6 saatlıq yolu ayaq üstə gedən xanımlar... - Bir yerə iki bileti kim satıb?

-6-saatliq-yolu-ayaq-uste-geden-xanimlar
Oxunma sayı: 6444

Rayonla əlaqəsi olan Bakı sakinləri üçün bayramın gözəlliyi avtovağzala ayaq basana kimidir. Nə olsun ki, bu barədə çox şikayət olunub, hər şey yenə eynidir: On qat baha satılan biletlər, gecikən avtobuslar, yer üstündə yaranan davalar. Bir sözlə, yenə əsəb, yenə qanqaraçılıq...

"Qafqazinfo"nun əməkdaşı da bayramı qeyd etmək üçün Qax rayonuna gedərkən bir sıra problemlə üzləşib.

Əvvəlcədən səfər tariximiz məlum olduğu üçün, biletimizi 10 gün öncə online almışdıq. Onu da deyək ki, online bilet alışı həm vaxtınıza, həm də büdcənizə qənaətdir. Məsələn, gediş haqqı 6 manat 43 qəpik olduğu halda, kassada sizdən 7 manat 50 qəpik, 8 manat tələb edirlər. Birbaşa avtobusda yer yazdırdıqda isə bu qiymət 10 manata kimi yüksəlir. Biz qaydalara uyğun olaraq avtobusumuzun yola düşməsinə yarım saat qalmış avtovağzalda olsaq da, avtobusdan əsər əlamət yox idi. Əslində, Qax avtobusu var idi, ancaq bilet alanlar üçün yox, birbaşa sifariş edənlər üçün nəzərdə tutulmuşdu. Səbəbini biz çox soruşduq, onlar az danışdı. Sadəcə bir söz deyildi ki, təmirdədir, gəlir.

Biletdə yola düşmə vaxtı: 17:50. Saatımız isə 18:10 göstərir və avtobus hələ də gözə görünmür. Başda jurnalist olduğumuzu deməsək də, bir neçə sərnişinin mediaya "şikayət edəcəyəm" deməsilə özümüzü tanıtmalı olduq. Belə ki, biz də müdaxilə edəndə aləm dəydi bir-birinə. O qarışıqlıqdan bir o yadımızda qaldı ki, sürücü hamımızın qaxlı olduğunu xüsusi vurğulayıb bizim üçün bir də rayondan göndərilən sovqatı gətirməyəcəyi ilə hədələyirdi.

"Yuxarı"ya zəngdən sonra axır avtobusumuz gəldi. Qeyd olunan vaxtdan 45 dəqiqə sonra, düz 18:35-də yola düşdü. Özü də necə yola düşdü...

"6 saatlıq yol, ayaq üstə gedən xanımlar"

Yerimizi təzəcə rahatlamışdıq ki, bu dəfə dava yer üstündə başladı. Sən demə, avtobusda 43 yer olsa da, 47 bilet satılıb. Özü də tənbəllik etməyib avtobusda mövcud olmayan 47-ci yerə 2 bilet satılıb. Sərnişinlərin dediklərindən elə anladıq ki, yaşanan bu hal ilk dəfə deyil. Çarə də belə tapıldı:

"Arıq qızlarsız, sıxışın bir az bu bacı da əyləşsin. İnsanlıq ölməyib ki, bu dəfə üç nəfər gedin".

İşbazlığın üzü qara olsun, 60 kiloluq qızlara arıq-marıq dedirtdirir. Nə deyə bilərik, hər dəfə bu halı yaşadanların insanlığı ölsə də, bizdə ölməyib. Birtəhər sıxışıb avtobusun 47-ci yerini yaratdıq. Ortada əyləşə bilməyənlər də ayaq üstə yola davam etməli oldu.

Budur, xoş gəlmisiniz sözləri və Qax rayonunun simvolik girişi. Çətin də olsa, gecə saat 01:20-də sağ salamat gəlib çatdıq. İndi də qayıtmaq gözümüzdə oturub. Bu yazı yayımlandıqdan sonra həmin sürücü yəqin nəinki rayondan bizə göndərilən sovqatları, heç bizi də aparmaz.

Günel Hacı