Eldar Mahmudovun adamı İspaniyaya qaçdı

-eldar-mahmudovun-adami-ispaniyaya-qacdi
Oxunma sayı: 11917

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri Avropaya qaçıb.

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın yaydığı məlumata görə, sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevin Azərbaycanı tərk etdiyi deyilir. Bildirilir ki, o, oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir.

Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-in “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş.

Noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Hadisənin şahidi olan qonşuların verdiyi məlumata görə, onun evindən xeyli daş-qaş, qızıl zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.

Qəzet yazır ki, verilən məlumata görə, “Akula Akif” əsasən MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev və nazirliyin yüksək rütbəli zabiti Elşad Mahmudovla “işləyirmiş”. O, həbs olunacağından qorxduğu üçün nazir vəzifədən çıxarıldıqdan dərhal sonra Azərbaycandan qaçıb.