“Hazırda təhsil aldığım məktəbdə bir oğlan var. Professional döyüşlə məşğuldur. Dəfələrlə məktəbdə kimisə döyüb və hətta xəstəxanalıq hala gətirib”.
Bu sözləri aktivist Sənay Yağmur sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, hətta sözügedən yeniyetmə dava zamanı bir uşağın başına daşla vurub və aldığı zərbədən kəllə sümüyündə ciddi zədələnmələr olub:
“Deyilənə görə, üzərində kəsici alət gəzdirir. İşin başqa bir dəhşətli tərəfi də odur ki, buna heç kim nəzarət etmir. Biri məktəbə bombayla da girsə, heç kimin ruhu duymayacaq. Oğlan məktəbdə törətdiyi hadisələrə görə bir ay müddətində ev dustağı da olub. Təhsil Nazirliyi bu və bu kimi uşaqlar ilə bağlı sözsüz ki, nəsə etməlidir. Bu tip uşaqlarla ciddi şəkildə psixoloq məşğul olmalı və aqressiya problemi olan uşaqlar ilə bağlı xüsusi qurumlar yaradılmalıdır ki, qurum bu tip şagirdlər ilə davamlı məşğul olsun. Amma bizim məktəblərdə belə bir mexanizm yoxdur”.
Sözügedən 115 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbdə şagirdlərarası münasibətlər normal səviyyədədir və bu baxımdan nəzarət tədbirləri davamlı xarakter daşıyır. Məktəbdaxili nizam-intizam qaydalarına uyğun olmayan davranış aşkar olunarsa və ya müvafiq hallarla bağlı hər hansı müraciət edilərsə, dərhal məktəb rəhbərliyi və psixoloq tərəfindən profilaktiki tədbirlər görülür.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələnin araşdırılacağını və tədbir görüləcəyini qeyd edib: “Qeyd etdilmiş məktəb və şəxslə bağlı Təhsil Nazirliyinin Qaynar xəttinə müraciət edilməlidir. Biz müvafiq qaydada araşdırdıqdan sonra ictimaiyyəti məlumatlandıracağıq.Təşəkkür edirəm ki, problemli məsələ ilə bağlı yazılıb”.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər