11 ildən sonra... - Fotosessiya

11-ilden-sonra
Oxunma sayı: 11495

Rəngarəng rəqslər, mahnılar, şeirlər, təbriklər... Bunlar onbirincilərin “Son zəng” proqramının bir hissəsidir. Yanvardan bəri bir-birini əvəz edən sınaq, buraxılış və qəbul imtahanların ağırlığı da məzunların bayram hazırlığına mane olmayıb. Onlar sevinc, həyəcan və ümidlə hazırladıqları nömrələrlə sonuncu zənglərini ən gözəl xatirəyə çeviriblər.  

“Qafqazinfo” paytaxtın 200 nömrəli tam orta məktəbində - Məktəb, Lisey Kompleksində onbirincilərin “Son zəng” tədbirini izləyib.

Məzunların çoxu sevinsə də, kövrələnlər, ağlayanlar, həyatlarındakı bu ilk kiçik fasilədən çaşqın qalanlar da var. Çünki on bir ildə onlara qucaq açan, bilik verən, ən xoşbəxt, ən kədərli günlərinə şahidlik edən təhsil ocağından, müəllimlərindən, sinif yoldaşlarından ayrılırlar. Qarşıda daha böyük imtahanlar, daha çətin və müstəqil həyat gözləyir. Bir sözlə, bu gün məzunlar üçün sevinclə kədərin bir-birinə qarışdığı gündür.

Öz xoş günlərinin sevincini bizimlə bölüşən məzunlar illərin doğmalaşdırdığı sinif yoldaşları və müəllimləri üçün darıxacaqlarını dilə gətiriblər. Bu “Son zəng” onbirincilərin yaddaşında həm də xoş arzular günü kimi qalacaq. Çünki bu gün onları əvəz edən birincilərin, sinif yoldaşlarının, xüsusən də müəllimlərinin bəlkə də, bu illər ərzində demədikləri ən xoş sözlərini, ən gözəl arzularını dinləyiblər. 

Məktəbin “Son zəng” tədbirindən çəkilmiş fotoşəkilləri təqdim edirik:

Gülnar Əliyeva

Fotolar: Müzəffər İsmayılov