Keyfiyyətsizlik böhranında boğuluruq

keyfiyyetsizlik-bohraninda-boguluruq
Oxunma sayı: 2021

Dünya Sakit

Azərbaycanda bir xidmət böhranı yaşanır. Sözün həqiqi mənasında, bütün xidmət sahələrində keyfiyyətsizlik baş alıb gedir...

“BakıBus” avtobusları ilk dəfə işləməyə başlayanda camaat arasında böyük təəccüblə qarşılanmışdı: ilk dəfəydi ki, uniformada sürücü xidmət göstərirdi, siqaret çəkmirdi, dayanacaqdan kənarda maşını saxlamırdı. Ödənişin kartla olması isə xəttdəki avtobusların bir-biri ilə yarışmasını istisna edirdi. Bir sözlə, paytaxt sakinləri görmədikləri günə düşmüşdülər. 

Özəl klinikalar yeni-yeni fəaliyyətə başlayanda da eyni reaksiyalar vardı. Hamı özəl klinikalarda birdəfəlik ödənişdən sonra heç kimin sanitarkapulu, iynəpulu, çarpayıpulu istəməməsindən danışırdı. İnsanlar bir dəfə ödənişini etmək imkanı qazanmalarına şükür edirdilər – baxmayaraq ki, o ödəniş yüksəkdir. Düzdür, indi bir sıra özəl xəstəxanalarda da xidmət səviyyəsi dövlət səhiyyə müəssisələrindən fərqlənmir, amma ortada müqayisə və seçim etmək imkanı var.

Bu gün Azərbaycanın turizm potensialından ağızdolusu danışırıq, bu sahənin inkişafı dövləti əsas prioritetlərindən biridir. Lakin bu sektordakı keyfiyyətsiz xidmət problemi illərdir heç cür aradan qaldırıla bilmir. Turizm məktəblərinin açılması da hələ ki bu sahədə hansısa ciddi dəyişikliyə gətirib çıxartmayıb. Turizm obyektlərində gələn xarici turistlərə kələk gəlməyə davam edilir. Yeri gəlmişkən, bu günlərdə turizm məkanlarının birində çalışan dostumuzun dediyinə görə, rus turistlərin sayı sürətlə artır və onları ərəblər kimi aldatmaq mümkün deyil. Gəlməzdən öncə hər şeylə dərindən maraqlanan rus turistlərə qiymətdə “atmaq” mümkün olmadığı üçün bir sıra məkanlarda onları bəyənmirlər...

Reallıq budur ki, dörd-beş ulduzlu müəssisələrin xidmət səviyyəsi heç normal 2 ulduzluya belə uyğun deyil. Üstəlik, nə yeməklərin keyfiyyətinə baxan var, nə vaxtında çatdırılmasına, nə qonaqların rahatlığına. Qiymətlər isə ən yüksək ulduz sayına malik müəssisələri keçəcək səviyyədədir. Elə buna görədir ki, nə qədər çalışsaq da Gürcüstanın yarısı qədər turist cəlb edə bilmirik ölkəmizə 

Gürcüstan bu ilin ilk 5 ayı ərzində xarici turizmdən 1 milyard 36 milyon dollar məbləğində gəlir əldə edib. Gürcüstan Milli Bankının hesabatına görə, bu dövrdə ən çox gəlir 246 milyon dollar olmaqla may, ən az gəlir isə 157 milyon dollar olmaqla yanvar ayının payına düşüb(APA).


Qeyd edim ki, yanvar-may aylarında Gürcüstana 2 milyon 834 min 576 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da ötən ilin eyni göstəricisindən 13,6 faiz çoxdur. Gürcüstanda bu il əcnəbi ziyarətçilərin sayının 8 milyon nəfər, turizmdən əldə olunacaq gəlirin isə 3 milyard dollardan çox olacağı proqnozlaşdırılır.

Bütün bunlara gürcülər xidmətin səviyyəsini yüksəltməklə, ödənişləri maksimum azaltmaqla nail olublar. Bizdə isə nə xərci azaldırlar, nə keyfiyyəti yüksəldirlər. Buna görə də vətəndaşlarımız ucuz və keyfiyyətli istirahət üçün Gürcüstana axışır. Belə ki, bu ilin beş ayında qonşu ölkəyə səfər etmiş  əcnəbilərin 485 min 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

“Keyfiyyətli xidmət” anlayışı, sanki cəmiyyətimizə yaddır. Nə bağçada uşaqlarımızı etibar etdiyimiz tərbiyəçilər, nə orta, ali məktəblərdəki müəllimlər bu haqda düşünürlər. Qatar bələdçisindən tutmuş, kafe-restoranlardakı ofisiantlara qədər, demək olar ki, bütün xidmət göstərənlərimiz “keyfiyyət” anlayışından xəbərsiz görünürlər.

Bizə gördüyümüz hər işdə keyfiyyət parametrlərini öyrənmək, öyrəndiklərimizi də işimizə tətbiq etmək bu gün hər şeydən daha çox lazımdır. Əks halda, heç bir sahədə yüksək nəticə əldə edə bilməyəcəyik...