisi bağ evində, kimisi də başqa oteldə.
Rusiya İmperiyası dağılana qədər, osmanlılar üçün sarışın qadınla sekslə məşğul olmaq bir xəyal olsa da, İmperiya dağılandan, sərhədlər açılandan sonra sarışın qadın, ya da özlərinin dediyi kimi “Nataşa” bolluğuna düşmüşdülər. Osmanlılar, millət fərqi qoymadan, bütün postimperiya fahişələrinə Nataşa deyirdilər. Təranə də saçlarını sarı rəngə boyadığı üçün, hərdən onu da rusla səhv salırdılar. Belə anlarda Təranə özündən çıxır, ona rus deyənlərə kobud cavab verir və qürurla “Mən Atropatena türküyəm!” deyirdi.

Ümumiyyətlə, osmanlıların bisavadlığı, intellektual səviyyələrinin aşağı olması onu çox əsəbiləşdirirdi. Müştərilərinin çoxunun nəinki Atropatenadan, Atropatena mədəniyyətindən xəbərsiz olmaları, hətta Rəşad Nuri Güntəkini, Suat Dervişi, Səbahəttin Əlini belə tanımamaları onu məyus edirdi. Hərdən onlarla mübahisəsi də düşürdü: “Yaxşı, bizim dünya şöhrətli Anarımızı, Fikrət Qocamızı tanımırsınız, bəs öz yazıçılarınızdan niyə xəbəriniz yoxdur? “Xəz paltolu madonna”, “Fosforlu Cevriyə”, “Dodaqdan qəlbə”ni oxumamaq olar? Utanmırsınız?” Kitabdan, qəzetdən, Atropatenanın qədimliyindən, Urartunun Qarabulağı işğalından, ermənilərin xainliyindən danışmağı xoşlayan Təranəyə “professor” ləqəbi qoşan müştərilər, onu cırnadıb danışdırmaqdan həzz alır, ən çox da danışanda işlətdiyi Atropatena sözlərinə gülürdülər.
On dörd il fasiləsiz fahişəliklə məşğul olan Təranə, bu müddət ərzində yatdığı kişilərin sayını əlbəttə ki, unutmuşdu. Lakin zəngin təcrübəsinə baxmayaraq, hələ də osmanlıların acgözlüyünü başa düşə, Osmanlı ehtirasına, yanıqlığına öyrəşə bilmirdi. Hətta elə müştərisi var idi ki, çıxartmadan 2-3 dəfə qurtara bilirdi. Təranə ömründə belə şey görməmiş, eşitməmişdi.

Osmanlılar prezervativ görəndə isə, elə bil xortdan görürdülər. Qızlar prezervativi onlara zorla, bəzən yalvar-yaxarla taxırdılar. Elə müştərilər də olurdu ki, fahişələrə eşqnamə oxuyur, hətta evlənmə təklif edirdilər. Təranə, öz arvadlarının qeybətini qıran, onları fahişənin ayağına verən osmanlıları başa düşmür, belələrini görəndə iyrənirdi.
Tez-tez ağrılardan şikayətlənən Moldovalı Faina isə, osmanlılara o ki, var döşəyirdi. Deyirdi ki, ağrıya dözə bilməyəndə müştərinin pulunu qaytarıb qovur. Osmanlıların ölçülərindən şikayət edən təkcə Faina da deyildi. Başqa qızlar da danışırdılar ki, osmanlılar onların matkalarını dağıdırlar, hətta ay başı sikli də pozulur. Təranədə isə uşaqlıq yolunun dərinliyi qaydasında idi. Onun həm də təcrübəsi varıydı deyə, qeyri-adi böyüklükdə penis görəndə elə poza seçirdi ki, daxilolma az olsun. Bəzən isə belə müştəriləri minetlə yola verirdi. Əlqərəz mütləq yolunu tapıb, müştərini razı yola salır, heç vaxt da heç kəsə şikayətlənmirdi. Peşəkarlıq öz yerində, o, həm də naşükür olmaqdan, Allahın qəzəbinə tuş gəlib qazancını itirməkdən qorxurdu.

Hərdən, bekar olanda Bakunun xiffətini çəkirdi. Amma İstanbulda o qədər pul qazanırdı ki, bir müddət əziz şəhərindən uzaq qalmağa dəyərdi. O, Bakuya qalib kimi - triumfla və çoxlu pulla qayıtmalı, illərdən bəri ürəyində cücərtdiyi arzularını həyata keçirməli idi. Bu uğurda isə, bütün məhrumiyyətlərə dözmək olardı.
Təranə sözün əsl mənasında pulu alın təri ilə, halallıqla qazanırdı. Fahişəlik həyatı boyunca sifilis xorası kimi üfunətli, iyrənc səhnələr də gördüyü olmuşdu. Hər bir anatomik nüansa – tüpürcəyə, spermaya, kariesə, ifrazata, selikə, qoxulara və çirkə çoxdan vərdiş etmişdi. Sadəcə olaraq bunları görməməyə, duymamağa çalışırdı. Bilirdi ki, bunları ürəyinə salsa, içində böyütsə dəlixanalıq olacaq. Odur ki, seksual robot, ehtirasların soyuq manipulyatoru rolunu vicdanla icra edir, kənar fikirləri yaxına buraxmırdı. Bunların müvəqqəti çətinliklər olduğunu başa düşürdü.
Vətənə qalib kimi qayıdacağı günü səbirsizliklə gözləyirdi.

***

Hər yerdə, hər fürsətdə Atropatena həqiqətlərini dilə gətirməyi, ölkəsini təbliğ etməyi də unutmurdu Təranə. Düşünürdü ki, fahişə olması vətəninin təəssübünü çəkməsinə, ürəyinin Qarabulaq dərdi ilə döyünməsinə mane olmamalıdır. Odur ki, bir an olsun xalqının azadlığı, torpaqlarının qorunması, istiqlalı naminə vuruşan, mübarizə aparan insanları, xüsusilə də həmcinslərini unutmurdu. Əfsanəvi Tomris, Nüşabə, Burla xatun, Nigar, Həcər, Cəlaliyyə, Mərziyyə və daha bir çox qəhrəman qadını xalqının və özünün qürur mənbəyi hesab edirdi. İstisnasız olaraq yatdığı bütün kişilərə işğal altındakı Qarabulaqdan, qaçqın və məcburi köçkünlərdən, erməni xislətindən, ermənilərin oğurladığı xörəklərdən, mahnılardan və əlbəttə ki, Sarı gəlindən danışırdı.
İstanbulda gördüyü atropatların çoxu ya dəri alveri ilə, ya da fahişəliklə məşğul olduğundan, Təranə millətinə görə bəzən xəcalət də çəkirdi. Özünün də fahişə olması faktı, Osmanlıda Atropatenanın adının bədnam çıxması gerçəyini dəyişmirdi. Bir neçə dəfə Ergenekon otelinə, fahişə yanına gələn atropat tələbələrə də rast gəlmiş, amma onların gözünə görünməməkdən ötrü gizlənmişdi. Tələbə olsun olmasın – İstanbulda atropat ilə yatmağı Təranə özünə rəva bilmirdi. Oteldəki digər iki atropat fahişədən də xahiş etmişdi ki, atropatlara “verməsinlər”. Bunun “prinsip məsələsi” olduğunu vurğulayan Təranə, qızlara “milli qürur”, “ölkənin imici” kimi arqumentlər gətirmişdi. Ona görə də Ergenekona gələn atropat tələbələrlə yatmaq ukraynalı, moldovalı, iberiyalı qızlara qismət olurdu.
İstanbulda fahişəlik etdiyi yarım il ərzində, Təranə özünə on beşə yaxın daimi müştəri toplamışdı. Onların arasında iş adamları, bank işçiləri, məmurlar, hətta bir universitet dosenti də var idi. Təranənin ürəyinə ən çox yatan müştərisi isə - Erol Karabacak adlı kötüyə oxşayan, qısa boylu, lakin olduqca səxavətli Qara Dənizli laz idi. Əliaçıq olmasından savayı, onun Təranə üçün dəyəri həm də vəzifəsi ilə ölçülürdü – Erol, Kadıköy polis idarəsinin rəis müavini işləyirdi. Həftədə bir dəfə Təranəni bahalı restoranlarda şam yeməyinə dəvət edən, ona qiymətli hədiyyələr alan Erol, seks üçün Eresin, Akgün, Marmara kimi məşhur otelləri seçirdi.
Erolla keçirdiyi növbəti eşq gecələrindən birinin səhərisi, Eresin otelinin restoranına düşən Təranə boş masalardan birinə əyləşib, özünə çay sifariş verdi. Bir azdan, Erol da nömrənin açarını təhvil verib gəlməliydi.
Birdən, qonşu masada oturan üç cavan oğlanın söhbəti diqqətini cəlb etdi. Gənclər Atropatena dilində danışırdılar. Qısa tərəddüddən sonra Təranə ucadan soruşdu:
- Salam. Deyəsən atropatsınız?
Üçü də üzünü səsin gəldiyi tərəfə çevirib sarışın, gözəl qadına baxdılar. Təranə heç vaxt klassik fahişələr kimi açıq-saçıq geyinmirdi. Bu gün də ayağında ciddi dikdaban ayaqqabı, əynində boz rəngdə rəsmi kostyum, boynunda Vakko markalı yaylıq, gözündə isə adi şüşələri olan ciddi qara eynək vardı. Fahişədən çox səfirlik əməkdaşına, ya da hansısa nazirliyin aparıcı mütəxəssisinə, və yaxud ürəyi Qarabulaq həqiqətləri ilə döyünən teleaparıcıya oxşayırdı.
Adı Mübariz olan gənc:
- Bəli, Atropatenadanıq – dedi.
- İsanbulda xeyrola? Tələbəyə oxşamırsınız – üzündə intellektual qadınların mimikası ilə çaydan bir qurtum içib, “fəlsəfi” təbəssümlə soruşdu.
- Şahmat turnirinə gəlmişik.
- Aaa. Nə gözəl, nə gözəl. Deməli idmançısınız. Bəs turnir haçandı?
- Dünən oldu.
Təranə səmimi həyəcanla özünü bir az qabağa verdi:
- Neçənci yeri tutdunuz?
- Birinci olduq – Asif adlı şahmatçı gülə-gülə dedi.
Sevincindən özünü itirən Təranə, gəncləri alqışlamağa başladı.
- Afərin! Bravo sizə! Siz ki, vətənin adını ucaldırsınız, çox sağ olun! – dolan gözlərini barmaqlarının ucu ilə sildi. - Bəs nə vaxt qayıdırsınız Bakuya?
Qadının ağlamasından mütəəssir olan Mübariz, şövkətlə:
- Sabah səhər – dedi. - Bu gün boş günümüzdür.
- Əla! Onda bu gün mənim qonağımsınız. Aha, Erol bəy də gəldi.
Restorana girən Erol, tələsmədən Təranənin masasına doğru yaxınlaşır, bir yandan da ona istiqamətlənmiş üç cüt gözün sahiblərini şübhə ilə süzürdü. Vəzifəsindən ötrü çox adamın gözünə görünmək istəmir, tanınmaqdan qorxurdu. Masaya yaxınlaşıb sərsəm vəziyyətdə Təranəyə baxdı.
- Erol bəy, sizi bizim şahmatçı gənclərimizlə tanış etmək istəyirəm.
Erol təəccüblə bir gənclərə, bir Təranəyə baxıb:
- Şahmatçı ne? – soruşdu.
Asif:
- Bizdə satrança şahmat diyorlar – dedi.
- Haaa, öyle mi? Şahmat, yani şah ve mat. Ne ilginç – Erolun kefi bir anda düzəldi, gülümsəməyə başladı. - Memnun oldum. İsmim Erol.
O axşam, gəncləri İstanbulun bahalı balıq restoranları ilə məşhur olan Tarabyaya dəvət edən Erol, Rıhtım restoranında rakı və balıq qonaqlığı vermişdi. Gecə boyunca deyən-gülən, əylənən gənclər, Təranənin İsanbulda nə ilə məşğul olduğunu soruşmağa cəsarət etməmişdilər. Təranə özü də bu barədə heç nə danışmırdı. Deməli belə məsləhət idi. Əlbəttə ki, gənclərin müəyyən şübhələri varıydı, lakin öz şübhələrini belə, bir-birləri ilə bölüşməyə qorxurdular. Gecənin sonunda isə Erol 400 dollara yaxın hesab ödəmişdi.

Ertəsi gün, İstanbul-Baku təyyarəsinə minən gənclərin beynində hələ də dünənki gecədən qalma suallar dolaşırdı. Təranə ilə Erol bəy kimdilər və onların şərəfinə belə bahalı qonaqlığı nə üçün vermişdilər? Bu zəmanədə, Təranə kimi vətənpərvər insanların olması realdırmı?
Gənclər bu suallara heç vaxt cavab tapa bilməyəcəkdilər.