Siqaretlərindən burulan duman şəhər deyibən çıxdıqları kənd yollarının toz-dumanına bənzəməz; içki şüşələri arxasından süzülən gözləri, qızaran yanaqları eynilə Haqverdiyevin “Mirzə Səfər”ini xatırladar; İçki düşkünü olmalarını əks etdirən fotoları modern təfəkkürün yox, görməmişliyin metafizik aksioması... Neyçün ki, yazdıqları bir qara qəpiyə dəyməz... Dillənəndə necə deyərlər, ağızlarına çullu dovşan sığmayan bu cüvanəzənlər içkiyə meylli olmalarını ədəbi yenilik bilib, harda gəldi peşəkar yazar olduqları ilə qürrələnirlər. “Darvazamızı fələk vurubdu...”- “Mirzə Səfər” yarının lalə yanağı kimi al şərabdan içsə də bu misradan savayı heç nə yaza bilmədi. Bilmirəm, klassikanı inkar edən bu gənclər klassik şairlərin içki fəlsəfəsini nə dərəcədə mənimsəyiblər: hərgah mənimsəsəydilər, fəlsəfi, filan demirəm, laəqəl, elə içdikləri o içki haqda maraqlı nəsə yazardılar...
Öz ədəbiyyatımızdan misal çəkəcəm: Seyid Əzim Şirvaninin, Mikayıl Müşviqin, Vahidin, Əli Kərimin və başqalarının da içki ilə necə deyərlər, arası saz olub. Lakin bu adamlar içki şüşələri ilə poz verməyiblər, beyinləri yazarkən siqaret dumanı kimi dumanlanmayıb. Yazdıqlarını içkinin təbliğatı kimi dəyərləndirə bilərdik, əgər Sözə həssaslıqla yanaşmasaydılar. Gəlin, Seyid Əzimin içkiyə münasibətinə nəzər yetirək:
“Kim ki istər özünü sərvəri-əyyam eləsin,
Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.”
Və ya
“Binayi-zöhdümü mey seyli birlə abə verin,
Satın bu xirqəvü-səccadəmi şərabə verin...
Vəsiyyətim budu, Seyyid, vəfatım olduqda
Nə qalsa məndən, onu vəqf edin, şərabə verin.”
Bundan artıq içkinin təbliğatı olarmı? Yox! Əlbəttə, yox! Amma gəlin, görək, şərab şüşələri ilə poz verən, ölümünə içdikləri haqda mənasız statuslar yazan həmin şairlər içki haqda poetik fikir ifadə edən nəsə yaza bilirlərmi? Yenə də yox! Səbəblərdən danışmamış, başqa nümunələrə baxaq. Füzuli nə deyirdi?
“Ey əsiri-dami-ğəm, bir guşeyi-meyxanə tut!
Tutma zöhhadın müxalif pəndini, peymanə tut”
Vahidi də xatırlayaq:
“Gərçi dərd əhli içir badəni can sağlığına,
İçirəm mən onu bir afəti-can sağlığına.”
Yaxud,
“Şərab ola, mən olam, bir də nazlı dilbər ola,
Bir özgə aləmi vardır, əgər müyəssər ola.”
İndi haqq dünyasında olan şairlərdən biri içki masasından ayrılan kimi hətta belə bir söz deyərmiş: “Ayılmaq təhlükəsi var.”
Çox adam içki içir. Sadəcə, şairlər içəndə yazacağı mövzunu yaşayırlar. Şairin içki içərkən maraqlı nəsə yazmağı absurddur. Bu da var ki, insan içəndə Sözə və Allaha yaxın olur. Hədislərdə o da vurğulanır ki, peyğəmbərlərdən sonra şairlər gəlir. Yenə Seyid Əzimə dönək:
“Mən də peyğəmbəri-namürsəliyəm Şirvanın”.
İzaha zərurət var: “Mən də bu Şirvanın yalançı-peyğəmbəriyəm.” Yəni şairəm... Bizim cavanlar isə qəzetlərdən, saytlardan qazandıqları 5-3 manatı içkiyə, siqaretə verib daxili aləmlərini də daxili orqanları ilə birgə zədələməkdə; yalqızlıq, dörd divar, içki, siqaret komplekslərinin əsirinə çevrilməkdə... Ortalıqda isə... içkiyə meylliliyin sübutu olan boz-bulanıq fotolardan savayı heç nə yox...
Son xəbərlər
Son Xəbərlər