“170 min dolları onun gözü qarşısında Hicran Hüseynovaya verib”

170-min-dollari-onun-gozu-qarsisinda-hicran-huseynovaya-verib
Oxunma sayı: 11143

Vəkil Adəm Məmmədov Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi açıqlamanı təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, hüquqşünas modern.az-a şöbə müdirinin onun barəsində səsləndirdiyi fikirlərin tamamilə yalan olduğunu deyib. O, bildirib ki, bu məsələ ilə bağlı adıçəkilən Komitədə olmayıb.

“Mən hüquqlarını qoruduğum şəxsin iddiasını müdafiə edirəm. Şikayətçi bildirib ki, 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri Səfər İmanov onun gözünün qarşısında Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya verib. Bu barədə müvəkkilimdə tutarlı dəlillər var. Hətta Səfər İmanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var”.

A.Məmmədov şikayətçi şəxsin öz ərizəsində Səfər İmanovla Hicran Hüseynovanın yaxın qohum olmasını da qeyd edib: “Sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər eyni motivlə zərərçəkmələri barədə müraciət edib. Lazım gələrsə, bu faktları da açıqlayacağam”.

Xatırladaq ki, məsələ ilə bağlı Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin açıqlamasına görə, Səfər İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov adıçəkilən qurumda olub. Bildirilib ki, A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 5-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - deyə Dövlət Komitəsindən bildirilib.